Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3229/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və onun nümayəndəsi, Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X7) mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-da yerləşməklə 3 otaqdan ibarətdir. Mənzilin icarədarı iddiaçının nənəsi Şamilova Telli olmuşdur. Nənəsi, atası Şamilov Vidadi Usub oğlu xx.xx.2020-ci ildə, anası X2 isə xx.xx.2020-ci ildə mübahisəli mənzildə yaşadıqları vaxt dünyalarını dəyişmişlər. İddiaçı 1986-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, daha sonra məlum hadisələrlə bağlı olaraq ailəsilə birlikdə qaçqın düşərək yuxarıda göstərilən ünvanda daimi yaşamağa başlamış və pasport qeydiyyatına alınmışdır. Cavabdeh onun bibisidir. O, ailə həyatı qurmamış və iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. İddiaçının cavabdehlə münasibətləri ilk vaxtlar normal olmuş, lakin atasının və anasının vəfatından sonra cavabdeh iddiaçı ilə yola getməmiş, mütəmadi olaraq onunla mübahisə etmiş, hətta bir neçə dəfə iddiaçını mənzilə buraxmamış, mənzilin giriş qapısının açarını da dəyişmişdir. O, hər vasitə ilə mübahisəli mənzili ələ keçirmək niyyətində olmaqla bu mənzildə iddiaçının yaşamağına imkan verməmiş, buna görə də artıq bir neçə aydır ki, o iddiaçını mübahisəli mənzilə buraxmır. Ümumiyyətlə cavabdeh daima mənzildə onların hüquqlarını məhdudlaşdırmış, otağın birini həmişə bağlı saxlamışdır. İddiaçı valideynləri və bacıları ilə mənzilin bir otağında yaşayıb böyümüşlər. İddiaçının bütün əmlakları həmin mənzildədir. Yaşamağa başqa daimi yaşayış yeri olmadığı üçün o, dost-tanışların mənzillərində müvəqqəti sığınacaq tapmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mənzilin icarədarı nənəsi Şamilova Telli olub. Özü 1988-ci ildən keçən ilədək mübahisəli evdə yaşamışdır. Cavabdeh onun bibisidir və hazırda həmin evdə yaşayır. Onunla aralarında münaqişə yaranmışdır və cavabdeh evin açarını dəyişərək onu birgə yaşadıqları evə buraxmamışdır. Onun başqa yaşayış yeri, həmçinin adına hər hansı bir daşınmaz əmlak və ya mənzil yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, mənzilin orderi var və həmin mənzil dövlət fondunun balansındadır. İddiaçının başqa yaşayış yeri yoxdur. O, kirayədə yaşayır. İddiaçı uzun müddət sözügedən mübahisəli evdə yaşamışdır. Mənzildə cavabdeh tək yaşayır. Mənzilin orderində iddiaçının da, onun atasının da adı var. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında heç bir münaqişə olmamışdır. İddiaçı evdən özü çıxıb getmişdir. Qapının açarını isə xarab olduğu üçün dəyişmək məcburiyyətində qalmışdır. İddiaçının həmin evdə yaşamasına etiraz edir. Belə ki, iddiaçı evdə daim münaqişə yaradır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi, Vəkil3 məhkəmə iclasında bildirdi ki, Rəna Şamilova fiziki qüsurludur. Lakin, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməyib. Onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, sözügedən mənzildə də yaşayır. Arabir rayona gedir. Orderdə Rəna xanımın da adı var. İddia tələbini qəbul etmirlər. İddiaçı öz hərəkətləri ilə cavabdehlərin həmin mənzildə yaşamalarını mümkünsüz edir. Üçüncü şəxs nümayəndəsinin izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə işdə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1986-cı ildə, Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1962-ci ildə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 xx.xx.1965-ci ildə anadan olmuşlar. Onlar da mübaahisəli mənzildə qeydiyyatdadırlar. Sumqayıt şəhər XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988-ci il tarixli orderə əsasən mübahisəli mənzil icarədar kimi Telli Şamilovaya verilmişdir. Orderdə icarədarın ailə üzvləri kimi oğlu Şamilov Vidadi, qızları Şamilova Zemfira, Cavabdeh və Şamilova Rəna göstərilmişdir. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ətraflı arayışına əsasən mənzilin sahibi X4 mübahisəli mənzilə xx.xx.1980-ci ildə, cavabdeh xx.xx.2015-ci ildə, üçüncü şəxs X7 1988-ci ildə qeydiyyata düşüblər. Ev sahibi X4 vəfat etdiyi gündn mənzildə iddiaçı və cavabdeh yaşayırlar. X6 2000-ci ildən göstərilən ünvanda yaşamır. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X4 xx.xx.2015-ci ildə, X2 xx.xx.2020-ci ildə, Şamilov Vidadi Usub oğlu isə xx.xx.2020-ci ildə vəfat etmişlər. X5 tərəfindən verilmiş **********256 saylı ərizəyə əsasən mübahisəli mənzilin iddiaçının və cavabdehin adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və teniki pasportun verilməsinə etiraz etmir, razıdır. İşdə olan 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 23-də yaşayan X8, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 30-da yaşayan X9, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/1,5 mənzil 23-də yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, X6 2004 cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-da yaşamır. 12 saylı MKS nın hesabat kitabında Şamilova Rənanın 4-cü mikrorayon, ev 6/15,mənzil 29da qeydiyyatda olduğu, lakin illərdir yaşamadığı göstərilir. Hazırkı iddiada iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 1988-ci ildə order əsasında iddiaçının anası və cavabdehin nənəsi Telli Şamilovaya verilmişdir. Mənzil hal-hazıra kimi özəlləşdirilməmişdir. Bu səbəbdən mübahisəyə mənzilə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988-ci il tarixli orderdə icarədarın ailə üzvü kimi iddiaçının atası Vidadi Şamilovun da adı göstərilmişdir. Həmin vaxt iddiaçı Vidadi Şamilovun və dolayısı ilə Telli Şamilovanın ailə üzvü olmaqla mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı uzun illər həmin mənzildə yaşamış, lakin sonradan cavabdehlə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalmışdır. Onun başqa yaşayış yeri yoxdur və münbahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı vardır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3229/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3229/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver