Məhkəmə qərarları › İş №2(060)-3081/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3081/2023

17.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3081/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1-ci məhəllə, ev 23-ə köçürülməsi və mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Rafıq oğlu ilə xx.xx.2006-cı ildə isə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşdurlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Ata evində pasport qeydiyyatında olsa da, faktiki Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1-ci məhəllədə yerləşən 23 saylı evi satın aldıqları vaxtdan övladları ilə həmin ünvanda yaşayır. Hazırda da cehiz əmlakları, özünə, qızlarına məxsus şəxsi əmlakları həmin evdə yerləşir. Cavabdeh yaşadıqları evdə ona xəyanət etdiyi üçün aralarında narazılıq, dava-dalaş olmuş, cavabdeh onu evdən qovmuşdur. O, övladları ilə öz evinə köçüb yaşamaq istəyir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək hesab edir ki, o, azyaşlı uşaqları ilə mənzilə köçürülməli və onların mənzilə istifadə hüquqları tanınmalıdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən və məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinə etirazının olmamasını bildirmişdir. İddiaçı isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, tərəflər 2006-cı ildə rəsmi nikaha daxil olublar. Həmin nikahdan tərəflərin iki azyaşlı uşaqları var. Mübahisəli mənzil birgə nikah dövründə tikilib. İddiaçı Xızı rayonunda işləyir. O evdən çıxdıqdan sonra cavabdeh evə qız gətirmişdir, bununla bağlı kamera görüntüləri də var. Buna görə iddiaçı bir neçə aydır ki, evdən çıxıb. İddiaçının əmlakı mübahisəli mənzildədir. Anası və atası xəstədir. Onun yaşamaq üçün başqa evi yoxdur, hazırda evsizdir. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İ 263088 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ilə Cavabdeh Raflq oğlu 18 avqust 2006-cı il tarixdə Dəvəçi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 192 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra İbadullayeva soyadı verilmişdir. İşdə olan AZ-İİ 390382 saylı və AZ İİ141422 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı ev Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyatdan keçməmişdir. İşdə olan Sumqayıt şəhəri X1 110 nömrəli, xx.xx.2023-cü il tarixli, ünvan 2 ünvanında yerləşən 150 kv.m torpaq sahəsi və üzərində olan 70.8 kv.m fərdi yaşayış evi inşa olunmuşdur. Sözügedən torpaq sahəsi sənədsiz olmaqla bərabər X1 mülkiyyətinə aiddir. 2012-ci ildən vətəndaş Cavabdeh adına X2 torpaq və əmlak vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 1-ci məhəllə, 23 saylı evə köçmüş və cavabdehlə həmin ünvanda yaşamışdır. Hazırda iddiaçı övladları ilə birlikdə həmin mənzildən çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan yaşayış sahəsidir. Bu səbəbdən qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdeh ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. Mübahisəli evin hüquqi statusu müəyyən edilmədiyinə görə iddiaçı və cavabdeh həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən iddia tələbi yaşayış sahəsinə köçürülmə hissəsində təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Belə ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestində qeydə alınmadığından həmin mənzilə dair istifadə hüququnun tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia təmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1-ci məhəllə, 23 saylı evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar