Məhkəmə qərarları › İş №2(060)-308/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-308/2021

23.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-308/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 700 kv.m olan B-2338 nömrəli bağdır. Bu bağ sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 08.07.2005-ci il tarixli 31 saylı qərarına əsasən ona ayrılmış və onun istifadəsində olmuşdur. Lakin cavabdehlər ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən X3 mülkiyyətində olan 0,11 ha torpaq sahəsini aldıqdan sonra ona məxsus olan 700 kv.m torpaq sahəsini də zəbt etmiş, o, onlardan həmin torpaq sahəsini boşaltmalarını tələb etdikdə isə cavabdehlər məhkəmədə ona və M.Qədiməliyevaya qarşı iddia qaldırmaqla ümumi sahəsi 0,18 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2016-cı il tarixli qətnaməsi ilə də qarşı tərəfin iddiası rədd olunmuş və həmin qətnamə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq bu qətnamələrdən xeyli müddətin keçməsinə baxmayaraq cavabdehlər zəbt etdikləri, ona məxsus 700 kv.m torpaq sahəsini könüllü olaraq boşaltmaq istəmirlər, bu səbəbdən də onlar həmin sahədən məhkəmə qətnaməsinə əsasən çıxarılmalıdırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 16.11.2020-ci il tarixdə məhkəməyə etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, 2338 saylı bağ sahəsini X1 bağın pulunu tam ödəməklə almışdırlar. Həmin torpaq sahəsi satılarkən sonuncunun bütün ailə üzvləri də razılığını vermişdirlər. Hazırda da ailəsi ilə birlikdə 2338 saylı bağ sahəsində 2004-cü ildən yaşayırlar. Həmin vaxtlar sözügedən 7 sot torpaq sahəsini Məsuməxanım Qədiməliyeva onlara satmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini rədd edərək bildirdi ki, Sumqayıt şəhəri, Corat bağları sahəsindən onlara X5 tərəfindən 0,18 ha torpaq sahəsi etibarnamə ilə satılmışdır. Həmin vaxtlar Məsuməxanım sənədin əslində dəyişiklik etmiş, xlorla pozmuş və yeni qeydlər etmişdir. Bu haqda ekspertizanın rəyi də vardır. 08.06.2005-ci il tarixində 31 saylı qərara əsasən protokol 31-dən çıxarışla X10 700 kv.metr Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən B2338 saylı bağ sahəsi ayrılmışdır. Həmin sahə isə onlar tərəfindən 18 ildir ki, mişar daşı ilə hasarlanmış və onların istifadəsindədir. Qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Abbasov Murad Mehman oğlu Sumqayıt Şəhər Bələdiyyəsinin 08.07.2005-ci il tarixli, 31 №-li qərarı ilə Corat bağları ərazisində sahəsi 700 kv.m. olan B-2238 saylı bağ torpaq sahəsinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 166A – da yaşayan İddiaçı mülkiyyətinə verildiyini, lakin həmin qərarın, qərarla bağlı rəyin və digər bütün sənədlərin Bələdiyyədə deyil, vətəndaşda olduğunu bildirdi. Məhkəmə, iş üzrə iddiaçının, onun nümayəndəsinin, cavabdehlərin izahatını, Cavabdeh1 vəkili Vəkil2 dəlillərini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin 08.07.2005-ci il tarixli, 31 №-li qərarından görünür ki, Corat bağları ərazisində sahəsi 700 kv.m. olan B-2238 saylı bağ torpaq sahəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 166A –da yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. - Həmin qərardan görünür ki, B-2238 saylı bağ torpaq sahəsi 2338 saylı bağ torpaq sahəsi ilə qonşuluqda yerləşir. - 017574 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı bağ sahəsinin torpaq alqı-satqısı üçün 1.750.000 manat ödəniş etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-69/2016 saylı, 04.07.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X4 və qeyrilərinə qarşı çıxarışların ləğv edilərək torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2015 saylı, 12.02.2015-ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12.02.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X4, İddiaçı, üçüncü şəxslər Sumqayıt Şəhər Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan 2338 saylı torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilərək həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun adına bağlanmış hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri 170 manatın iddiaçılar Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 60 manatın alınaraq Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2011 saylı, 18.10.2011-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı istifadə olan torpaq sahəsi üzərində mülkiyyət hüququn müəyyən edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 700 m2 olan, 2338 saylı bağ torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə, həmin bağ torpaq sahəsinə dair plan və ölçünün hazırlanması Azərbaycan Respublikası DT və Xk-nin Sumqayıt şəhər şöbəsinə həvalə edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1106/2014 saylı, 18.06.2014-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2011 saylı, 18.10.2011-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4428/2011 saylı, 18.10.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə plan və ölçüsünün hazırlanması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin X4 ünvanlanmış 23.04.2019-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2338 ünvanda yerləşən 0.18 ha torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş 24.08.2004-ci il tarixli, 1541 nömrəli bağ topraq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənamə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 13.01.2010-cu il tarixli, 3143 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında X2 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 13.05.2010). Torpaq sahəsinin 0.018 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/100 reyestr nömrəli, 25.09.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X12 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 13.05.2010). 0.032 ha hissəsi üzərində Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/101 reyestr nömrəli, 25.09.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 26.05.2010). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. 0.04 ha hissəsi üzərində isə Sumqayıt şəhəri 4 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1/132 reyestr nömrəli, 07.10.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 24.05.2012). Hazırda torpaq sahəsi özgəninkiləşdirilmişdir. 28.04.2015-ci il tarixdə idarəyə daxil olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-908/2015 saylı, 10.04.2015-ci il tarixli qərardadı əsasında torpaq sahəsi üzərinə həbs qoyulduğu üçün yerdəqalan 0.09 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2014/2020 saylı, 08.06.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki ış üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli, 2(105)-2688/2019 nömrəli qətnaməsindən cavabdeh X5 və vəkili X14 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli, 2(105)- 2688/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. - Sənədlərin məhkəmə-texniki ekspertizasının 23.09.2015-ci il tarixli, 16254 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “77,0” rəqəmini, “S=700>> rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində isə sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdirlər. Tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30,4” və “46,6” rəqəmlərini əlavə etməklə, indiki vəziyyətə dəyişdirilmişlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.07.2021-ci il tarixli, 10/1908 №-li məktubundan görünür ki, ekspert Ziya Tağıyev tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kdastrı və Ünvan Reyestri Xidmətinin 12.08.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar sahəsi, B-2338 və 2338 saylı bağ sahələrinə aid məhkəmə tərəfindən yerli baxış zamanı təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinə aid texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları olmadığından torpaq sahələrinin bir-birilərinə müdaxilə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat bağlarında yerləşən, ərazisi 700 m2 olan B-2338 saylı mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin 08.07.2005-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş, sonuncunun müvafiq orqan və təşkilatlara qarşı sözügedən bağa dair Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və plan-ölçünün hazırlanması barədə ərizəsi apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən baxılmamış saxlanılmışdır. Bu qərar mübahisələndirilməmiş, eyni zamanda mülki və ya inzibati məhkəmə icraatı qaydasında belə bir iddia irəli sürülməmiş, həmin bağa dair iddiaçının hər hansı hüququ müvafiq reyestrdə qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, mübahisəli torpaq sahəsinin Bələdiyyənin 08.07.2005-ci il tarixli Qərarına əsasən iddiaçıya ayrılmasına, müvafiq hərrac vasitəsilə əldə olunmamasına, habelə iddiaçı ilə Bələdiyyə arasında sözügedən bağ ərazisinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına, eləcə də mübahisəli əmlaka iddiaçının hər hansı hüququnun müvafiq reyestrdə qeydə alınmamasına əsaslanaraq hesab edir ki, İddiaçı sözügedən daşınmaz əmlaka sahiblik imkanı hüquqi cəhətdən təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka sahiblik hüququ, habelə mülkiyyət hüququ, eləcə də bunun tərkibinə daxil olmuş digər hüquqları mövcud olmadığından, onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etmələri hallarını sübutetmək öhdəliyini daşıyır. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsini zəbt etmələri barədə dəlili işin faktiki halları, sübutlarla təsdiq edilmədiyindən, onun tərəfindən sübuta yetrilmədiyindən əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar