Məhkəmə qərarları › İş №2(060)-3130/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3130/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3130/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun anası, cavabdeh isə qardaşıdır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, 34 saylı evin 72 saylı mənzili qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğludur. Hal-hazırda iddiaçının oğlu həmin mənzildə yaşamır. 2011-ci ildən qeyd olunan mənzildən köçmüşdür. Bu öz əksini qonşular tərəfindən təsdiqlənmiş aktda tapmışdır. Hal-hazırda iddiaçı məcburdur ki, cavabdehin əvəzindən də komunal xərcləri ödəsin. Bu isə iddiaçının mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddiaçının mənzilinə qeydiyyatı formal xarakter daşıyır. Yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması, eləcə də cavabdehin iddiaçıya məxsus yaşayış evində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir ki, mübahisəli mənzildən çıxıb getməsi və qeydiyyatda olduğu mənzildə yaşamaması sübuta yetirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında göstərmişdir ki, cavabdeh onun oğludur. Onun mənzili 4-cü mərtəbədə yerləşir. Onun isə ayağı ağrıdığından 4-cü mərtəbəyə çıxıb, düşməkdə çətinlik çəkir. Ona görə də, mənzili satıb 1-ci mərtəbədən mənzil almaq istəyir. Oğlundan isə heç bir xəbər olmadığına görə, onun razılıq ərizəsini ala bilmir. Oğlu onunla əlaqə saxlayacağı halda sevinərək, onu yeni aldığı mənzilə qeydiyyata salacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Belə ki, onlar binanın eyni blokunda yaşayırlar. O, Cavabdeh 10 il bundan əvvəl görmüşdür. Onda olan məlumata görə Cavabdeh Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərdi ki, Cavabdeh onun doğma qardaşıdır. Hal-hazırda onun qardaşı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, qardaşı 2011-ci ildən Rusiya Federasiyasında yaşayır. Qardaşı əvvəllər mübahisəli mənzildə yaşamışdır. Onda olan məlumata görə qardaşı Rusiya Federasiyasında yaşayır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* saylı, 01.03.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan 9 saylı MKS tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2011-ci ildən Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilində yaşamır. Qonşularının dediyinə görə onun harada olması haqqında heç bir məlumatları yoxdur. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq, 2011-ci ildən başqa yaşayış məntəqəsində gedərək, daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9 mkr., 34 saylı evin, 72 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar