Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3227/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüququna azyaşlı uşağı X7 ilə birlikdə 10000 manat kompensasiya verilməklə xitam verilməsi, onların mənzildən pasport qeydiyyatından çıxarılaraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə 20.12.1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 2 övladları olmuşdur. İddiaçının həyat yoldaşı 23.01.2017-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Asan Xidmət Mərkəzində 3M-761 reyestr nömrəli, 25.07.2017-ci il tarixli miras payın bağışlanma müqaviləsi ilə övladları Cavabdeh və Ziyadova Təranə Zahid qızı atalarından qalan miras paylarından imtina edərək əmlakı ona bağışlamışlar. Həmin bağışlanma müqaviləsi əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzili iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçının oğludur. Buna baxmayaraq münasibətləri çox gərgindir. Mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdeh onu həmin mənzilə buraxmır, orada yaşamağına imkan vermir. İddiaçı 2018-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə cavabdehə qarşı 5000 manat məbləğində kompensasiya verməklə yaşayış hüququna xitam verməklə mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5923/2018 saylı, 23.07.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Artıq cavabdehin yaşayış yeri vardır. Sumqayıt şəhəri, Yuxarı Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağ evi ona məxsusdur və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdeh sözügedən bağ evinə köçürülmüşdür. Cavabdehin məhkəmə qətnaməsi ilə köçürüldüyü bağ evinin yerləşdiyi həyətin 80 kv.m-i iddiaçının qızına məxsusdur. Cavabdehin 16 yaşı olarkən mərhum həyat yoldaşı ilə birlikdə həmin bağ sahəsini onun adına almış, həmin sahədə ona aid evi də atası tikmişdir. Cavabdeh ona məxsus olan evdə yaşamağa imkan vermədiyindən məcbur qalıb qızı ilə birgə yaşayır. İddiaçı 13.04.2021-ci il tarixində məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilindən 10000 manat kompensasiya verilməklə cavabdehin azyaşlı övladları 30.11.2016-cı il təvəllüdlü X5 və 02.07.2012-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayış hüquqlarına xitam verilməsi, pasport qeydiyyatından və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mərhum cavabdehin mərhum atası X1 mülkiyyətində olmuş və o, 23.01.2017-ci ildə dünyasını dəyişmişdir. İddiaçı onun anası olduğu üçün 25.07.2017-ci il tarixdə mübahisəli mənzilin tam olaraq onun mülkiyyətində olmasına etiraz etməmişdir. İddiaçı, cavabdeh və cavabdehin bacısı Ziyadova Təranə Zahid qızı arasında belə bir razılaşma olmuşdur ki, cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi, 3-cü məhəllədə yerləşən 3 otaqdan ibarət 80 kv.m. sahəsi olan 200/1 saylı bağ evini bacısına verəcək, sonuncu da bunun müqabilində mübahisəli mənzildən ona çatası vərəsə payından imtina etməklə bir daha həmin evə dair iddia qaldırmayacaqdır. Bacısının notarial qaydada götürdüyü bu öhdəliyini əsas tutaraq sahəsi 80 kv.m. olan 3 otaqlı evi ona vermiş, lakin bacısı həmin evlə birlikdə ona məxsus digər bağ sahəsində olan evi də ələ keçirməklə cavabdehi evə buraxmamışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsində eyni iddia ilə müraciət etmiş və həmin vaxt 5000 manat kompensasiya məbləği təklif etmişdir. Lakin, iddia tələbi rədd edilmişdir. Mübahisələndirilmiş həmin bağ evi bacısı tərəfindən zəbt edilmişdir və iddiaçı həmin bağ evinə köçürülməyinə baxmayaraq bu gün də bağa daxil ola bilmir. İcra məmuru tərəfindən akt əsasında 27.01.2021-ci il tarixdə köçürüldükdən sonra bacısı yenidən onu bağa buraxmamış, hətta əmlakları olan digər evi də zəbt etmişdir. İddiaçı qeyd edilən bağda yaşayır, onun həmin bağda yaşamasına heç kim mane olmamışdır və hər vaxt gəlib evdə yaşaya bilər. Lakin bütün bunlara baxmayaraq bacısı anasının qocalığından istifadə edərək onu öz təsiri altına almış və hazırkı iddianın qaldırılmasında onun məqsədi anasının sağlığında həmin evə tam sahiblənməkdir. Halbuki, bu evə görə bacısına çatası payın əvəzi olaraq öz vəsaiti ilə inşa etdiyi 3 otaqlı bağ evini vermişdir. Lakin, o, bu bağ evini ələ keçirməklə kifəyətlənməyərək indi də cavabdehin ailə üzvləri ilə yaşadığı mübahisəli mənzilə də sahib çıxmaq qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi, 3-cü məhəllədə yerləşən bağ sahəsində iki ev vardır. Evlərdən birində onun bacısı yaşayır. Məhkəmə qətnaməsinə əsasən o, digər evə köçürülüb. Lakin, bacısı onu həmin evə də buraxmır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh 20.1.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 25.07.2017-ci il tarixli iddiaçı, cavabdeh və Ziyadova Təranə Zahid qızı arasında bağlanmış miras payın bağışlanma müqaviləsindən görünür ki, cavabdeh və onun bacısı Ziyadova Təranə Zahid qızı atalarından qalan miras əmlakda olan paylarını iddiaçıya bağışlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 (bundan sonra - mübahisəli mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi 26.07.2017-ci il tarixində qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə cavabdehin hazırkı iş üzrə iddiaçıya və Təranə Ziyadovaya qarşı bağçının üzvlük kitabçasından çıxarışın etibarsız hesab edilməsi və digər tələblərinə dair iddiası qismən təmin edilmiş, cavabdehin Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən və 200a saylı bağ sahəsinə köçürülməsi qət edilmişdir. 27.01.2021-ci il tarixli, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmurları Ramin Əhmədov, Rüfət Məmmədov və Anar Hacıyev tərəfindən imzalanmış aktda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05.11.2020-ci il tarixli icra sənədinə əsasən cavabdehin Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200a saylı bağ sahəsinə köçürüldüyü göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23.07.2018-ci il tarixli, 2(060)-5923/2018 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı azyaşlı övladı X7 ilə birgə 5000 manat kompensasiya verməklə mübahisəli mənzildə yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. 335136 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X6 ilə 26.03.1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. 12.11.2014-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Ziyadova Təranə Zahid qızı Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi, 2-ci məhəllə, 200a saylı fərdi evə dair heç bir pay iddiası ilə çıxış etməyəcəyini bildirmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən göründüyü kimi cavabdeh 25.07.2017-ci il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən atasından qalan miras əmlakda olan payını iddiaçıya bağışlamışdır. Bununla da onun atasından qalmış miras əmlaka olan mülkiyyət hüququ itirilmişdir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4.). Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü (oğlu) olmaqla iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququna malikdir. İddiaçı hazırda həmin hüquqa 10000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini xahiş edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi mübahisəli mənzilin ümumi sahəsi 41,8 kv.metr olmaqla iki otaqdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləği ona davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən 200a saylı bağ sahəsinə köçürülmüşdür ki, həmin bağ sahəsinə də onun yaşayış yeri kimi qiymət verilməlidir. Bu səbəbdən məhkəmə təklif olunan kompensasiya müqabilində cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Cavabdehin mənzilə istifadə hüququna xitam verildiyi üçün onun yetkinlik yaşına çatmayan uşaqları 30.11.2016-cı il təvəllüdlü X2 və 02.07.2012-ci il təvəllüdlü X3 da mənzilən istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı iddia tələbində cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin, qeyd edilən məsələ müvafiq qeydiyyatı həyata keçirən dövlət orqanının səlahiyyətində olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 10000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşaqları 30.11.2016-cı il təvəllüdlü X5 və 02.07.2012-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 84 saylı evin 11 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Hazırkı qətnamə Cavabdeh İddiaçı tərəfindən kompensasiya verildikdən sonra onun və yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3227/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3227/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver