Məhkəmə qərarları › İş №2(060)-3007/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3007/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3007/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab etmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanından istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 54A saylı evin, 12-ci mənzilin mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən 08.08.2012-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarış təsdiq edir. Mənzili alqı-satqı yolu ilə almışdır. Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvidir. Cavabdehin qeydiyyatı faktiki formal xarakter daşıyır. Qeydiyyatdan çıxması ilə bağlı Cavabdeh tərəfindən ondan 2 ay möhlət istənmişdir. Lakin bu məsələ bu vaxta qədər öz həllini tapmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün əlavə xərclər və mənzilinə dair hər hansı bir hüquqi əməliyyatın aparılmasına maneçilik törədir. Göstərilənləri nəzərə alaraq, cavabdehin ona məxsus ünvan 1 ünvanından istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Sumqayıt şəhər 16 saylı mənzil-istismar sahəsinin möhürü ilə təsdiq edilmiş məhkəmə bildirişindən görünür ki, bildiriş alınmamışdır. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 08.08.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin “ 2 №li forma” arayışından görünür ki, ünvan 1-nin sahibi İddiaçıdır. Cavabdeh həmin mənzildə müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 18.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, N.Nərimanov küçəsi, döngə 1, ev 5, mənzil 6da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı ünvan 1-ni alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54A-da yerləşən 12 saylı mənzildə yaşamadığını və özünə məxsus əmlakını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ya istifadə hüququ olmayan şəxs hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-ya istifadə hüququ olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar