Məhkəmə qərarları › İş №2(060)-30/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-30/2024

16.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-30/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 tərəfindən ona məxsus olan və sahəsi 22.5 m2 təşkil edən Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən torpaq sahəsi üzərində tikilmiş tikilinin onun torpaq sahəsinə düşən 6.2 m2 ölçüdə sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə cavabdehin vəsaiti hesabına qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər, 10-cu mikrorayon ərazisində M.Abdullayev küçəsində yerləşməklə sahəsi 22.5 m2 təşkil edir. Bu torpaq sahəsi ona şəhid qardaşı X2 Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə həlak olduğuna görə ayrılmış, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 376 nömrəli sərəncamı ilə kommersiya obyektinin layihələndirilərək tikinti quraşdırılmasına icazə verilmişdir. O həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə AR Prezident Aparatına müraciət etmiş və həmin müraciət baxılması üçün AR İqtisadiyyat Nazirliyinə göndərilmiş və həmin müraciətə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ona göndərdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğun aparılmış, torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyat aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmiş, lakin sonradan hər iki torpaq sahəsinin icarəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan qeyd edilən torpaq sahəsinin 6.2 m2 hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, ona ayrılmış həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Nəticədə, o, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində təsdiq edilmiş plan, ölçü və eskiz əsasında tikinti işlərini apara bilmir və torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması da mümkünsüzdür. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmiş, vəsatət təmin edilmiş, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işin baxılması müddətinin 2 ay müddətinə uzadılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ərazi onun istifadəsində deyildir. Hər hansı bir tikili də yoxdur. Çıxarışı almamışdırlar. Onu da koordinatlar düz gəlmədiyi üçün ala bilmir. Onun yeri zəbt olunmuşdur. Bildirilmişdir ki, 20 m2 yaza bilmirlər. 14-15 m2 yaza bilirlər. Cavabdehin orada 20 m2 tikili sahəsi var və istifadə olunur. Xeyli müddətdir ki, obyekt kimi istifadə olunur. Çıxarışı isə inzibati məhkəmədə mübahisələndirməmişlər. O, birinci dəfə məhkəməyə gəldikdə ona bildirmişlər ki, inzibatiyə müraciət etməməlidir. Çıxarış düzgün verilmiş, lakin obyekt düzgün tikilməmişdir. Qərarın çıxarılmasını xahiş edir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ərazi cavabdeh tərəfindən istifadə olunmur. Sadəcə anbar kimi istifadə edirlər. Umaxanım şəhid anasıdır. Torpağı olmuş və qızına bağışlamışdır. Xanıma 10 min manat təklif etmiş və üstəlik bildirmişdir ki, azdırsa artırsın. Qarşı tərəfə həmçinin bildirmişdir ki, əgər satırsa birinci onlara satsın. İddiaya etiraz edirlər. Səbəblərini də birinci iclasda demiş və video çəkilişi aparılmışdır. Həmin yerin koordinatları ölçülmüş və çıxarış verilmişdir. Torpaq qeydiyyatdan keçməmişdir. Nə bələdiyyə, nə də İcra hakimiyyəti bu məsələdə günahkar deyildir. Bu gün də həmin koordinatlardan kənar tikilinin tikilməsini təsdiq edən sənəd mütəxəssis rəyidir. Rəy isə saxta olaraq, ona əsaslanmış və yerində baxış keçirməmişdir. Sabah isə nəyin sökülməsini izah edə bilməcəyəkdirlər. Ona görə də iddia tələbini əsassız sayır və rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. 10 mart 2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********05 nömrəli, 16 oktyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində sahibkarlıq məqsədi ilə sahəsi 22.5 m2 olan torpaq sahəsinin 6.2 m2 olan torpaq sahəsinin 6.2 m2 hissəsinin **********87 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşdüyünü və həmin 6.2 m2 fərqin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 2892 nömrəli məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar onlar tərəfindən 15 oktyabr 2020-ci il tarixli, **********89 nömrəli məktubla Sumqayıt şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə sorğu ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********23 nömrəli, 21 sentyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci madəssinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış **********25 nömrəli, 14 iyul 2020-ci il tarixli yerquruluşu planının hazırlanması barədə məlumatdan görünür ki, ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Elektron məlumat bazasında araşdırma aparılarkən məlum olmuşdur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin 6.2 m2 hissəsi **********87 reyestr nömrəli çıxarış ilə üst-üstə düşür. Uyğunsuzluq və ya yüklülük aradan qaldırıldıqdan sonra yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat mərkəzi” MMC-nin Sumqayıt Bələdiyyəsinə ünvanlanmış **********32 nömrəli, 18 mart 2020-ci il tarixli məktuba cavabından görünür ki, Sumqayıt Bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulan 22.5 m2 torpaq sahəsi ümumi istifadədə olan ərazidə yerləşir. Bu səbəbdən yerquruluşu planının hazırlanması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 02 mart 2020-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə cizgidə göstərilən torpaq sahəsi, aidiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Əgər ayrılması nəzərdə tutulan torpaq sahəsində əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa, həmin xətt sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılmalıdır. Torpaq sahəsinin ayrılması barədə qərar verildikdən sonra Sifarişçi Memarlıq və Şəhərsalma İdarəsindən müvafiq sənədlər və inşaat pasportu almalıdır. Sifarişçi tikintini Memarlıq və Şəhərsalma idarəsi nəzdində Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçirməlidir. Bütün bunları nəzərə alaraq göstərilən şərtlər daxilində Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, 10-cu mikrorayon, ərazisində sahibkarlıq məqsədi ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olaraq 22,5 (iyirmi iki tam, onda beş) m2 torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. Torpaq sahəsinin ayrılması barədə qərardan iki nüsxə Memarlıq və Şəhərsalma İdarəsinə təqdim olunmalıdır. Rəyin müddəti bir ildir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Q-87/3-032/2 nömrəli, 11 dekabr 2019-cu il tarixli İddiaçı ünvanlanmış ərizəyə cavabdan görünür ki, şəhər Memarlıq və şəhərsalma idarəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçilərinin iştirakı ilə ayrılmış sahəyə yenidən baxılmış, hazırda məsələnin müsbət həlli istiqamətində iş aparıldığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 13 yanvar 2020-ci il tarixli, 02/08-PA/Q-56-57 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavabından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanan müraciətə əlavə olunmuş fotoşəkillər əsasında Komitənin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və M.Abdullayev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında (9,0 metr məsafədə) qeyri-yaşayış obyektləri sırasının olduğu müəyyən edilmişdir. Tikintisi planlaşdırılan qeyri-yaşayış obyektinin arxa hissəsində birinci mərtəbədəki mənzillərin təbii işıqlanmasının nəzərə alınmasını və həmin mənzillərin sakinləri ilə razılaşdırılması şərti ilə 22,5 m2 torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Q-26-039 nömrəli, xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ona ayrılmış torpaq sahəsindən digər şəxs tərəfindən 0,9 metr torpaq sahəsi zəbt olunaraq obyekt inşa edilmişdir. Memarlıq və Şəhərsalma idarəsinə müraciət etmiş digər şəhid ailəsi X4 da müraciəti əsasında yerində təkrar baxış keçirilərək hər birinə əlavə məlumatın veriləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59 nömrəli, 20 avqust 2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğun aparılmışdır. Torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyatda aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Lakin sonradan hər iki torpaq sahəsinin icarəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan, qeyd edilən torpaq sahəsinin 6,2 m2 hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə müəyyən olunmuşdur ki, həmin əraziyə dair qonşular tərəfindən iddia vardır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinə aid inşaat pasportunun surətindən görünür ki, şəhid bacısı İddiaçı sifarişçi olmaqla, 10-cu mikrorayon ərazisində təyinatı isə kommersiya obyektinin layihələndirilərək tikintiquraşdırılması məqsədi ilə sahə verilmişdir. Qeydiyyat nömrəsi 3 olmaqla xx.xx.2009-cu il tarixdə iş hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamından görünür ki, şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikinti-quraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutaraq qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m2 torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılmasına icazə verilmişdir. Obyektin layihələndirilməsi dövrü başa çatdıqdan sonra mövcud sərəncam inşaat pasportu, işçi layihə, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti-quraşdırma işlərinin aparılması üçün əsasdır. İş materiallarında texniki pasporta əlavə olunmuş mövqe planını və ümumi hissəni əks etdirən sxemlər və cədvəllər mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin 18 nömrəli, 17 yanvar 2007-ci il tarixli Sumqayıt şəhərinin baş memarı cənab B.Həsənzadəyə ünvanlanmış müraciətə cavabdan görünür ki, şöbə şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzədə tutulan torpaq sahəsini obyektin ətrafında yaşıllaşdırma və abadlaşdırma işləri aparılması şərti ilə razılaşdırmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Memarlıq və Şəhərsalma İdarəsinə ünvanlanmış ******* nömrəli, 26 fevral 2008-ci il tarixli məktuba cavabından görünür ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində kommersiya obyekti tikintiquraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsindən Sumqayıt Elektrik Şəbəkə Rayonunun balansında olan 0,4-6-19 kV-luq kabel və hava elektrik veriliş xətləri keçmir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 18 yanvar 2008-ci il tarixli rəyindən görünür ki, tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində ticarət obyektinin layihələndirilməsi üçün ayrılmış ..... 0,002 ha torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericilik və normativ aktların o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “ictimai bina və qurğular” TN və Q-nin, 2.01.02-85 “yanğına qarşı normalar” TN və Q-nin, “EQQQ”-nin, “tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları” –nın (YTQ 05- 86) tələblərinə, yəni ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı, mövcud bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi, şərti ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs Cavabdeh2, hüququ yüklü edilən şəxs Sumqayıt Şəhər Bələdiyyəsi olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 0.002 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) olmaqla xx.xx.2012-xx.xx.2027-ci il tarix aralığında ********** nömrə ilə xx.xx.2018-ci il tarixində yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN seriyalı, 221169 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsi, Torpaq sahəsinin planı və ölçüsü, 010747, xx.xx.2012, Sumqayıt “ASAN xidmət” mərkəzi notarius Əhmədli B.M şəhadətnamə 100 nömrə, bağışlama müqaviləsi, 3M-86, xx.xx.2018-ci il tarixli olan müqavilə olmuşdur. İş materiallarında olan 007657 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 müddətsiz olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 22 may 2023-cü il tarixli, 3-21-3-31/2-1676/2023 nömrəli müraciətə cavabdan görünür ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmadığı üçün, torpaq sahəsinə dair bazar məlumatlarının və qeyd olunan sənədlərin surətinin göndərilməsinin mümkün olmaması bildirilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus tikili ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmir, torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsü 29,8 kv metr təşkil edir (yerləşmə yeri ortofotoda qeyd olunmuşdur). İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyən edici sənəd mövcud olmadığından müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7603 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-3138/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 məxsus tikilinin ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmədiyi və torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsünün 29,8 m2 təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 m2 tikilinin 4.64 kv.metr hissəsi İddiaçı ayrılmış torpaq sahəsinə düşür. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m2 ölçüdə sərhəddi aşmışdır. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmir. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/294 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-393/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 kv.metr tikilinin 4.64 kv.metr hissəsinin İddiaçı ayrılmış torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikilinin sağ tərəf istiqamətində 6.8 kv.metr ölçüdə sərhəddi aşdığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat olmaqla, ümumillikdə 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamına əsasən şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikinti-quraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutaraq qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m2 torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikintiquraşdırılmasına icazə verilmişdir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin 4,64 kv.m. hissəsini qanunsuz zəbt etmişdir. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m2 ölçüdə sərhəddi aşmışdır. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini bir hissəsini zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16- 16/2-10/294 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 kv.metr tikilinin 4.64 kv.metr hissəsinin İddiaçı ayrılmış torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikilinin sağ tərəf istiqamətində 6.8 kv.metr ölçüdə sərhəddi aşdığı müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli torpaq sahəsi üzərində tikilmiş tikilinin onun torpaq sahəsinə düşən 6.2 m2 ölçüdə sökülməli və cavabdehin faktiki istifadəsində olan iddiaçıya məxsus 22,5 kv metr torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən 22,5 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikilinin iddiaçının torpaq sahəsinə düşən 6.2 m2 ölçüdə sökülməli və həmin ərazi Cavabdeh2 vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə habelə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul Cavabdeh2 alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən 22,5 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikilinin iddiaçının torpaq sahəsinə düşən hissəsi 6.2 m2 ölçüdə sökülsün və həmin ərazi Cavabdeh2 vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat Cavabdeh2 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar