Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2973/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil ona 1990-cı ildə işlədiyi “Sumqayıt Üzvi Sintez” zavodu tərəfindən verilmişdir. Həmin mənzilə görə ona 1995-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh onun oğlunun həyat yoldaşı olmuşdur (keçmiş gəlini). X4 ilə Cavabdeh arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(060)-4240/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh həmin ünvanda yaşamır. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı izahat verərək, Cavabdeh 2005-ci il tarixdə onun oğlu X4 nikaha girdiyini, onların 2005-ci ildən başqa ünvanlarda yaşadığını, 2015-ci ildən isə sözügedən mübahisəli mənzildə yaşadıqlarını və onların nikahına 2020-ci il tarixdə xitam veridliyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilinin mülkiyyətçisi 17.03.1995-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq Sumqayıt şəhər texniki iventarlaşdırma bürosu dövlət reyestrində 14 nömrəli kitabda qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4240/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 28.02.2005-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. - 22.04.2021-ci il tarixli AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt “ASAN xidmət” mərkəzinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubdan görünür ki, Cavabdeh 15.03.2010-cu ildən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı 22.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Səhəsinin 455 nömrəli arayışından görünür ki, Cavabdeh, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilində yaşamır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Səhəsinin 08.04.2021-ci il tarixli, 57 saylı aktından görünür ki, Cavabdeh həqiqətən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilində 2020-ci ilin mart ayından yaşamır. Qeyd olunanları X2, X3 və X1 öz imzaları ilə təsdiq etmişdir. - 05.05.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubdan görünür ki, 15.03.2010-cu ildən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzil 17.03.1995-ci il tarixdən İddiaçı məxsusdur. Cavabdeh onun oğlunun həyat yoldaşı olmuşdur (keçmiş gəlini). Cavabdeh 2015-ci il tarixdən sözügedən mübahisəli mənzildə yaşamışdır. X4 ilə Cavabdeh arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(060)-4240/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh həmin ünvanda yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən qaynatanın gəlin qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının keçmiş ailə üzvü və digər qohumu olmadığından, eyni zamanda mübahisəli mənzildə 2015-ci ildən etibarən yaşamağa başladığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, yaşayış sahəsinin mülkiyyətçisi- iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığından və sonuncunun istifadə hüququ dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 21 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2973/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2973/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver