Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3255/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X1, Cavabdeh Şaxvələd qızının iştirakı ilə, İddiaçı Cavabdeh Şaxvələd qızına qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Şaxvələd qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat əsas borc, müqavilənin rəsmiləşməsi üçün ödənilmiş 100,20 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3130,20 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 03 dekabr 2018-ci ildə kredit müqaviləsinə əsasən 3000 manat borca pul vermişdir. Kredit müqaviləsi 03 dekabr 2018-ci ildə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu 13.01.2018-ci il tarixinə qədər hər həftə 500 manat qaytarmağa söz versə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Hal-hazırda cavabdehin iddiaçıya 3000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Sonuncu dəfə o, cavabdehin qeydiyyatda olduğu ünvana 06.12.2019-cu ildə xəbərdarlıq məktubu göndərsə də, o borcun qaytarmasından imtina etmişdir. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Kredit müqaviləsi imzalanan tarixdə yəni, 03 dekabr 2018-ci ildə müqavilənin rəsmiləşməsi üçün “xxxx” ASC-nin Xətai filialına 92,20 manat, ümumilikdə, 100,20 manat ödəniş etmişdir. Həmçinin cavabdehə 3000 manat pul “xxxx” ASC-nin Xətai filialı vasitəsi ilə ödənilmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək, cavabdehdən yalnız 3000 manat pul və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan həmin qiyabi qətnamə cavabdehin ərizəsinə əsasən ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı onun qızıdır. Onunla və qızı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuşdur. Belə ki, onlar cavabdeh qızıl-zinət əşyaları vermiş və cavabdeh həmin əşyaları sataraq onların pulunu ödəmişdir. Lakin, cavabdehin ödənilməmiş 3000 manat borcu mövcuddur. Cavabdeh ona müəyyən ödənişlər etsə də, bu həmin borcun ödənilməsi üçün edilmiş ödənişlər deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıdan borc almış, maddi vəziyyəti çətin olduğundan qaytara bilməmişdir. İddiaçının bildirdiyi qızıl-zinət əşyalarının satışı ilə bağlı məsələlərin həmin borca heç bir aidiyyəti yoxdur. Həmin borcdan bir sıra ödənişlər etmişdir ki, həmin ödənişlər borc məbləğindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 31.08.1996-cı ildə, Bakı şəhərində anadan olmuş, hazırda Bakı şəhəri, Balandin-42-də qeydiyyatdadır. Cavabdeh isə 06.07.1981-ci ildə, Bakı şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 2 03.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində pul vermiş, cavabeh isə 13.01.2019-cu il tarixədək hər həftə 500 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına tərəflər arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yazışmalar və disk yazısı əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə borcun ödənilməsinə dair qəbzlər təqdim edilmişdir. İşdən göründüyü kimi cavabdeh iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında notarial qaydada kredit (borc) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdeh 3000 manat kredit vermişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit müqaviləsi üzə öhdəliklərini tam yerinə yetirməyərək, kredit borcunu ödəməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh müxtəlif tarixlərdə iddiaçıya bank və ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlərdə pul göndərmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasından sonrakı tarixə olan ödənişlərin ümumi məbləği 630 manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehin ümumi borcundan çıxılmaqla qalan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmin ödənişlərin əslində kredit müqaviləsi ilə əlaqədar deyil, cavabdehlə aralarında olan digər işgüzar münasibətlərlə bağlı ödənildiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesabe dir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2370 (iki min üç yüz yetmiş) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh Şaxvələd qızından tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3255/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3255/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver