Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3134/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o atası Xocavənd rayonundan məcburi köçkün olan Cavabdeh təşəbbüsü ilə toy etmədən, gəlin köçmədən və ümumiyyətlə heç bir adət-ənənəni gözləmədən 16 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikahını qeyd etdirmişdir. Cavabdehin sözlərinə görə nikahı tez qeyd etdirməkdə məqsədi ailə üzvlərinin sayının artması və qaçqın kimi tez və daha çox kvadrat metr sahəsi olan yaşayış sahəsi almaq olmuşdur. Həmçinin cavabdeh ona demişdir ki, narahat olma 1-2 ilə toy edib ailə həyatı quracaqlar. O əvvəllər cavabdehin səmimiyyətinə sadəlövlüklə inanmış, lakin nikahları qeyd olunandan sonra isə məlum olmuşdur ki, cavabdehin niyyəti onunla ailə qurmaq deyil, yalnız ev almaq olmuşdur. Cavabdehin onunla ailə qurmaq niyyəti olmamışdır. Cavabdeh yalnız görünüş üçün, başqa niyyətlə saxta nikah bağlamışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ilə onun arasında 16 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 61 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, cavabdehin anası, atası onlara tanışlığa gəlmiş, nişan edəcəklərini bildirmişlər. Həmçinin qaçqın olduqları üçün ev veriləcəyini, növbəyə durmaq üçün isə nikah lazım olduğunu bildirmişlər. Cavabdehi bir ildir tanıyır, lakin münasibəti olmamışdır. Müharibədən sonra bildirmişlər ki, ev verilməyəcək, sonra isə nə gəliblər, nədə ki, onunla maraqlanıblar. Cavabdeh Rusiya vətəndaşıdır, ailəlidir, uşağı var, boşanmamışdır. 3 ay bundan əvvəl cavabdehi görmüş, boşanmağa razı olduğunu, Rusiyaya gedəcəyini ona bildirmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 16 oktyabr 2020-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. İddiaçı iddia tələbində Cavabdeh aralarında nikah bağlanarkən cavabdehin ailə qurmaq niyyətləri olmamasını, nikahın bağlanmasında məqsədlərinin qaçqın kimi mənzil almaq olmasını qeyd etsədə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə uyğun olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, həmçinin məhkəmə araşdırması zamanı nikahın tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma ilə bağlanması müəyyən edilməmiş, əksinə tərəflərin nikah bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3134/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3134/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver