Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-324/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi iddiaçının nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,07 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və evin iddiaçı tərəfindən alınmış bütün əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz vəsaiti hesabına İsmayılova Ağca Şərif qızının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili iddiaçının xüsusi mülkiyyətinə çevrilmişdir. İddiaçı həmçinin həmin evi öz vəsaiti hesabına bütün zəruri məişət əşyaları ilə təmin etmişdir. Daha sonra iddiaçı nikahdan kənar münasibətdə olduğu cavabdeh ilə həmin evdə yaşamışdır. Evdə yaşayarkən cavabdehin əsl niyyəti bəlli olmuş və qəsdən iddiaçı ilə səbəbsiz, mütəmadi mübahisələr yaradaraq, onu döyərək həmin evdən qovub evə yiyələnmək fikrinə düşərək evi qanunsuz ələ keçirmişdir. Cavabdeh hətta evə dair mülkiyyətçiyə məxsus sənədləri belə ona verməkdən imtina edərək, qanunsuz olaraq özündə saxlamışdır. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan evdən çıxmasını dəfələrlə tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymayaraq, iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir. Cavabdeh və onun nümayəndəsi tərəfindən iddiaya yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 2017-ci il tarixində İmişli rayonunda tanış olmuşdur. Həmin rayonda yerləşən Şirinqum ərazisində cavabdehə məxsus mal-qara ferması olmuşdur. İddiaçı tibb bacısı işləmiş və cavabdeh ilə tanışlığı da cavabdehin İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yaranmışdır. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra cavabdeh Sumqayıt şəhərinə köçmək istədikdə iddiaçı da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün cavabdeh maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satmışdır. Bundan sonra cavabdeh Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X2 ilə tanış olmuşdur. Belə ki, Nazimin arvadı İsmayılova Ağca Şərif qızının adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsinin cavabdehə satılması barədə xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi imzalayaraq, müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi üçün 50 000 manat məbləğində pul notariusun bank hesabına, 13 000 manat məbləğində pul isə X1 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumilikdə 63 000 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 20 000 manat məbləğində pul xərclənmişdir. İddiaçı tibb bacısı vəzifəsində işləməklə qeyd edilən daşınar və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı cavabdeh tərəfindən təmin edilmişdir. Daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdlrlməsində məqsəd isə cavabdehə təyin edilmiş müavinətlərin kəsilməməsi olmuşdur. Belə ki, cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, dövlət tərəfindən ona maddi yardımlar ayrılmışdır. Həmin maddi yardımlar isə məcburi köçkün statusunda olan bir şəxsin adına daşınmaz əmlak rəsmiləşdirildiyi təqdirdə təyin edilmiş maddi yardımlar dayandırılmaqdadır. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsinə iddiaçının adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi uydurma əqddir. Bundan əlavə iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 hektar olan torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi isə hazırda dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1977-ci ildə, Laçın rayonu, Malıbəy kəndində anadan olmuşdur. O, həmin ərazidə də qeydiyyatdadır. İddiaçı ilə İsmayılova Ağca Şərif qızı ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayılova Ağca Şərif qızı Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50 000 manata iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi xx.xx.2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Dəmir Yolu yük həyəti” ünvandakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.0451 hektar olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Oxşar normalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu üçün, iddiaçının həmin ev üzərində də mülkiyyət hüququ əldə edəcəyi ilə bağlı real gözləntisi mövcuddur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Cavabdeh iddia ərizəsinə etirazında “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi və orada inşa edilmiş evin əldə edilməsi üçün vəsait sərf etdiyini qeyd etsə də, həmin hal mübahisənin mahiyyətinə təsir göstərmir. Belə ki, cavabdeh həmin torpaq sahəsi və evlə bağlı vəsait sərf etdiyini hesab edirsə, bununla bağlı pul tələbinə dair ayrıca iddia qaldıra bilər. İddiaçı iddia ərizəsində cavabdehin 0,07 hektar torpaq sahəsində yerləşən tikilidən çıxarılmasını və evin iddiaçı tərəfindən alınmış əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İşdən göründüyü kimi torpaq sahəsinin ümumi sahəsi 0,0451 hektardır. Eyni zamanda həmin evdə yerləşən əşyaların nədən ibarət olması, hansı əşyaların iddiaçı tərəfindən alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun 70 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılsın və həmin ev İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-324/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-324/2023
07.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver