Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3094/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları 24.02.2009-cu il təvəllüdlü X6, 22.02.2011-ci il təvəllüdlü X7 və 28.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 19.01.2009-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 24.02.2009-cu il təvəllüdlü X6, 22.02.2011- ci təvəllüdlü X7 və 28.02.2018-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə gəlin köçmüşdür. Ona məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır. Həmin mənzil qayınatası Cavabdeh2 məxsusdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onların arasındakı nikah pozulmuş, birgə nikahlarından olan 24.02.2009-cu il təvəllüdlü X6, 22.02.2011-ci təvəllüdlü X7 və 28.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin və tutulub ona verilməsi qət edilmişdir. Belə ki, o, aprel ayınadək azyaşlı övladları ilə birlikdə həmin mənzildə yaşamışdır. Cavabdeh2 indiyədək onu və azyaşlı övladlarını evə buraxmır və hal-hazırda Cavabdeh2 cehiz- əmlakının çıxarılması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də bu ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, onun azyaşlı övladları 24.02.2009-cu il təvəllüdlü X6, 22.02.2011-ci il təvəllüdlü X7 və 28.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı onun keçmiş gəlinidir. Belə ki, iddiaçı 19.01.2009-cu ildə oğlu Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından üç övladları anadan olmuşdur. Hazırda oğlu ilə iddiaçı arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz edir. Belə ki, iddiaçı oğlunun ailəsidir, onlar barışsalar belə gedib ayrı ünvanda yaşamalarını istəyir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. O, iddiaçı ilə birgə yaşayanda onlar beş ildən artıq olar ki, kirayədə yaşayıblar. Hazırda iddiaçı ondan üzr istəyib barışsa sonuncuyla aralarında olan ailə münasibətlərin bərpa edər, lakin iddiaçının köçmək istədiyi mənzilə deyil, başqa mənzildə birgə təsərrüfat apara bilərlər. Hazırda o, iddiaçının iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, 30.10.2020-ci il tarixli qətnamədən çıxarışın surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh1 və X4 arasında 19.01.2009-cu ildə qubadlı rayon qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, 24.02.2009-cu il tarixdə doğulmuş X6, 22.02.2011-ci il tarixdə doğulmuş X7 və 28.02.2018-ci il tarixdə doğulmuş X1 Nuranə Elxan qızının yanında qalmaları, Cavabdeh1 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başlayaraq tutulub 24.02.2009-cu il tarixdə doğulmuş X6, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başlayaraq tutulub 22.02.2011-ci il tarixdə doğulmuş X7 və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment 03.06.2020-ci il tarixdən başalayaraq tutulub 28.02.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi və Cavabdeh1 hər ay 50 (əlli) manat miqdarda maddi yardım 03.06.2020ci il tarixdən başlayaraq 28.02.2021-ci il tarixədək tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan, AZ-İİ № 248208 saylı, 04.03.2009-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 24.02.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1248 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİ № 646594 saylı, 26.04.2011-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 22.02.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İV № 090188 saylı, 31.03.2018-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 28.02.2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1830 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 01.04.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1-in sakinləri C.Əliyev, H.Abbasov, S.Qarayeva və sahə ustası H.Səmədova 42-ci məhəllə, ev 11, mənzil 1-də yaşayan Cavabdeh1 2008-ci ildə ailə qurub X4 ilə göstərilən ünvanda yaşayıblar. Sonra gəlinin öz istəyi ilə anasının evinə köçüb yaşayıblar. İki il qalandan sonra 4-cü mikr, ev 31/14-də beş il kirayə qalıblar. 2018-ci ildə birdə qayıdıb 42-ci məhəllə, ev 11, mənzil 1-də yaşayıblar. 2020-ci ilin aprel ayının 30-da mənzildən çıxıblar və bu günə qədər B.Nuranə öz valideynləri ilə birlikdə yaşadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhər 42-ci məhəllə, ev 11, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal sahəsinin 10.02.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı azyaşlı övladları ilə birlikdə Qubadlı rayon, məcburi köçkün kimi 2020-ci ilin aprel ayına kimi ünvan 1, mənzil 1-də yaşamışdır. Hazırda İddiaçı azyaşlı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 19.01.2009-cu ildən yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin oğlu ilə 19.01.2009-cu ildə rəsmi nikaha daxil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mülkü Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Beləliklə, Azərbaycan Respublikası Mülkü Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından göründüyü kimi iddiaçının cavabdehlə, yəni mənzilin mülkiyyətçisi ilə belə bir razılaşma mövcud deyil. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə bu normalardan çıxış edərək hesab edirki, hazırda iddiaçı cavabdehin ailəsi ilə birgə təsərrüfat idarə etmir və faktiki olaraq ayrı ünvanda yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə köçürülməsi cavabdehin bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “onun azyaşlı övladları 24.02.2009-cu il təvəllüdlü X6, 22.02.2011-ci il təvəllüdlü X7 və 28.02.2018-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülmələri” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3094/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3094/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver