Məhkəmə qərarları › İş №2(060)-302/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-302/2024

06.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-302/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə "peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müdddət ərzində "xxxx" zavodunda işləmişdir. Əlverişsiz və zərərli istehsalat sahələrində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuşdur. Peşə xəstəliyi müəyyən olunan zaman onun orta əmək haqqı 600 manat təşkil edirdi. O vaxtdan "xxxx" zavodu iddiaçıya əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticəsində müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh ona ünvanlanmış təklifinə cavab verməmişdir. Cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanunazidd hərəkətləri ilə sağlamlığına vurulmuş zərərinin əvəzini könüllü ödəməkdən yayınır. Bundan əlavə, cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığna vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla iddiaçıya mənəvi zərər vurmuşdur. Artıq bir il beş aydır ki, iddiaçı əvvəllər aldığı müavinətdən məhrum olunmuşdur. Cavabdeh tərəfindən bilərəkdən iddiaçıya çatası ödənişlərinin verilməsindən boyun qaçırılması iddiaçının səhhətinə mənfi təsir göstərir, iddiaçı vaxtlı-vaxtında müalicə oluna bilmir. Bu səbəbdən də mənəvi iztirablara məruz qalır, ərzaq və xidmətlərinin bahalaşması maddi durumunu gündən-günə çətinləşdirir. Buna görə də, cavabdeh iddiaçıya 1000 manat məbləğində mənəvi təzminat ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 360 manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın və 50 manat məbləğində mediasiya qurumuna edilmiş ödənişinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 383,40 manat məbləğində aylıq ödəncin, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın, 50 manat məbləğində mediasiya xərcinin və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində xərcin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron- Xızı regional şöbəsinin nümayəndəsi X3 izahat verərək sözügedən mübahisə ilə bağlı iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 556640 saylı arayışdan görünür ki, İddiaçı peşə xəstəliyi səbəbilə müddətsiz olaraq 3-cü qrup əlildir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bənaınə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. xx.xx.2010-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq, İddiaçı xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 350 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq Ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

11. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müəssisədə mpvcud olan və faliyyət göstərən peşələr üzrə orta aylıq əmək haqqı belədir: 1. Aparıcı mühəndis-1212 manat; 2.Avadanlıqların təmiri üzrə baş usta -1133,60 manat; 3. Aparatçı 5-ci dərəcəli-775,94 manat; 4. Avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər; 5. Elektrik montyoru 4-cü dərəcəli-638,98 manat; 6. Dülgər 6-cı dərəcəli-805,38 manat; 7. Rəngsaz 5-ci dərəcəli-720,51 manat.

12. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş “çilingər” peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların tərəflərindən təqdim edilməsi mümkün deyil. Bununla yanaşı bildirilir ki, "xxxx" ASC-nin əsas fəaliyyətinin də aid olduğu “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvaroktyabr aylarında 1225,1 manat təşkil etmişdir.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02133 saylı X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı cavabdeh müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş, əmək qabiliyyətini itirmək əsası ilə ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh "xxxx" ASC-nin özəlləşdirilməsi xx.xx.2022ci il tarixində başa çatmışdır. Hazırda iddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq ona hər ay 383,40 manat məbləğində ödənişin ödənilməsini, habelə mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminat tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" zavodunda işləyərkən peşə xəstəliyinə tutulmuşdur. Peşə xəstəliyi ilə əlaqədar 3-cü qrup əlildir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi 11 aprel 2022-ci il tarixində tam başa çatmışdır.

20. Azərbaycan Respublikasi Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 04 avqust 2008ci il tarixli Fərmanına əsasən Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

21. Həmin Fərmanın 5.1 və 5.2-ci bəndlərinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

22. Həmin Fərmanın 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

23. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.

25. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

26. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

27. Göründüyü kimi işçi İddiaçı peşə xəstəliyinə tutulması işəgötürənin təqsirli əməli nəticəsində baş vermişdir ki, bu halı da iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı təsdiq edir. Bundan əlavə, müəssisənin özəlləşdirilməsi tam başa çatdıqdan sonra özəl təsərrüfat subyekti kimi fəaliyyət göstərmişdir. Qanunvericiliyin tələbinə görə müəssisənin özəlləşdirməsi başa çatdığı tarixdən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödəncin ödənilməsi təmin olunmalı idi.

28. Məhkəmə qeyd edir ki, ödəncin ödənilməsi qaydası və miqdarı qanunvericiliyin şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

30. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

31. Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.

32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" zavodunda təmir-tikinti sexində çilingər vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən İddiaçı həmin zavodda işlədiyi vaxt aldığı əmək haqqının məbləği, o cümlədən hal-hazırda həmin vəzifədə çalışan şəxslərin orta aylıq əmək haqqı barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilən məlumatdan isə görünür ki, "xxxx" ASC-nin əsas fəaliyyətinin də aid olduğu “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin yanvaroktyabr sentyabr aylarında 1225,1 manat təşkil etmişdir.

33. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Məhkəmə hesab edir ki, iddiaçının tələbi hal-hazırda “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı həddində olduğundan onun tələbi tələbi təmin edilməli, cavabdeh müəssisənin özəlləşdirilmə tarixi xx.xx.2022-ci il tarixdə bitdiyindən həmin vaxtdan başlayaraq hər ay 383,40 manat məbləğində aylın ödənc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

35. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

38. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

39. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

40. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etmədiyindən, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etmədiyindən, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.

41. Məhkəmə bu nəticəyə gələrkən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2022-ci il tarixədək daimi olaraq iddiaçıya aylıq ödənc əvəzinə aylıq müavinət verilməsini də nəzərə alır.

42. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

43. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir.

44. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) da cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

45. Məhkəmə iddia tələbinin “vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində xərcin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

46. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir.

47. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

48. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

49. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 383,40 (üç yüz səksən üç manat, qırx qəpik) manat məbləğində aylıq ödənc alınaraq İddiaçı ödənilməli, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

57. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 383,40 (üç yüz səksən üç manat, qırx qəpik) manat məbləğində aylıq ödənc alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar