Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3146/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılması, həmin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə X1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 23 saylı evin 31 saylı mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh mənzildən çıxmaqdan imtina edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi İddiaçı ASC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, kredit müqaviləsi tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1641/2020 saylı, xx.xx.2020- ci il tarixli qərarından görünür ki, "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən borcun tutulması barədə məhkəmə qərarları qüvvədə qalmış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 422/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzili 43350 manata İddiaçı ASC-yə satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzili xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC-yə məxsusdur. Cavabdeh həmin mənzildə yaşayır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak ipoteka ilə yüklü edildiyindən, hazırda həmin mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehin orada yaşaması birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Belə ki, qanunvericilik mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmasını, ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin, digər şəxslərin həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinin müstəqil əsası kimi müəyyən etmiş, bu müddəaya hər hansı bir qeyd şərt nəzərdə tutulmamışdır. Öhdəlik götürüldüyündə mənzilin (evin) tərk edilməsi isə ayrıca əsas kimi, həmçinin ipotekanın kreditin qaytarılması üçün qoyulmadığı hal üçün müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılsın və bu mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3146/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3146/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver