Məhkəmə qərarları › İş №2(060)-3038/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3038/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3038/2020 09.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İdiaçının nümayəndəsi X9, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxx» MMC-nin Cavabdeh və qeyrilərinə qarşı “köhnə tikili mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxx» MMC Cavabdeh və qeyrilərinə qarşı “köhnə tikili mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, ümumi sahəsi artırma ilə birlikdə 73,75 kv/m təşkil edən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən, 5/32 nömrəli binanın 10 saylı mənzil sahəsinə 20% əlavə olunaraq yerində tikiləcək binada təmirli mənzilin verilməsi, Cavabdeh, X6, X1 və X7 köhnə mənzildən istifadəyə dair hüquqlarına xitam verilməsi və hər ay 300 manat kirayə haqqı ödənilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt - X11 Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, X16 Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin X16 Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı akt tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələr tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükə vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısa qapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağa materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialla çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisi baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəng daşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətinin keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin açılıb örtülməsi çətinləşmiş və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq Aktda aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmişdir- sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır. Bundan sonra X16 Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” xx xxx 2016-cı il tarixli 130 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxxxxxx” MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxxxxxx” MMC-yə 12624 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı “xxxxxxxx” MMC-nin və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alaraq, X16 Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” xx xxx 2019-cu il tarixli 126 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxxxxxx” MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxxxxxx” MMC-nə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. X14 Hakimiyyətinin Başçısı tərəfindən xx xxx 2016cı il tarixli 130 №-li Sərəncam verilməsindən sonra qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli yaşayış binasının mənzil sahibləri və sakinləri ilə tərəflərindən dəfələrlə görüşlər keçirilmiş və onlara mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif olunmuşdur. Cavabdehlərə bununla bağlı xx xxxx 2020-ci il tarixli bildiriş göndərilsə də, o heç bir təklif ilə razılaşmamışdır. Bununla belə, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli yaşayış binasının mənzil sahiblərinin əksəriyyəti hər iki təklifdən biri ilə razılaşmış və onlarla müvafiq müqavilələr bağlanmışdır. Hazırki mübahisənin predmetini təşkil edən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli yaşayış binasının 10 nömrəli mənzilinin sahibi “xxxxxxxxxx” MMC-nin ədalətli təkliflərini qəbul etmək istəmir və qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli yaşayış binasının söküntüsünə mane olur və eyni zamanda həmin binanın əksər mənzil sahiblərinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasına köçmələrini ləngidir və bu hərəkəti nəticəsində “xxxxxxxx” MMC-yə küllü miqdarda ziyan vurur. Belə ki, tikintinin aparılmasının cavabdehlərin hərəkətləri ilə gecikdirilməsi “xxxxxxxx” MMC-ni yeni tikiləcək çoxmərtəbəli binanın vaxtında alıcılarına təhvil verilməsi öhdəliyinin pozulmasına səbəb olmaqla yanaşı hər ay ödəniləcək kirayə haqqı məbləğinin müqavilə müddətindən artıq ödənilməsinə gətirib çıxartmışdır. xx xxxx 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş aktda tələb olunanların (“Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır”) yerinə yetirilməsinə 4 (dörd) ilə yaxındır ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. Hesab edir ki, hazırki iş üzrə təqdim edilən sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli binada hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbi təmin edilməlidir. X16 Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Sahəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli binanın 10 nömrəli mənzilinin sahibi cavabdeh Sədrəddin Rüsəmova məxsus mənzilin ümumi sahəsi 73,75kv.m təşkil edir və bu sahənin üzərinə 20% artıq sahə gəlinərək yeni tikiləcək binada təmirli mənzilin verilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə yaşamalarına imkan verir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələb işdə olan sübutlara əsasən əsaslıdır və təmin olunmalıdır. X16 Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Sahəsinin xx xxxx 2020-ci il tarixli 190 saylı “ailə tətkibi haqqında” arayışdan məlum olmuşdur ki, Rüstəmov X5 şəhəri 16-cı məhəllədə yerləşən 5/32 nömrəli binanın 10 nömrəli mənzilində cavabdehlər - X10, X3 və X4 ibarət ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32 nömrəli binanın 10 nömrəli mənzilində yaşadığı üçün və eyni zamanda mübahisəli mənzil Sumqayıt şəhərinin inzibati ərazisində yerləşdiyi üçün iddia ərizəsi ərazi aidiyyətinə görə baxılması üçün Sumqayıt Səhər Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Digər cavabdehlər ailə üzvləridir. Hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən təklif onlara məxsus mənzilin real dəyəri deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirakı edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: X16 Hakimiyyəti Başçısının müavini tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində X2 Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, X16 Hakimiyyətinin Başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yaşayış binalarına vizual texniki baxış keçirilmiş, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Elektrik sistemləri təhlükə vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısa qapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağa materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialla çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisi baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəng daşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətinin keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin açılıb örtülməsi çətinləşmiş və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. X16 Hakimiyyəti Başçısının 130 №li xx xxx 2016-cı il tarixli və 126№-li, xx xxx 2019cu il tarixli sərəncamınlar məzmunundan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxxxxxx” MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxxxxxx” MMC-yə 12624 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Qəzalı vəziyyətdə olan 2 mərtəbəli binaların sökülməsi ilə bağlı işlərin aparılmasından irəli gələn məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi “xxxxxxxx” MMC-yə həyalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən, 32/5 nömrəli binanın 10 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 269 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binası qəzalı vəziyyətdə olan yaşayış binası hesab edilmiş, müvafiq icra hakimiyyəti orqanının Sərəncamına əsasən həmin yaşayış binasının söküntüsü və həmin ərazidə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması iddiaçı “xxxxxxxx” MMC-yə tapşırılmışdır. İddiaçı cavabdehin verilmiş təkliflərlə razılaşdmadığını, bununla da mübahisə predmeti olan mənzilin yerləşdiyi qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünə mane olduğunu və bu hərəkət nəticəsində “xxxxxxxx” MMC-yə küllü miqdarda ziyan vurulduğunu iddia edir, iddianın təmin edilməsini tələb edir. Cavabdeh iddiaya etirazə edərək iddiaçı tərəfindən mülkiyyət hüquqlarının pozulduğunu göstərmiş və araşdırılan tələbin mülkiyyətə müdaxilə kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə araşdırılan mübahisə ilə bağlı ilkin olaraq mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarların formalaşmış hüquqi mövqeyə görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyə görə mülkiyyət hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Eləcə də Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. 2-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir və bu qanunla nəzərdə tutulmuş qaydalara uyğun aparılmalıdır. O cümlədən, göstərilən qanunvericilik aktları məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Şərh olunan hüquq nomalarının məzmunundan göründüyü kimi mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu vəzifəsini yerinə yetirmədikdə digər şəxslər, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. İşin hallarından göründüyü kimi mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının qəzalı vəziyyətində olması məhkəmə araşdırmasının predmeti olmamış və bununla bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərar yoxdur. Başqa sözlə qeyd olunarsa, iddaçı qanunvericiliyin göstərilən tələblərinə əməl etməmiş, yalnız müvafiq icra hakimiyyəti tərəfindən verilmiş mövcud Sərəncama əsaslanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən mənzilin sökülməsi yalnız qanunverilicilikdə nəzərdə tutulmuş hallarla bağlı olmaqla eyni zamanda bilavasitə mülkiyyət hüququndan məhrumetməyə yönəlmişdir və həmin əsaslarının mövcudluğundan aslıdır. Buna görə də hazırkı mübahisəyə mülkiyyət hüquqlarından məhrum edilmədən mənzilin sökülməsinin mümkünlüyü prizmasından yanaşılmalıdır. Belə ki, məhkəmənin qənatincə cavabdehin mənzil üzərində mülkiyyət hüququna xitam verilmədən və bu əsasların mövcudluğuna qiymət verilmədən araşdırılan iddia tələbi ilə iddiaçının çıxış etməsi mülkiyyət hüququnun ümumi pirnsiplərinə ziddir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qaldırmış şəxs müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Məcəllənin 4.3-cü, 5.2ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi mövcud qanunvericilik Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması ilə bağlı məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsini nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan iddia tələbi ilə müvafiq icra hakimiyyəti orqanı çıxış etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə işin hallarına sadalanan hüquq normalarına əsasən qiymət verərək bu qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «xxxxxxxx» MMC-nin Cavabdeh və qeyrilərinə qarşı “köhnə tikili mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar