Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3016/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "bağ evindən çıxarılma tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "bağ evindən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-432H saylı şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 hektar olan 4432b saylı bağ sahəsi dörd nəfərdən ibarət ailə üzvləri ilə iddiaçıya məxsusdur. Lakin qonşu bağ sahəsinin istifadəçisi Abdullah Ömər oğlu Musayev və onun ailə üzvləri, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyət hüququnu pozaraq onun bağ sahəsini zəbt etməklə ona və ailəsinə bağ sahəsindən istifadə etməyə imkan vermir, onları bağa buraxmamışlar. X2 Musayev və onun ailə üzvlərinə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər nəticə çıxarmamış, iddiaçı və ailə üzvlərinin göstərilən bağ sahəsinə olan hüquqlarını pozmuşlar. Bununla əlaqədar olaraq iddiaçı Abdullah Ömər oğlu Musayevə və onun ailə üzvlərinə qarşı onun bağ sahəsinə olan hüququnun bərpa edilərək Abdullah Ömər oğlu Musayevin və onun ailə üzvlərinin ona və ailəsinə məxsus bağ sahəsindən çıxarılmaları barədə iddia ərizəsilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 avqust 2002-ci il tarixli, 2-1587/2002 saylı qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilmişdir. Göstərilən qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilmişdir. Lakin qətnamə icra edildikdən 15 il sonra Abdullah Ömər oğlu Musayev ərizə ilə Sumqayət Şəhər Məhkəməsinə müraciət edərək göstərilən qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyi və bu səbəbdən apellyasiya şikayəti verə bilmədiyini əsas göstərərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2017-ci il tarixli, 2-1587/2002 saylı qərardadı ilə Abdullah Ömər oğlu Musayevin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmiş edilməmişdir. Həmin qərardaddan verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2- 1587/2002 saylı qərardadını ləğv etmiş və Abdullah Ömər oğlu Musayevin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 dekabr 2017-ci il tarixdə həmin apellyasiya şikayətinə baxaraq 2(105)-3797/2017 saylı qətnaməsilə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2002-ci il tarixli, 2-1587/2002 saylı qətnaməsini ləğv etmiş, onun Abdullah Ömər oğlu Musayevə və onun ailə üzvlərinə qarşı onun bağ sahəsinə olan hüququnun bərpa edilərək Abdullah Ömər oğlu Musayevin və onun ailə üzvlərinin iddiaçı və ailəsinə məxsus bağ sahəsindən çıxarılmaları barədə iddia tələblərini qismən təmin etmiş, iddiaçının bağ sahəsinə olan hüququnun bərpa edilərək Abdullah Ömər oğlu Musayevin həmin bağ sahəsindən çıxarılması barədə iddiasının təmin edilməsi, sonuncunun ailə üzvlərinin, hazırkı iş üzrə cavabdehlərin isə həmin bağ sahəsindən çıxarılmaları hissəsində isə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Abdullah Ömər oğlu Musayevin ailə üzvlərinin həmin bağ sahəsindən çıxarılmaları hissəsində isə iddianın təmin edilməməsi nəticəsinə gələrkən ona istinad etmişdir ki, iddia tələbi onların mənafeyinə, maraqlarına və onların hüquqdan məhrum edilmələrinə toxunduğu halda, onlar işin məhkəmədə baxılmasına cəlb edilməmiş və nəticədə onların hüquqları pozulmuşdur. Göstərilən qətnamədən Abdullah Ömər oğlu Musayev kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(102)-7475/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18 dekabr 2017-ci il tarixli, 2(105)-3797/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisənin bu qaydada həlli nəticəsində onun və ailə üzvlərinin bağ sahəsində istifadə hüququ öz həllini tapmamışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus olan Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 hektar olan 4432b saylı bağ sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt şəhəri X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 367 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağ massivi, ev 4423-b İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 20 saylı reyestr kitabında 112 nömrə ilə qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2- 1587/2002 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 4423 b saylı bağ üzərində mülkiyyət hüququ bərpa olunmuş, X3 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Saray bağ massivi ərazisində yerləşən 4423 b saylı bağ sahəsindən çıxarılmaları qət edilmişdir.
10. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-3797/2017 saylı qətnaməsinə əsasən, cavabdeh Musayev Abdullah Umar oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2002-ci il tarixli, 2-1587/2002 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Musayev Abdullah Umar oğluna qarşı mülkiyyət hüququnun bərpa edilməsi, bağ evinin boşaldılması və cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması iddiasının qismən təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 4423b saylı bağ sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdeh Musayev Abdullah Umar oğlunun bağ evini boşaldaraq, həmin bağ evindən çıxarılması, İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə bağdan çıxarılması hissəsində iddiasının təmin edilməməsi, iddiaçı Musayev Abdullah Umar oğlunun cavabdeh İddiaçı və qeyrisinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, qeydiyyat vəsiqəsinin ləğv və cavabdehin və onun ailə üzvlərinin bağ sahəsində evdən çıxarılmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7475 saylı qərarına əsasən, cavabdeh Musayev Abdullah Umar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 4423 b saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərin həmin bağ sahəsindən çıxarılmalarını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
16. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
19. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin əmlaklardan istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən cavabdehlər həmin əmlakdan çıxarılmalıdırlar.
22. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 hektar olan 4432b saylı bağ sahəsindən çıxarılmalıdırlar.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 hektar olan 4432b saylı bağ sahəsindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva