Məhkəmə qərarları › İş №2(060)-307/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-307/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-307/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə ilkin və Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı onun tərəfindən 5000 manat məbləğində kompensasiya verilməklə İddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və İddiaçı öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və İddiaçı mənzildən çıxarılması ilə ona 5000 manat məbləğində kompensasiya verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi qeyd edilən qərardaddan şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İlkin iddia üzrə İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan övladı yoxdur. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4846/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə istifadə hüququ tanınmış və həmin mənzilə dair özəlləşmə etibarsız hesab olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1217/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış xx.xx.2000-ci il tarixli nikah qeydi ləğv olunmuşdur. O, ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə gəlin köçmüş və cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. Hal-hazırda da bütün cehiz əmlakları həmin mənzildədir. O, 2000ci ildən həmin mənzildə cavabdehlə birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişdir. Onun mübahisəli mənzildə pasport qeydiyyatı vardır. Həmçinin mənzildə yaşamaq hüququ vardır. Ona görə də hesab edir ki, onun həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Hazırda o, məcbur qalıb Xaçmaz rayonu, Rəhimoba kəndində qardaşına məxsus evdə yaşayır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya mübahisəli mənzildən istifadə etməsinə heç kəs tərəfindən məhdudiyyət törədilməmişdir. İddiaçı öz arzusu ilə könüllü olaraq həmin mənzili tərk etmiş və başqa yerdə yaşamağa qərar vermişdir. İddiaçının işlədiyi müddətdə aldığı öz əmək haqqısı hesabına Xaçmaz rayonunun mərkəzində əldə etdiyi mənzili var, lakin o həmin mənzili öz qardaşıoğlunun adına qeydiyyata aldırmışdır. Əslində iddiaçının həmin mənzildə yaşamağa ehtiyacı yoxdur və gələcəkdə də o həmin mənzildə yaşamayacaq. İddiaçının hazırki ərizəni verməkdə məqsədi ondan pul almağa nail olmaqdır. Onunla iddiaçı arasında ailə münasibətlərinə son verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçının mənzildə yaşaması mülkiyyətçi olaraq onun mülkiyyət hüququnu sərbəst həyata keçirməyə maneə törədir və ona görə də o, ilkin iddia tələbi ilə razılaşmır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, kompensasiya məbləğinin artırılması və 9000-ə çatdırılması barədə iddiaçının təklifini cavabdeh qəbul etməmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmədə iştirak etməmişdir. O, məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunması, qarşılıq tələb üzrə 9000 manat kompensasiyanın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi. O, eyni zamanda qeyd etdi ki, mübahisəli mənzili könüllü tərk etməmiş, iddiaçı tərəfindən məcburi oradan çıxarılmışdır. Onun daimi yaşamağa başqa yaşayış sahəsi yoxdur. Məhkəmə, ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 oğlu və Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova Gülzar Fəti qızı arasında xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 482 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hacıbabayeva soyadı verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4846/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 13 saylı evin, 9-cu mənzilinə dair özəlləşmə etibarsız hesab edilmiş və həmin mənzilə İddiaçı yaşayış hüququ tanınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 347 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - 8 saylı Mənzil Kommunal Səhəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 1098 №-li arayışın surətindən görünür ki, İddiaçı 2021-ci ilin fevral ayından Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilində yaşamır. Hal-hazırda Xaçmaz rayonu, Rəhimoba kəndində yaşayır. - 8 saylı Mənzil Kommunal Səhəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 1097 №-li arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzili xx.xx.1988-ci il tarixli, 08/72 saylı order əsasında Cavabdeh verilmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4846 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi əsasında Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzili üzərində mülkiyyət hüququ ləğv edilmişdir. - Həmin məktubla göndərilən xx.xx.1985-ci il tarixli, 08/72 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilinin icarədarı Cavabdehdur. İddiaçı onun ailə üzvlərindən biri deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2000-ci ildə rəsmi nikaha girmiş, bu izdivacdan övladları olmamış, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyatına dair xx.xx.2010-cu il tarixli çıxarış verilmiş, sözügedən mənzilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı istifadə hüququ tanınmış və həmin mənzilə dair özəlləşmə etibarsız hesab olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə əlaqədar hüquq münasibətləri 2000-ci ildə yaranmış və bu zaman yaşayış sahəsi xüsusi mülkiyyətdə olmamışdır. Bu dövrdə mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli bu hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini və məhkəmələrə tövsiyyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli mənzilin icarədarı Cavabdeh ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsində son zamanlaradək (nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulub, xx.xx.2022-ci ildə iddiaçı məhkəməyə müraciət edib) yaşayaraq ümumi təsərrüfat apardığından, sonuncunun ailə üzvləri sırasından çıxdıqdan sonra isə bu evi tərk etməsinin əsasını daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi təşkil etmədiyindən sözügedən yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlarına malikdir. Həmçinin İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarına tanınmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ olduğundan həmin yaşayış sahəsinə köçürülməyinə dair iddiası əsaslıdır. Eyni zamanda, məhkəmə, belə qənaətə gəlir ki, İddiaçı kompensasiya verməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə Cavabdeh qarşılıqlı tələbi sonuncunun belə iddianı irəli sürməyə subyektiv hüququ mövcud olmadığından əsassızdır. Belə ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi statusunu əldə etmədiyindən həmin yaşayış sahəsindən kompensasiya verməklə digər ailə üzvünün istifadəsinə xitam verilməsi barədə iddia irəli sürməyə hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ yaranmamışdır. Çünki, qanunvericilik belə bir hüququ yaşayış sahəsinin mülkiyyətçisinə vermişdir. Həmçinin Cavabdeh digər İddiaçı öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və İddiaçı mənzildən çıxarılması ilə ona 5000 manat məbləğində kompensasiya verilməsinin eyni vaxtda icra edilməsi” törəmə tələbləri kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi iddiası əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilinə köçürülməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 13 saylı evin 9 saylı mənzilinə köçürülsün. Cavabdeh İddiaçı onun tərəfindən 5000 manat məbləğində kompensasiya verilməklə İddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və İddiaçı öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və İddiaçı mənzildən çıxarılması ilə ona 5000 manat məbləğində kompensasiya verilməsinin eyni vaxtda icra edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar