Məhkəmə qərarları › İş №2(060)-3151/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3151/2022

10.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3151/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 10 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4-ə olan istifadə hüquqlarının itirlimiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun bacısı qızı, Cavabdeh2 isə qardaşı oğludur. Bildirir ki, cavabdehlər ər-arvaddırlar. Onlar ona məxsus mənzildə qeydiyyatda olsalar da, heç vaxt ona məxsus mənzildə yaşamayıblar. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Onların ona məxsus mənzildə qeydiyyatları formal olub, ona məxsus mənzilə heç bir hüquqları yoxdur. Halhazırda onlar Rusiya Federasiyasında yaşayırlar. Ona görə də hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirlimiş hesab edilməlidir. Bildirir ki, cavabehlərin övladları da ona məxsus mənzildə qeydiyyatdadırlar. Bunun üçün o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, həm hazırkı iş üzrə cavabdehlərin, həm də onların övladları - X3 oğlu, Quliyev Niyaməddin Sərdar oğlu və X2 oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də o, iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vətəndaşlar Cavabdeh1, X3 oğlu, Quliyev Niyaməddin Sərdar oğlu, Cavabdeh2 və X2 oğlunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt inzibati məhkəməsinin (sədrlik edən: Vəfa Əzizova) 2-1(118)-1365/2021 saylı, 29 noyabr 2021-ci il tarixli Qərarı ilə, onun cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Cavabdeh1, X3 oğlu, Quliyev Niyaməddin Sərdar oğlu, Cavabdeh2 və X2 oğlunun ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbı qismən təmin edilmiş, X3 oğlu, Quliyev Niyaməddin Sərdar oğlu, X2 oğlunun ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə iddia tələbini həmin şəxslərə münasibətdə rədd edərkən belə nəticəyə gəlib ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü səxslərdən Cavabdeh1 16.01 1997-ci ildən, Cavabdeh2 xx.xx.1988-ci il tarixdən, yəni 01 sentyabr 2000-ci ilə qədər, digər üçüncü şəxslər isə həmin tarixdən sonra qeydiyyata düşmüşlər. Bununla bağlı məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır və onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia həll edildikdən sonra həll oluna bilər. Hazırki vəziyyətdə cavabdeh inzibati orqanın onların qeydiyyatdan çıxarılmasından imtinası qanunun mahiyyətinə uyğundur. ‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiva Məhkəməsinin 21 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətlərı ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı ilə üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1dək yaranmışdır və ona görə də onlara aid bu mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun ümumi məhkəmə tərəfindən həll edilməlidir. Həmin Məcələnin 60-cı maddəsinə əsasən icarədar və va onun ailə üzvləri müvəqqətı başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Ona görə də o hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər heç vaxt ona məxsus mənzildə yaşamamışdırlar. Mübahisəli mənzil əvvəllər orderli mənzil olmuş, daha sonra o, evi öz adına özəlləşdirmişdir. Qeyd edir ki, mənzili özəlləşdirən zaman cavabdehlərin razılığı alınmamışdır. Cavabdehlər hazırda Rusiyadadırlar. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, inzibati iş inzibati məhkəmənin icraatında olarkən cavabdehlərdən biri teleqram vuraraq sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu da bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müəzffər oğlunun məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onun həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildə qeydiyyatdadırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 17 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli, 984 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı adına olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X3 oğlu, Quliyev Niyaməddin Sərdar oğlu Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildə qeydiyyatda olsalar da, heç vaxt həmin mənzildə yaşamamışdırlar. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1365/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı tələbi qismən təmin edilmiş, X3 oğlunun, Quliyev Niyaməddin Sərdar oğlunun, X2 oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 16.01 1997-ci ildə və Cavabdeh2 isə xx.xx.1988-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata düşmüşlər. İşdə olan teleqramın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasından Sumqayıt Apellyasiya Məhkəməsinə teleqram ünvanlayaraq İddiaçı ona qarşı mənzildən qeydiyyatdan çıxarılma tələbinə dair iddiasını qəbul etdiyini və mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 xx.xx.1997-ci ildə və Cavabdeh2 isə xx.xx.1988-ci il tarixdə həmin mənzilə qeydiyyata düşmüş, lakin heç vaxt mübahisəli mənzildə yaşamamışdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə heç vaxt yaşamaması işdə olan sübutlarla, o cümlədən iş materiallarında olan xx.xx.2021-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər mübahisəli mənzilə qeydiyyata düşdükləri vaxtdan (müvafiq olaraq 1988 və 1997-ci il) keçən müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildə yaşamaması faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, 4 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar