Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3064/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Qasımov X2, Cavabdeh “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixli, 3- 29-71/1-114/2025 saylı əmrin etbarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı iddia irəli sürərək cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixli, 3-29-71/1-114/2025 saylı əmrin etbarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ilin fevral ayından 2025-ci ilin fevral ayınadək Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasının böyük biblioqrafiya ixtisasında işləmişdir. Ali təhsillidir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini bitirmişdir. Sumqayıt Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna görə xx.xx.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının və ştatının ixtisar edilməsi) işdən azad edilmişdir. O, barəsində verilmiş əmrlə razılaşmır. Belə ki, 17 ildən artıqdır ki, Sumqayıt Dövlət Universitetinin elmi kitabxanasında işləyir. Vakant kitabxanaçı ştatı olduğu halda ona ixtisası üzrə iş təklif olunmamışdır. Həmçinin həmkarlar təşkilatının üzvü olsa da bu barədə həmkarlar təşkilatında yığıncaq keçirilməmişdir. Halbuki Əmək Məcəlləsinin 9-cu maddəsinə görə müəssisədə keçirilən yığıncaqlara işçinin dəvət olunmaması işçinin hüququnun pozulması deməkdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Cavabdeh vakant kitabxanaçı ştatı olduğu halda onu işlə təmin etməmiş, kənar şəxsləri həmin ştat üzrə işə dəvət etmişdir. Onu da bildirir ki, məsələ ilə əlqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional şöbəsinə 04 mart 2025-ci ildə müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdeh iştirak etməmişdir. Bunu ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00477 saylı arayış təsdiq edir. Hesab edir ki, cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixli, 3-29-71/1-114/2025 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2008-ci ilin fevral ayından 2025-ci ilin fevral ayınadək Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasının böyük Biblioqrafiya ixtisasında işləmişdir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. Qiyabi təhsil aldığı müddətdə cavabdeh müəssisədə də işləmişdir. Sumqayıt Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna görə xx.xx.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "h" bəndinə əsasən, işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə işdən azad edilmişdir. Barəsində verilmiş əmrlə razılaşmır. 17 ildən artıqdır ki, Sumqayıt Dövlət Universitetinin elmi kitabxanasında işləyir. Vakant kitabxanaçı ştatı olduğu halda ona ixtisası üzrə iş təklif olunmamışdır. Dekabr ayında ona xəbərdarlıq olunmuşdur. Həmçinin həmkarlar təşkilatının üzvü olsa belə, bu barədə həmkarlar təşkilatında yığıncaq keçirilməmişdir. Orada 3 nəfər başqa qeyri-ixtisas təhsilli işçilər qalmışdır. Hesab edir ki, işəgötürən ona qarşı qərəz nümayiş etdirir. Heç bir nöqsanı olmamışdır. Son haqq-hesab fevralın 10-da aparılmışdır, ödəniş gecikdirilmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Qasımov X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ixtisar etmə haqqında işəgötürənin əsaslandırılmış qərarı olmalıdır. İddiaçı 17 ildir, müəssisədə çalışır. Əmək funksiyası kitabların skan olunması olmuşdur. Qəfil qərarla elektronlaşmış kitabxana sisteminin yaradılması işçinin işini itirməsinə səbəb olmamalıdır. İşçi xüsusi təlimlərə cəlb olunmalı idi. İddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Mart ayında çoxsaylı qeyri-iş günləri mövcud olmuşdur.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi kimi, ştatlar ixtisar olunmuşdur. Hazırda 9 nəfər əməkdaş bu vəzifə üzrə çalışır. İddiaçıya 9 iş həftəsi öncədən xəbərdarlıq edilmişdir. Ümumilikdə 2200 manat məbləğində ödəniş olunmuşdur. Elmi müəssisənin təşkilati forması dəyişmiş, Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxs olmuş, xərclərini özü qarşılamağa başlamışdır. Ali təhsil müəssisələrində optimalllaşdırma siyasəti həyata keçirilir. Yekun hesabatda SDU-nun kitabxanası aşağı qiymətləndirilmiş, kitabxanannın elektronlaşdırılmasına başlamışdır. İşəgötürən tərəfindən ixtisar zamanı elektronlaşma prinsipləri əsas götürülmüşdür. İddiaçıya hər iş həftəsində bir gün yeni iş axtarması üçün şərait yaradılmış, məşğulluq orqanına məlumat verilmişdir. Əmək müqaviləsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin ölçülməsi işəgötürənin səlahiyyətindədir. İşəgötürən tərəfindən müsahibələr təşkil olunmuşdur. Müsahibələrin nəticələri rəsmiləşdirilməmişdir. 2025-ci ilin ştat cədvəlinə nəzər salınsa, orada biblioqraf vəzifəsinin olmadığı görünür. İxtisar olunmayan 9 nəfər barəsində sənədləri məhkəməyə təqdim edə bilər. Qalan 5 nəfərin hamısı ixtisar olunmamışdır. Onlardan birinin elmi dərəcəsi olduğuna görə müəllim kimi fəaliyyət göstərir. SDU PHŞ-nin nizamnaməsinə əsasən, PHŞ-nin vəsaitinin işçilərin ştat cədvəlinə uyğun səmərəli istifadəsi rektorun vəzifəsidir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən işçi üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar işəgötürən tərəfindən təmin edilmişdir. İddiaçının ali bakalavr diplomunun olması onun peşəkarlıq səviyyəsini müəyyən etmir, onun ixtisaslılığını qiymətləndirmək işəgötürənin hüququdur. Böyük biblioqrafın yeni elektronlaşmış kitabxana prinsiplərinə uyğun olmadığı aşkar olunmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında müsahibənin keçirildiyini qəbul etmişdi. İşçinin yerinə heç bir işçi götürülməmişdir. Onun əsas gördüyü iş kitabların skan edilməsi olmuşdur, əmək funksiyalarından kənar işləmişdir. Hazırda müəssisədə böyük biblioqraf vəzifəsinə ehtiyac yoxdur. SDU PHŞ-nin gəlirləri məhduddur. 25-30 il əmək stajı olan şəxslərin vəzifələri də ixtisar olunmuşdur. Müsahibələrdən sonra daxil olmuş işçilərin daha iki ay işləmək imkanları olmuşdur. İddiaçıdan sonra müsahibəyə daxil olmuş Turan Məmmədov rus dilini sərbəst bilir və Outlook proqramında işləməyi bacarır. Həmin proqram vasitəsilə tələbələr kitabxanaya sorğular göndərirlər. Kitabxanada işləmək üçün Safari Browser, Exel, Outlook proqramları tələb olunur. Böyük biblioqraf vəzifəsinin vəzifə təlimatında Outlook proqramı ilə işləməsi nəzərdə tutulmamışdır. Müsahibə əsnasında işçilərə elektron universitetə daxil olmaları tapşırılmış, bir çoxu bunu bacarmamışdır. Kitabxanaçının vəzifə təlimatların Outlookla işləmək yoxdur. Vəzifə təlimatları köhnə olduğundan orada bu tələblər yazılmamışdır. xx.xx.2025-ci il tarixdən iddiaçı məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı 32 gün sonra məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ilkin mediasiya sessiyası üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixədək mediasiya prosesi davam etmiş, həmin gün imtina verilmişdir. 2 ay ərzində kollektiv işləyiblər və bu prosesdə işçilərlə bağlı qərar verilmişdir. Xatirə xanımın müsahiəyə cəlb olunmamasının səbəbi onun elmi dərəcəsinin olması, başqa vəzifəyə keçməsilə əlaqədar olmuşdur.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar: İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. X5 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
7. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt Dövlət Univeristetində “Kitabxana” şöbəsində kitabxanaçı vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən həmin şöbədə əmək müqaviləsi ilə biblioqraf vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsinin 19 fevral 2025-ci il tarixli, 3-29-71/3-1-114/2025 saylı əmrindən görünür ki, İddiaçı Nxxxxxxx000105, xx.xx.2009-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq 10 ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə 44 təqvim gününün pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas kimi Elmi Şuranın xx.xx.2024-cü il tarixli qərarı və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli razılığı göstərilmişdir.
9. Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli 18 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir.
10. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin rəhbər-inzibati, tədris köməkçi və xidmətedici heyətinin 01 yanvar 2024-cü il üçün ştat cədvəlinin surətindən görünür ki, müəssisədə 2024-cü il üzrə 1 Baş kitabxanaçı, 2 böyük kitabxanaçı, 1 böyük biblioqraf, 1 biblioqraf, 5 kitabxanaçı ştatı mövcud olmuşdur.
11. Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinin 2025-ci il üçün ştat cədvəlindən görünür ki, müəssisədə inzibati köməkçi heyəti üzrə 8 (səkkiz) kitabxanaçı ştatı mövcuddur.
12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinin 27 dekabr 2024-cü il tarixli, 3-29-71/3-1-144/2024 saylı əmrindən görünür ki, “Elmi Kitabxana” ləğv edilmiş və “X3” yaradılmışdır. Həmin əmrdə buna əsas kimi SDU-nun Elmi Şurasının xx.xx.2024-cü il tarixli qərarı göstərilmişdir.
13. Sumqayıt Dövlət Universitetinin həmin Universitetin Elmi Kitabxanasının böyük biblioqrafı İddiaçı ünvanladığı Kş-0152 saylı, 18 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam veriləcəyi, onunla bağlanmış fərdi əmək müqaviləsinə 9 həftədən sonra, yəni 19 fevral 2025-ci il tarixdən xitam veriləcəyi, onun razılığına əsasən azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsi şərtilə əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü, iş axtarmağa imkan yaradılması məqsədilə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funsiyasının icrasından azad edilməsi bildirilmişdir.
14. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 16 dekabr 2024-cü il tarixli iclasının qərarlarından görünür ki, Elmi kitabxananın ləğv edilməsi və müasir tələblərə uyğun yeni strukturun yaradılması qərara alınmışdır.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sumqayıt Dövlət Universitetinin yenidən təşkili və Nizamnəməsinin təsdiq edilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi, “Sumqayıt Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə,əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatlarınixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisarolunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər işhəftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70cimaddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkənvə ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç)bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 296.2-ci maddəsinə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə görə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. 32.1 və 32.1.9-cu maddələrinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. 29.2-ci maddəsinə görə tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt Dövlət Univeristetində “Kitabxana” şöbəsində kitabxanaçı vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən həmin şöbədə əmək müqaviləsi ilə böyük biblioqraf vəzifəsinə keçirilmiş, 28 fevral 2014-cü il tarixdə X8 adlandırılmışdır. 27 dekabr 2024-cü il tarixdə “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsinin 27 dekabr 2024-cü il tarixli əmri ilə “Elmi Kitabxana”nın ləğv edilməsi “X3”nin yaradılması qərara alınmışdır. Cavabdehin 2025-ci il üzrə ştat cədvəlində yeni yaradılmış “X3”nin tərkibində böyük biblioqraf vəzifəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsinin 19 fevral 2025-ci il tarixli, 3- 29-71/3-1-114/2025 saylı əmri ilə İddiaçı ştatın ixtisar ediməsi səbəbindən Nxxxxxxx000105, xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir.
20. Hal hazırda iddiaçı qeyd edilən əmrdən narazı olmaqla həmin əmrin ləğv edilməsini məhkəmədən xahiş edir. O qeyd olunan əmrin ləğv edilməsi əsası kimi vakant kitabxanaçı ştatı olduğu halda ona ixtisası üzrə iş təklif olunmadığını, cavabdehin kənar şəxsləri həmin ştat üzrə işə dəvət etdiyini, onun işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının razılığının alınmadığını, peşəkarlıq səviyyəsinin düzgün müəyyən olunmadığını göstərmişdir.
21. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini, eyni zamanda müəssisələrində optimalllaşdırma siyasətinin aparıldığını, ştatların ixtisar olunduğunu, müəssisədə böyük biblioqraf vəzifəsinə ehtiyac olmadığını, SDU PHŞ-nin gəlirlərinin məhdud olduğunu, işçilərin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsini və iddiaçının işlədiyi vəzifənin ləğv edilməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirmişdir.
22. Məhkəmə ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
23. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə 19 fevral 2025-ci il tarixdə xitam verilmişdir. Cavabdehə 21 fevral 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Təklifin göndərildiyi vaxtdan qanunvericilikdə müəyyən olunmuş müddətin axımı dayanmış, iddiaçıya 17 mart 2025-ci il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra müddətin axımı davam etmiş və o, məhkəməyə müvafiq iddia ilə 02 aprel 2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan, sözügedən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün müddətin axımı 21 fevral 2025-ci il tarixdən dayanmış və 17 mart 2025-ci il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edilməsindən sonra müddətin axımı bərpa olunmuş və iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət olunmuşdur.
24. İddianın mahiyyəti ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 biblioqraf ştatı mövcuddursa, 1 biblioqraf ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 biblioqraf ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 böyük biblioqraf ştatı olmuş, həmin ştat vahidi ştat cədvəlindən xaric olunmuşdur. Beləliklə iddiaçının əmək müqaviləsinə ştatın ixtisar olunmasına görə xitam verilmişdir.
25. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işlədiyi biblioqraf vəzifəsi kitabxanaçı vəzifəsinə yaxın sahə olsa da məhkəməyə təqdim edilmiş Sumqayıt Dövlət Universitetinin 01 yanvar 2024-cü il tarixli ştat cədvəli ilə 2025-ci il üzrə ştat cədvəlinin müqayisəli təhlilindən görünür ki, əvvəlki ştat cədvəlində 1 kitabxana müdiri 8 kitabxanaçı vəzifəsi mövcud olmuş, 2025-ci ildə də həmin vəzifə üzrə ştat sayı artmamışdır. Başqa sözlə desək böyük biblioqraf ştatı ləğv edilərək, ona yaxın sahə olan kitabxanaçı sahəsinin ştatına əlavə edilməmişdir. Beləliklə cavabdeh müəssisədə iddiaçının işlədiyi ştat (böyük biblioqraf) ixtisar olunmuşdur.
26. İddiaçının cavabdeh tərəfindən peşəkarlıq səviyyəsinin düzgün yoxlanılmaması ilə bağlı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçinin müəyyən edilməsi sərbəstliyi olmuş, yəni bundan ötrü hər hansı araşdırmaların aparılmalı olması əmək qanunvericiliyində mütləq, imperativ norma kimi təsbit edilməmiş, o cümlədən qanunvericilikdə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi qeyd edilmişdir.
27. Qeyd olunanlarla yanaşı məhkəmə tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən onun ayrı-seçkiliyə məruz qalıb-qalmamasının, ona qarşı qərəzli münasibətə yol verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən, cavabdeh müəssisədə yeni yaradılmış X3nə kitabxanaçı vəzifəsinə qəbul edilmiş işçilərin əmək kitabçaları tələb edilmiş, həmin kitabçalar əsasında işə qəbul edilmiş şəxslərin uzun müddət qeyd olunan müəssisədə işlədiyi, həmin vəzifələrə yeni işçilərin qəbul edilməsi halı müəyyən edilməmişdir. Beləlikə məhkəmə tərəfindən cavabdeh müəssisədə ştat ixtisar olunarkən iddiaçıya qarşı hər hansı bir ayrı-seçkiliyə və ya qərəzli münasibətə yol verildiyi, ixtisarın iddiaçıya münasibətdə qərəzli formada həyata keçirilməsi halı aşkar edilməmişdir.
28. Bundan başqa məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməməsi halı da aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa müəsissə tərəfindən əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən işdənçıxarma müavinəti ödənilmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixli, 3-29-71/1-114/2025 saylı əmrin etbarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı cavabdeh tərəfindən 19 fevral 2025-ci il tarixli, 3- 29-71/1-114/2025 saylı əmrin etbarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva