Məhkəmə qərarları › İş №2(060)-3210/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3210/2021

17.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3210/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» BOKT MMC-nin Cavabdeh qarşı “bağ evinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» BOKT MMC Cavabdeh qarşı “bağ evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx” BOKT MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0.25 ha torpaq sahəsini və onun sərhədləri daxilində yerləşən 1 və 2 mərtəbəli, 3 otaqlı, 62.48 kv.m yaşayış, 116.93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evinin boşaldılması və bağ evindən çıxarılması və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx Bank Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh məxsus olan və Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0.25 ha torpaq sahəsini və onun sərhədləri daxilində yerləşən 1 və 2 mərtəbəli, 3 otaqlı, 62.48 kv.m yaşayış, 116.93 kv.m köməkçi sahədən ibarət 4834 nömrəli bağ evini hərracdan almışdır. Hazırda həmin bağ evi ƏMDK DƏDRX-nin 23.04.2016-cı il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən “xxxx” BOKT MMC-nin mülkiyyətindədir. Lakin bu günə kimi, Cavabdeh yuxarıda qeyd edilən bağ evini tərk etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin mübahisə predmeti olan ünvanda digər şəxslərin yaşadıqları barədə göstərdikləri doğru deyil, bu hal onlar tərəfindən araşdırılmışdır, bağ evində yaşayış yoxdur, cavabdeh bağ evini boşaltmamaq üçün əsassız səbəblər göstərir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisəli torpaq sahəsində hazırda Cəbrayıl rayonundan məcburi köçkün olan X1 və onun ailə üzvləri 1995-ci ildən bu günə qədər orada məskunlaşmışdır. Odur ki, həmin evdə yaşamadığından iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: “xxxx” MMC ilə «xxxx» BOKT MMC arasında bağlanmış 12.02.2016-cı il tarixli 07/06 saylı «Hərracın yekunları barədə» Protokoldan və « Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli 2(105)-1179 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25ha torpaq sahəsində inşa edilmiş, 2 mərtəbəli, 3 otaqlı 4834 nömrəli bağ evi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 180.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan «xxxx» BOKT MMC əmlakı 114750 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ üzrə «xxxx» BOKT MMC-nin adına 23.04.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əəsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdeh mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Cavabdeh qeyd olunan mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Məhkəmə cavabdehin mübahisə predmeti olan yaşayış sahəsində digər şəxslərin yaşamasına dair etirazı ilə bağlı qeyd edir ki, bu hal məhkəmədə öz təsdiqini tapmadığından cavabdehin etirazı əsaslı hesab oluna bilməz. Eləcə də iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən AR DİN Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 22 aprel 2021-ci il tarixli məktubundan göründüyü kimi, sözügedən bağ evində yaşayış yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 nömrəli bağ evindən çıxarılmaqla həmin ev cavabdeh tərəfindən boşaldılmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsümünun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0,25 ha olan 4834 nömrəli bağ evindən çıxarılsın və həmin ev cavabdeh tərəfindən boşaldılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq iddiaçı«xxxx» BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar