Məhkəmə qərarları › İş №2(060)-3010/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3010/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3010/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Erdem İlhanın, vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Erdem İlhanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Erdem İlhan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 5B/9 saylı evin 29 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 5B/9 saylı evin 29 saylı mənzili Hüquqlarım DƏDRX-nin 2 saylı ərazi idarəsində xx.xx.2019-cu il tarixdə onu adına qeydiyyatdan keçmişdir. 2020-ci ilin iyun ayında onunla yaxın münasibətdə olan dostu mülkiyyətində olan mənzildə yaşamadığı üçün həmin mənzili müvəqqəti olaraq 1 aylığa iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşamaları üçün icazə verməsini xahiş etmiş, o da açarı Nurpaşaya verərək bir ay müddətində həmin şəxslərin mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamalarına icazə vermişdir. Lakin sonra, onların göstərilən müddətdə mənzildən çıxmadıqlarını görüb bir neçə dəfə onların mənzildən çıxmalarını tələb etsə də, mənzildən çıxmaqdan imtina etmişlər. 2020-ci ilin sentyabr ayında yenidən zəng vurub mənzildən çıxmalarını tələb etsə də, cavabdehlərdən Cavabdeh1 bildirmişdir ki, müharibədədir və üzrlü səbəbə görə ailəsini mənzildən çıxara bilmir. Sonradan məlum olnuşdur ki, Cavabdeh1 müharibəyə getməmiş və Sumqayıt şəhərində mülkiyyətində olan mənzildə yaşamağa davam edir. Sonradan COVİD-19 epidemiyası ilə bağlı Türkiyə Respublikasına getməyə məcbur olmuşdur. Qayıtdıqdan sonra yenidən cavabdehlərin mənzildən çıxmalarını tələb etmişdir. Lakin onlar yenə də, çıxmaqdan imtina etmişlər. Polisə və həmin ərazidə yerləşən MİS-ə müraciət edərək həmin şəxslərin mənzildən çıxarılmalarını xahiş etmişdir. 5 nömrəli MİS-in işçiləri xx.xx.2021-ci il tarixdə bununla bağlı akt tərtib etmişlər. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus mənzildən çıxmırlar, bununla da onun mülkiyyətçi kimi hüquqlarını qanunsuz olaraq pozurlar. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, digər Cavabdeh1 onun əridir, o, ailəsi ilə birlikdə həmin mənzildə kirayədə yaşayır. Lakin, 3 aydır əri onun atıb gedib, o, uşaqları ilə birlikdə qalıb, əri onlarla maraqlanmır, onların başqa yaşayır yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “elektron Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 5B/9 saylı evin 29 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Erdem İlhanın adına daşınmaz əmlakın dövlət reyestrində 365 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx xxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, mübahisə predmeti olan mənzil iddaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər heç bir qanuni əsas olmadan həmin mənzildə yaşayırlar və mənzili boşaltmaqdan imtina edirlər. Müəyyən edilmiş bu hallar işin faktiki və mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı «qanun» və «qanuni» anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının cavabdehlərin ona məxsus mənzildən çıxarılmaları barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdehlər tərəfindən mülkiyyətə müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə yaşaması iddiaçıya öz mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 1-ci mikrorayon, 5B/9 saylı evin 29 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil iddiaçı Erdem İlhana təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar