Məhkəmə qərarları › İş №2(060)-301/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-301/2024

16.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-301/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Superfosfat ASC-yə qarşı sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin ödənilməsi (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 300 manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın, həmçinin ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında 566,50 manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın, həmçinin ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" zavodunda sulfat turşusu sexində avadanlıqların təmiri üzrə baş usta vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuşdur. İstehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsi zavod üzrə xx.xx.1999-cu il tarixli, 2 saylı aktla təsdiq edilmişdir. "xxxx" zavodu iddiaçıya əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə, əmək xəsarəti almamışdan əvvəl olan 600 (altı yüz) manat məbləğində olan orta əmək haqqı nəzərə alınmaqla aylıq ödənişləri ödəmişdir. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticəsində müəssisə "xxxx" Acıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəllşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vürulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınması təklifi ilə müraciət etmişdir. Lakin cavabdeh cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versə də, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə sağlamlığına vurulmuş zərərin ödənilməsindən boyun qaçırır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 izahatında göstərdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. xx.xx.2001-ci il tarixdən zavod özəlləşdirilməyə verilmiş və buna görə də həmin ödənişlər dövlət büdcəsi hesabına ödənilmiş, xx.xx.2022-ci il tarixdə müəssisənin özəlləşdirilməsi başa çatdığından həmin ödəniş dayandırılmış və iddiaçıya aid müvafiq sənədlər cavabdeh təşkilata göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq qanunvericiliyin müəyyən etdiyi normalara uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsininin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, iddiaçının sağlamlığına vurulmuş zərər cavabdeh Sumqayıt Superfosfat ASC tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh təşkilatın nümayəndəsi iştirak etməmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəçinin müavinətinin verilməsi məsələsi müsbət həll olunacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 Məkan Mahal oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 250 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-0 seriyalı, № 802143 saylı arayışın surətindən görünür ki, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətini itirdiyinə görə müddətsiz 3-cü qrup əlildir. - xx.xx.1999-cu il tarixli, istehsalatda bədbəxt hadisə haqqında 2 saylı aktın surətindən görünür ki, Sumqayıt Superfosfat zavodunda avadanlıqların təmiri üzrə böyük usta vəzifəsində çalışan İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsinə zədə alaraq əmək qabiliyyətini itirmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin əsas fəaliyyətinin də aid olduğu “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-sentyabr aylarında 1225,4 manat təşkil etmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü ildə ölkədə minimum aylıq əmək haqqı 345 manat müəyyən olunmuşdur. - SOCAR “Azərikimya” İstehsalat Birliyinin iddiaçının vəkili Nümayəndə1 nəqliyyat üzrə direktor müavini, aparıcı mühəndis və sair vəzifələrə aid 2022-2023-cü illəri əhatə edən dövrdə orta aylıq əmək haqqı barədə arayışın verilməsinə dair sorğusuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müəssisədə mövcud olan fəaliyyət göstərən avadanlıqların təmiri üzrə baş usta vəzifəsi üzrə orta aylıq əmək haqqı 1133,60 manatdır. Həmin məktubda, göstərilən vəzifələrdən yuxarı vəzifə və onun əmək haqqısının olması barədə məlumat bildirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçıya əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 50% itirilməsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edilmiş, müəssisənin özəlləşdirilmə müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF tərəfindən aylıq müavinət almışdır. "xxxx" ASC-nin özəlləşdirilməsi xx.xx.2022-ci ildə başa çatdığından, həmin tarixdən aylıq müavinətin ödənişi dayandırılmışdır. Hazırda iddiaçı xəsarət nəticəsində əmək qabiliyyətini itirdiyi üçün cavabdehdən aylıq ödənc və vurulmuş mənəvi zərərin əvəzini tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1126-cı maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənişlər ödənilməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının İ bölməsinin 1.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.2-ci bəndindən görünür ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qərarının İİ bölməsinin 2.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5-ci bölməsinin 5.6-cı bəndindən görünür ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia xx.xx.2022-ci ildən etibarən 566 manat aylıq ödənc tələbi hissəsində əsaslıdır. Belə ki, iddiaçı peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 50%-ni itirmiş, ona müddətsiz (ömürlük) əlillik təyin edilmiş, həmçinin bədbəxt hadisənin baş verdiyi müəssisənin xx.xx.2022-ci il tarixdə özəlləşdirilməsi başa çatmışdır. Məhkəmə, iddiaçının istehsalat zədəsi aldığı müəssisə özəlləşdirildikdən sonra yaranmış səhmdar cəmiyyətdə onun işlədiyi və ya uyğun vəzifə mövcud olmadığından, eləcə də Dövlət Statistika Komitəsinin məktubunda (analoji iş üzrə soruğuya cavab) Kimya sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 1225,4 manat, “Azərkimya” İB-nin məktubunda avadanlıqların təmiri üzrə baş usta vəzifəsinin orta aylıq əmək haqqının 1133,60 manat göstərilməsinə, həmin məbləğlərin 50%-nin müvafiq olaraq 566,8 manat təşkil etməsinə əsaslanaraq, qeyd edir ki, tələb olunan ödənc məbləği (566 man.) iddiaçının müvafiq dövrdə işlədiyi vəzifə üzrə əmək haqqının 50%-dən artıq deyildir. Mənəvi ziyanla tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, sağlamlığını itirmiş ahıl şəxsin praktiki olaraq səhhət durumunun funksional vəziyyətdə saxlanılmasına sərf olunacaq ödəncdən, ödəniləcəyini vəd verərək (cavabdeh iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktubunda “məsələnin” müsbət həll olunacağını bildirmişdir), 1 il 8 ay məhrum edilməsi mənəvi sasıntıya rəvac verən haldır. Həmçinin yaşına görə, eləcə də sağlamlığını çalışdığı müəssisənin rifahına qurban vermiş və onun bu fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmiş, cəmiyyətin həssas təbəqəsinə mənsub olan şəxs kimi iddiaçının diqqət və qayğı unmağa mənəvi haqqı vardır. Lakin, bu münasibətin ondan əsirgənilməsi, hətta qanunla müəyyən edilmiş və əvvəllər, habelə müəssisə özəlləşdirilənədək verilən ödənişdən tutarlı səbəb göstərilmədən verilməsindən imtina olunması İddiaçı mənəvi iztiraba məruz qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə, iddianın mediasiya xərci bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh təşkilatdan iddiaçı tərəfindən ödənilmiş 25 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. AR MPM-nin 112.1.5-ci maddəsinə əsasən iddianın qiyməti müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda— ödəmələrin 3 illik məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsində dövlət rüsumunun məbləği üç illik məcmu ilə müəyyən olunduğu üçün (566,5 x 36 ay = 20394 manat, iddia tələbinin ikinci hissəsində isə mənəvi təzminat üçün 1000 manat tələb olunduğuna görə, lakin həmin hissədə 300 manat ilə iddia tələbi təmin olunduğu üçün ümumillikdə təmin olunmuş tələbin məbləği 20394 +300 = 20694 manat), iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 152,08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 566,5 manat aylıq ödənc ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 300 manat və 25 manat mediasiya xərci tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 152,08 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar