Məhkəmə qərarları › İş №2(060)-3250/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3250/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3250/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, Vəkil, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşdirmə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləməyinə dair hüquqi faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə əmək pensiyası təyin edilməsi üçün iş stajının müəyyən edilməsi zəruridir. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına qədər Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləmişir. Onun iş stajını X4, X1 və X2 şahidlər kimi də təsdiq edə bilərlər. Məlum hadisələrlə bağlı o, qaçqın düşmüş, erməni cəlladları tərəfindən yaşadığı və doğulduğu elindən-obasından didərgin düşmüşdür. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, ərizəçi işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. Şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bu məqama digər tərəfdən yanaşdıqda həmin dövrdə eyni kolxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, ərizəçinin hər hansı sənədinin olmaması mümkünsüzdür. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, hazırda ərizəçiyə pensiya təyin edilməsi üçün bu hüquqi faktın təsdiq edilməsi zəruridir. Belə ki, ərizəçi güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilmək üçün zəruri ümumi iş stajına malik olmalıdır. Belə ki, onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün zərərli işlərdə olan stajı mövcud olsa da, qeyd edilən dövrdə işləməsi barədə əmək kitabçası olmadığı üçün ümumi stajı bu hüququ əldə etməyə imkan vermir. Ərizəçi 1984cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına kimi Ermənsitanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləmiş, 1986-cı ildə Sumqayıt Kimya Texnologiyası Texnikomuna daxil olmuş, 1989-cu ildə isə həmin texnikomu bitirmişdi. Həmin dövrdə əgər o, Gölkənd savxozunda işləməsəydi, zəruri olan iş stajı müəyyən edilməsəydi, onu texnikuma qəbul etməzdilər. Belə ki, staj yığmaq üçün o dövrdə müəyyən işlərdə çalışmaq zərurəti varı idi. Hətta kənd yerlərdində insanlar 10-12 yaşlarından işləməyə başlayırdılar. Rəsmi olaraq isə 16 yaşda işləyirdilər. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək bildirdi ki, təkcə birgə işləyən şəxslərin bu faktı şahid kimi təsdiq etmələri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1967-ci ildə, Ermənistanın Kasnoselo rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına ərizəçiyə məxsus ******* nömrəli əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarına X4 məxsus əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarına ərizəçiyə məxsus 544864 nömrəli diplomun surəti əlavə edilmişdir. İşdə şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun həm qonşusu, həm qohumudur. O, özü də Gölkənd sovxozunda işləyib. Onun işlədiyi dövrdə ərizəçi Gölkənd savxozunda işləmişdir. Ərizəçi 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına kimi orada tütünçülük sahəsində çalışıb. İşdə şahid kimi ifadə vermiş X1 öz ifadəsində bildirmişdir ki, ərizəçinin anasıdır. Ərizəçi 1984-cü ildə məktəbi bitirdikdən sonra Bakıya instituta gedib, sonra qayıdaraq 1984-1986-cı illərdə yanında Gölkənd sovxozunda tütünçülük sahəsində çalışıb. Sonra isə Sumqayıta texnikum oxumağa gəlib. Qaçqınlığa düşdüyü üçün ona əmək kitabçası verilməyib. Özü də o vaxt həmin sovxozda tütünçülük sahəsində işləmişdir. Əmək kitabçası olub, lakin yoldaşı rəhmətə gedəndən sonra onun pensiyası ilə təqaüdə çıxdığı üçün əmək kitabçası orada qalmışdır. İşdə şahid kimi ifadə vermiş X2 öz ifadəsində bildirmişdir ki, ərizəçinin həm uzaq qohumu, həm də qonşusu olmuşdur. Hazırda əmək kitabçası yoxdur. O vaxtdan qalıb, götürə bilməmişdir. Ərizəçi 1984-1986-cı illərdə həmin sovxozda tütünçülük sahəsində işləyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.11.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (13.1). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamədə göstərilmişdir ki, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir (16.). İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir (17.). Göründüyü kimi ərizəçi məhkəməyə üç şahid təqdim etmişdir ki, həmin şahidlər ərizəçinin qeyd edilən dövrdə Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləməsini təsdiq etmişlər. Lakin, qeyd edilən şəhidlərdən yalnız birinin ərizəçinin göstərdiyi dövrdə həmin sovxozda işləməsini təsdiq edən əmək kitabçası mövcuddur. Digər şahidlər isə ərizəçinin qeyd etdiyi dövrdə həmin sovxozda işlədiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən əsasnamədə də göstərildiyi kimi əmək stajı faktı ərizəçi ilə eyni müəssisədə işlədiklərini təsdiq edən sənədləri olan ən azı iki şahidin ifadəsi əsasında müəyyən edilə bilər. Məhkəmə digər iki şahidin ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, ərizəçinin qeyd edilən dövrlər üçün iş stajı iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Bu səbəbdən ərizə əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi onun xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləməsi barədə hüquqi faktın müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar