Məhkəmə qərarları › İş №2(060)-3113/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3113/2023

06.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3113/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 27 noyabr 1996-cı ildə cavabdehlə rəsmi nikahla ailə həyatı qurmuş və 3 övladları olmuşdur. Təxminən 1999-cu il tarixdə Sumqayıt şəhəri, Yaşıl Dərə massivində 10 sota yaxın torpaq sahəsində onun tərəfindən 7 daş kürsülü və 3.40 metr hündürlüyündə 4 otaqlı, 1 eyvan, 2 mətbəxt və kommunal sahələrdən (hamam və ayaqyolundan) ibarət fərdi yaşayış evi tikmiş, təmir etmiş və yaşayış üçün yararlı hala saldıqdan sonra həmin evə 2007-ci il tarixdə köçmüşlər. Qaz, su və işıq sayğacı onunla birlikdə kodu onun adına olmuşdur. 2019-cu ilin iyun ayına kimi bir yerdə yaşamış, lakin cavabdehin hərəkətləri üzündən o məcburiyyət qarşısında qalaraq evdən çıxmışdır. Lakin onun birgə nikah əldə etdikləri bütün əmlaklar və mal-qarası (6 inək) cavabdehdə qalmış və onu bu əmlaklardan məhrum etmişdir. O bu evin tikintisinə külli miqdarda vəsait sərf etmiş və hazırda onun evində yaşamaq və bu evdən istifadə qaydasını müəyyən etdirmək istəyir. Evin sahəsi 17.20 kvadrat metr olan bir otağına köçürülmək istəyir, lakin cavabdeh buna razı deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi və həmin evdən istifadə qaydasını müəyyən etməklə 1 otağının bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən və hazırda Cavabdeh yaşadığı 4 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş pulun yarısının-35000 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş rüsumların cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildən başlayaraq onunla iddiaçı arasında daim dava-dalaş yersiz söz-söhbətlər yaranmışdır. Hətta iş o dərəcəyə çatmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı onu döyərək ağır xəsarət yetirmişdir. Baxmayaraq ki, o ondan boşanmışdır. Sumqayıt şəhəri, 1-ci Polis bölməsində AR CPM-nin 269-cu maddəsinə müvafiq olaraq protokol tərtib olunmuş, həmin protokola əsasən iş davam etdirilərək toplanmış tədqiqat materiallarından göründüyü kimi, İddiaçı əməli AR CM-nin 128-ci maddəsinin tərkibi olmuşdur. İş Sumqayıt Şəhər Məhkəməsində hakim Nəriman Abıyevin icraatında baxılarkən o onu uşaqları xatirinə bağlamış və əfv etmişdir ki, ancaq onun şəxsi işinə qarışmayacaqdır. Uşaqlarını da narahat etməyəcəkdir. Artıq bütün hadisələrdən sonra o Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı qarşı bağ torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur xanım Behbudovanın icraatında 2(060)-5795/2019 saylı işə baxılaraq iddia tələbi təmin edilmiş və cavabdeh İddiaçı Sumqayıt şəhəri, X4 1-ci məhəllədə yerləşən bağ torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət olunmuşdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 14 saylı MKS-nin verdiyi 288 saylı arayışdan da görünür ki, İddiaçı 9-cu mikrorayon, ev 24, mənzil 22-də yaşayır. Ev onun xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Bələdiyyəsinin X4 1, 3, 5-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin sədri X.Abbasovun verdiyi 413 saylı arayışdan da görünür ki, Sumqayıt Şəhəri, X4, 1 saylı məhəllədə Cavabdeh öz övladları ilə 1-ci məhəllədəki fərdi yaşayış evində yaşayır. Hətta xx.xx.2019-cu il tarixində Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən işə əlavə olunmuş notarial qaydada İddiaçı ərizə də təqdim etmişdir ki, 1-ci məhəllədə yerləşən bağ torpaq sahəsi üzərində inşa edilmiş evə qarşı heç bir iddia və tələbi olmayacaqdır. Ancaq bu gün məhkəməyə min bir bəhanə ilə şər böhtanla müraciət edən Vidadi yalnız onları məhkəmələrdə süründürməklə məşğuldur. Belə olmasaydı, atalıq faktının müəyyən olunması barədə məhkəməyə müraciət edib həddi-buluğa çatmış uşaqlara psixoloji təsirlər göstərməzdir. O özü də dəqiq bilir ki, bu evdə onun heç bir hüququ yoxdur. Xahiş edir ki, bütün yuxarıda göstərilən faktları nəzərə alıb İddiaçı iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 1996-cı il tarixdə noyabr ayının 20-sində ailə həyatı qurmuşdur. Cavabdeh iddia edir ki, onun atası tikmişdir. O notarial qaydada ərizəni imzalamış, lakin oxumamışdır. Cavabdeh 1993-cü il tarixdə ondan əvvəl ailə həyatı qurmuşdur. O evli ola-ola boşanmamışdır. Vəsatətin təmin edilməsini, iş üzrə ekspertiza təyin olunmasını xahiş etmişdir. Torpağı onun qardaşı götürmüş, ona pay vermiş, o isə tikmişdir. Qardaşı 2-ci qrup Qarabağ əlilidir. Onlar bir yerdə yaşamışlar. İcra hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyəti isə ona 2 otaqlı ev vermişdir. Orda yaşaya bilməmiş və Yaşıl Dərə massivinə köçmüşlər. Mal-qaranı satmış, təsərrüfatı genişləndirmiş, ev tikmişdir. 16 sot torpaqdır. Ya onun pulunun yarıya bölünməsini, ya da torpağın bölünməsini xahiş edir. Evdə zorakılıq olmuş, ona heç nə etməmiş, məcbur olmuş öz üzərinə götürmüş, daha sonra isə evdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 19 il ailəli olmuşlar. Qarşı tərəfin haqqı yoxdur. Boşandıqdan sonra onu döymüşdür. Xəstəxanaya düşmüşdür. Ona görə də evdən çıxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00447 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat dəyərində mediasiya xərcini ödəmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4713/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə cavabdeh Həsənova Sevinc Rəfail qızı arasında 27 noyabr 1996-cı ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2004-cü il təvəllüdlü X1 cavabdeh Həsənova Sevinc Rəfail qızının yanında saxlanması, İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Həsənova Sevinc Rəfail qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Zəngilan rayonunda xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı, 451504 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Həsənova Sevinc Rəfail qızının nikahı Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 01 iyul 2019-cu il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 06-cı günündə 256 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Həsənov, qadına isə Mikayılova soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5795/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı Sumqayıt şəhəri, X4, 1-ci məhəllədə yerləşən bağ torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, X4 1-ci məhəllədə yaşayır. X5 oğlu, İddiaçı Sənan oğlu, X3 isə onun qızıdır. Arayışdan da görünür ki, İddiaçı 2019-cu il tarixinə kimi Sumqayıt şəhəri, X4 1-ci məhəllədə yaşamışlar. Lakin hal-hazırda yaşamırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı, mənzil növündə daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından da göründüyü kimi mübahisəli ünvanda iddiaçı (məhkəmə qətnaməsi əsasında, həmçinin notarial qaydada razılaşma əsasında mənzildən çıxması) həmin mənzildə yaşaması, istifadə qaydasının müəyyən edilməsi üçün əsasların hansı vaxtdan yaranması, mənzilin tikintisinə sərf olunmuş vəsaitin birgə nikah dövründə birgə gəlirlər hesabına əldə olunması, həmçinin iddia tələbinin hüquqi əsasını sübuta yetirən dəlillər məhkəmə iclasının predmeti olmamış, işin araşdırılan hallarına əsasən sübutlar təqdim edilməmiş, iddia tələbinin əsası təsdiq olunmamışdır. Məhkəmə iş materiallarını iddiaçının məhkəmə iclasında verdiyi izahata uyğun araşdıraraq hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Həmin Məcəllənin 27.ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Cavabdeh tərəfindən qeyd olunan halların mövcüdluğunu təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmamış, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanlar məhkəmənin iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülahizələrdən ibarət, əssasız iddia olmaqla, iddia tələbinin rədd olunması nəticəsinə gəlməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü bəndinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (MM-183.3) Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə iddia tələbini işdə olan sübutlara uyğun əsaslandırıb və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması və sair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması, fərdi yaşayış evinin tikintisinə sərf olunmuş pulun yarısının alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar