Məhkəmə qərarları › İş №2(060)-3146/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3146/2022

10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3146/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 10 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı, 05.04.2010-cu il təvəllüdlü X2 onun himayəsində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanda da yaşayır. Qeyd edir ki, o, 2009-cu ildə Anar adlı şəxslə faktiki nikah münaşibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahlarından bir övladı var: 05.04.2010-cu il təvəllüdlü X4. Bildirir ki, uşağın atalığı müyyən olunmamışdır. Belə ki, Anar adlı şəxs onunla birlikdə qeydiyyat şöbəsinə getməkdən imtina etmişdir. Ümumiyyətlə o, uşağa atalıq verməkdən imtina etmişdir. Onun hazırda harada yaşaması barədə məlumatı yoxdur. 2010cu ildən ayrı yaşayırlar. Həmin vaxtdan da həmin şəxslə heç bir əlaqəsi yoxdur. Bildirir ki, o, səhhəti ilə əlaqədar olaraq Türkiyə Respublikasına gedib-gəlir. Belə ki, o, onkoloji xəstədir. Daimi olaraq Türkiyə Respublikasında yaşamağa getmək istəyir. Bunun üçün də orada ondan tələb olunur ki, uşağın atasının uşağın üzərində heç bir hüququnun olmaması və uşağın onun himayəsində olması ilə bağlı qətnamə təqdim etsin. O, Sumqayıt şəhər Qeydiyyat şöbəsindən Forma 4 arayış alıb Türkiyə Respublikasında aidıyyatı orqana təqdim etdikdə onlar bildirmişdirlər ki, həmin sənədlə bərabər uşağın onun himayəsində olması ilə bağlı qətnamə də təqdim etsin. Ona görə də o, uşağın onun himayəsində olması ilə bağlı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 05.04.2010-cu il təvəllüdlü X2 onun himayəsində olması faktı müəyyən olunmalıdır. Bildirir ki, faktın müəyyən olunması o, övladı ilə birlikdə Türkiyə Respublikasında yaşamağı və övladının orada təhsil alması üçün lazımdır. Həmçinin qeyd edir ki, uşağın atası barədə heç bir məlumatı olmadığından o, maraqlı şəxs kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qoymuşdur. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumlu və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən X4 hazırda 12 yaşı olduğunu, daimi olaraq anası Ərizəçi ilə yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Ərizəçi onun qızıdır. Qızı ilə birlikdə yaşamış, nəvəsi Yağmuru o, saxlayıb böyütmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki Ərizəçi onun baldızıdır. O, 2013-cü ildə ailə qurmuşdur və ailə qurduğu vaxt Yağmurun iki yaşı olmuşdur. Həmin vaxtdan hal-hazıradək Yağmur və Rumiyyə onlarla yaşayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AZ-İİ 466272 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 05.04.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. Məhkəmə ərizəçini və onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. AR Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər validenlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, Ərizəçi 05.04.2010-cu il təvəllüdlü X2 anası olması və Y.Şükürlünün doğulduğu vaxtdan onun himayəsində olması məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti və şahid ifadələri təsdiq olunur. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, 05.04.2010-cu il təvəllüdlü X2 Ərizəçi himayəsində olması faktının müəyyən edilməsi hazırkı halda həm uşağın mənafeyinə, habelə sadalanan qanun normalarına uyğundur. Belə ki, bu faktın məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05.04.2010-cu il təvəllüdlü X2 anası Ərizəçi öhdəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə görə məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 05.04.2010-cu il təvəllüdlü X2 anası Ərizəçi öhdəsində olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar