Məhkəmə qərarları › İş №2(060)-3206/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3206/2022

15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3206/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 30-a olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 17 may 1990-cı ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahdan 3 övladları vardır. Uşaqlar yetkinlik yaşlarına çatmışlar. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, 1998-ci ildən o yaşadığı və işlədiyi Sumqayıt şəhər Üzvi Sintez zavodu tərəfindən ona order əsasında ayrılmış 1 otaqdan ibarət olan yaşayış sahəsini daimi olaraq tərk etmiş və artıq 24 ildir ki, bu ünvanda yaşamır. Aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında ləğv olunmuşdur. Qeyd edilən ünvanda 5 nəfər-cavabdeh, övladları və nəvələri qeydiyyatdadırlar. Cavabdehin mübahisəli yaşayış sahəsində heç bir əmlakı yoxdur. O, evdən getdikdən sonra başqa bir qadınla faktiki ailə qurmuş, bütün ailə bağları qırılmışdır. Lakin cavabdehin daimi olaraq bu ünvanı tərk etməsinə baxmayaraq onun formal olaraq qeydiyyatda qalması bu yaşayış sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsində maneə yaradır. Belə ki, iddiaçı bu mənzili özəlləşdirə bilmir və cavabdehin formal qediyyatına görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1965-ci ildə, Qubadlı rayonu, Fərcan kəndində anadan olmuşdur. Cavabdeh isə xx.xx.1963-cü ildə anadan olmuşdur. İddiaçı və cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. “Sumqayıt kimya sənaye” Birliyi tərəfindən verilmiş və xx.xx.2000-ci ildə yenilənmiş xx.xx.1990-cı il tarixlli orderə əsasən ünvan 1 iddiaçıya 4 nəfərlik ailə tərkibinə uyğun verilmişdir. Orderdə cavabdehin adı qeyd edilməmişdir. İşdə olan 8 saylı Mənzil-Kommunal sahəsinin 942 aylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5093/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi 12 fevral 2022-ci ildə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə yaşamır və formal olaraq qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 30-a istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar