Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-326/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə 17 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasını qanunsuz hesab edərək, cavabdeh "xxxx" MMC-nin “əmək müqaviləsinə xitam verilməsinə dair” 15 sentyabr 2021-ci il tarixli 573/k saylı işdən azad olunmaq haqqında əmrinin etibarsız hesab edilməsi, iş yeri olan ”SOCAR - STP” MMC-də Mexaniki Emal zavodunun avadanlıqların xidməti və təmiri üzrə supervayzeri vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, yəni 15 sentyabr 2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində xərcin əvəzinin cavabdeh müəssisədən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müəssisə ”SOCAR - STP” MMC-nin 15 sentyabr 2021-ci il tarixli 573/k saylı işdən azad olunma haqqında əmrinə əsasən, o müəssisədə çalışdığı - Avadanlıqların xidməti və təmiri üzrə supervazyeri vəzifəsindən 15.09.2021-ci il tarixdən azad olunmuşdur. Cavabdeh müəssisə işdən azad olunmasını, tərəflər arasında bağlanmış 09.09.2021-ci il tarixli əmək müqaviləsi müddətinin bitməsi ilə əsaslandırmışdır. Cavabdehin barəsində çıxarılmış “işdən azad olunma haqqında” əmri ilə razı deyil, onu əsassız və qanunsuz hesab edir. Belə ki, işəgötürənin işçi olaraq ona münasibətdə əmək müqaviləsinin, habelə əmək qanunvericiliyinin normalarının tətbiqi zamanı kobud surətdə pozuntulara yol verməklə tərəflər arasında fərdi əmək mübahisəsinin başlamasına zəmin yaratmışdır. Fərdi əmək mübahisəsinin həlli və pozulmuş əmək hüquqlarının müdafıəsilə bağlı o, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediator xidmətinə müraciət etmişdir. Belə ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər arasındakı fıkir ayrılığı qalması və barışıq əldə edilmədiyindən mübahisə öz həllini tapmamışdır. Odur ki, əmək mübahisəsinin davamı olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, texniki biliklərə malik olmaqla yüksək ixtisaslı mühəndisdir. Belə ki, ali təhsilini Azərbaycan Sənaye Universitetində almış və 1991-ci ildə oranı bitirməklə mühəndis - mexanik ixtisasına yiyələnmişdir. Həmin tarixdən sonra ixtisası üzrə müxtəlif texniki vəzifələrdə çalışmışdır. 2012-cı ildən əmək fəaliyyətini "xxxx" MMC-də (bundan sonra STP) davam etdirmişdir. STP-də müxtəlif texniki vəzifələrdə çalışmış və müəssisədə sonuncu çalışdığı iş yeri - Avadanlıqların xidməti və təmiri şöbəsinin rəisi vəzifəsi olmuşdur. Həmin müəssisədə yüksək ixtisaslı mühəndis kimi çalışdığını nəzərə alan STP MMC-nin rəhbərliyi ona yüksək əmək haqqı, eləcə də əlavə xərclərin ödənilməsi paketi təyin etmişdir. Bütün bunlarla yanaşı müəssisə onunla müddətsiz əmək müqaviləsi bağlamaqla onun orada çalışmağına qarant yaratmış olmuşdur. 2020-ci ilin fevral ayında SOCAR və STP MMC, çalışdığı müəssisənin platformasında birgə müəssisə yaratmaq haqqında razılığa gəlmiş və tərəflərin təsis etdiyi yeni müəssisə ”SOCAR- STP” MMC adlanaraq, 04 aprel 2020-ci il tarixində dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Yeni müəssisənin rəhbərliyi ixtisaslı kadr kimi onu ora dəvət etmiş, perspektiv planlardan ağız dolusu danışaraq, işinin eyni vəzifədə (statusda) qalmaqla yeni iş yerində əmək haqqının əvvəlkindən 2 dəfə çox almaq qarantı vermişdir və o bu vədlərə inanaraq STP-dən ”SOCAR - STP” MMC-yə keçməyə razılıq vermişdir. Bu zaman iş üzrə cavabdeh müəssisə ilə (yeni işəgötürən) o hər hansı bir müddətli müqavilə bağlamamış və heç bir müqaviləyə imza atmamışdır. Beləcə əvvələr olduğu kimi iş yerində çalışmaqda davam etmiş və bir il müddət ötdükdən sonra, yəni 15 sentyabr 2021-ci il tarixdə müəssisənin insan resursları departamentinin əməkdaşları ona əmək müqaviləsi müddətinin bitməsi səbəbindən işdən azad olunmağını bəyan etmişdir. Bu xəbərdən şəkərli diabet xəstəsi olaraq halı pisləşmiş və iş yerini tərk etmişdir. Həkim məsləhətinə əsasən bir həftə ambulator müalicə aldıqdan sonra, 23.09.2021-ci il tarixdə cavabdeh müəssisəyə getmiş, barəsində çıxarılmış işdənçıxma əmri ilə tanış olmuş və yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh müəssisə onunla guya 09.09.2020-ci il tarixdə bir illik müdətli əmək müqaviləsi bağlamış və heç bir xəbərdarlıq etmədən müqavilənin müddətinin (15.09.2021ci il) bitməsi bəhanəsi ilə onu bir il bir həftə sonra işdən azad etmişdir. Cavabdeh müəssisə özünün 573/k saylı əmrində əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərsə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulan məcəllənin müvafiq maddəsini, hissəsini və bəndini düzgün göstərməmişdir. Yəni əmrin həmin hissəsində ƏM-nin 73.1-ci maddəsi qeydi əvəzinə, ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi qeyd etmişdir. Digər pozuntu kimi əmrdə xitam ilə əlaqədar işçiyə son haqqhesabın hesablanıb işçiyə ödənilməsinə dair məlumatın göstərilməməsidir. Belə ki, ƏM-nin 84-ci maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi düzgün göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsini nəzərdə tutur. Belə olan halda həmin pozuntuların dairəsi iddiaçı olaraq ona imkan verir ki, əmək mübahisəsi üzrə sözügedən əmrin etibarsız hesab edilməsi tələbini qaldırsın. Yuxarıda qeyd etdiyi kimi əvvələr işlədiyi müəssisənin platformasında yaradılmış birgə müəssisədən dəvət alaraq 09.09.2021-ci il tarixdən orada işləməyə başlamış və bu zaman cavabdeh müəssisə ilə (yeni işəgötürənlə) o heç bir müddətli müqavilə bağlamamış və heç bir müqaviləyə imza atmamışdır. O əmək müqaviləsinin şərtləri ilə yalnız işdən azad olunduqdan sonra, yəni 23.09.2021-ci il tarixdə əmək kitabçası alarkən tanış olmuş və bu zaman yalnız müqavilənin bir nüsxəsinin alınması hissəsini imzalamışdır. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, ƏMnin 47-ci maddəsində müəyyən edilən hallar (mövsümü işlər, iş həcminin qısamüddətli olduğu hallar) istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin hazırkı halda cavabdeh (işəgötürən) sui-istifadə hallarına yol verərək, işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda eləcə də işçi olaraq onun iradə əleyhinə olaraq müqaviləni müddətsiz əvəzinə, müddətli əmək müqaviləsi formasında rəsmiləşdirməklə, Əmək Məcəlləsinin 45.4-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən cavabdeh onunla əmək münasibətlərini davam etdirmək niyyəti yox idisə və 15.09.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verməkdə israrlı idisə, onda onu qabaqcadan (09.09.2021-ci il tarixədək) nəzərdə tutulmuş qaydada xəbərdar etməkdə borclu idi. Belə ki, tərəflər arasında olan və tərəfindən mübahisələndirilən əmək müqaviləsinin 11.1-ci bəndinə əsasən 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğvini ehtiva edir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçini qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar etməlidir. Mülki, o cümlədən əmək qanunvericiliyinin müqavilənin bağlanması ilə bağlı mütləq tələbləri bunlardır: - Tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlməsi; - Müqavilə zəruri şərtə əməl etməklə bağlanmış sayılır: a) Tərəflər müqavilənin biitün mühüm şərtləri barədə razılığa gəlməlidirlər. b) Tərəflərin razılığı tələb olunan formada rəsmləşdirməlidirlər. Müqavilənin bağlanması - hər bir tərəfın iradə ifadəsinin əks olunması və bu iradə ifadəsinin üst-üstə düşməsidir. Hesab edir ki, cavabdeh müəssisə barəsində çıxardığı işdən azad olunma haqqında əmrdə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün əsaslandırmamış, eləcə də işçi olaraq onunla müddətli əmək müqaviləsinin bağlanması onun iradə ifadəsini əks etməmiş və bunun davamı olaraq əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyin tələblərini pozmaqla nəticələnmişdir. Onu da qeyd edir ki, 59 yaşı var, ailəlidir, ailə üzvüləri 4 nəfərdən ibarətdir, ailə başçısı olmaqla ailədə yeganə qazanc gətirən odur, həmçinin İİ dərəcəli şəkərli diabet xəstəsi, eyni zamanda 38 ilə yaxın əmək stajına malikdir. Cavabdeh müəssisə əmək hüququna qanunsuz xitam verməklə, eyni zamanda gələcəkdə layiqli əmək pensiyasının alınması imkanından da onu məhrum etmişdir. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq ölkə başçısı cənab prezident İlham Əliyev tərəfındən xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədini daşıyan sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinin həssaslıqla yanaşılmasına dair müvafıq tövsiyyələr verilmişdir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2012-ci ildən etibarən STP-də müxtəlif vəzifələrdə işləmişdir. Son dövrlər STP Avadanlıq və Xidmət Təmiri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2020-ci ildə SOCAR-STP müştərək müəssisəsi yaradılmışdır. STP-nin iki zavodu oranın tabeliyinə verilmişdir. SOCAR-STP-nin baş direktoru Fərid Ağayev onu yanına dəvət edərək onlarla işləməsini xahiş etmişdir. Öz işinin öhdəsindən hər zaman yüksək səviyyədə gəlmişdir, bütün subordinasiya qaydalarına riayət etmişdir. Müəssisə çox böyükdür, 17 zavoddan ibarətdir və hər birində onun yüksək zəhməti, əməyi olmuşdur. Onun müqaviləsi müddətsiz olaraq qalmalı idi, onlar isə 1 illik müqavilə imzalayıblar. Hətta o müqavilə ilə sentyabrın 23-ü işdən sənədləri alanda tanış olmuşdur. Sentyabrın 9-u müqavilənin müddəti bitmişdi, ona isə sentyabrın 15-i məlumat verilmişdir. İşdən azad olunduğunu öyrəndikdə əsəbləşmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün səhhətində ciddi problemlər yaranmışdır. Bu hadisədən sonra bir müddət səhhətində problemlər yaranmış və nəhayət ayın 23-ü sənədləri götürmək üçün getmişdir. Orada göründüyü kimi ayın 23-ü sənədləri qəbul etmiş və imzalamışdır. Əmək kitabçasını təqdim etməmiş, imza atmağını tələb etmişlər. O da kitabçanı əldə etmək üçün məcbur olaraq imzalamışdır. Müqaviləni sentyabrın 23-ü imzalamışdır. Həmin tarixə qədər müqaviləni görməmişdir. O imzanı atmadığı təqdirdə sənədləri verilməyəcəkdi. Müqavilə ilə işə qəbul zamanı tanış olsa idi, razılıq verməzdi. Çünki daimi iş yerini atıb müvəqqəti işə başlamaq istəməzdi. Bundan əlavə iddiaçı 35 ildən artıq istehsalat əmək təcrübəsini, yüksək səviyyəli mühəndis mexanik mütəxəssisi, 10 ildir STP-nin tikintisindən istehsal fəaliyyətinə kimi əməyi olmuş, işini, ixtisasını sevən, müxtəlif texniki sahələrə rəhbərlik etmiş kadr kimi və vətəndaş olaraq Azərbaycan Respublikasının mənafeyini qoruyan, iqtisadi inkişafına daima dəstək olaraq töhfələr vermiş, vətəndaş olaraq əmək hüquqları pozulmuş, şəkərli diabet xəstəsi, pensiya yaşına 6 il qalmış, ailə başçısı olaraq ailənin dolanışığını təmin edən, ailədə təkcə özünün əmək fəaliyyətilə məşğul olmasını və müasir əmək bazarında iş yerlərinin məhdud olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, əmrin nəticə hissəsində ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi əvəzinə ƏM-nin 73.1-ci maddəsinə istinad olunmalı idi. Bu isə əmrin etibarsız hesab edilməsi üçün əsasdır. Digər tərəfdən əmək qanunvericiliyinin işçinin işəgötürən tərəfindən 1 ay əvvəl xəbərdar olunması barədə şərti hazırki halda da, işçinin əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləndə də tətbiq olunmalıdır. Bu səbəbdən İddiaçı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ən azı 1 ay əvvəl, heç olmasa 1 həftə əvvəl xəbərdarlıq olunmalı idi. Lakin iddiaçıya xəbərdarlıq olunmamış və nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, ilk növbədə Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilməlidir. Burda müddətli əmək müqaviləsi ilə bağlı qeyd olunmuşdur ki, müddətli əmək müqaviləsi bağlanan zaman bir il müddət keçdikdən sonra əgər tərəflərdən biri əmək münasibətlərini davam etdirmək istəmirsə növbəti 1 həftə ərzində qarşı tərəfə xəbərdarlıq edir və əmək münasibətləri dayandırılır. Hazırki halda da belə olmuşdur, 9 sentyabr 2020-ci ildə əmək müqaviləsi bağlanmış və 9 sentyabr 2021-ci ildə 1 illik müddət sonra çatmışdır. 9 sentyabr və 15 sentyabr arasında da 6 gün müddət vardır. Yəni 1 həftə müddət ərzində onlar qanunvericiliyin tələblərinə əməl edərək bir həftədən tez müddətə qarşı tərəfə xəbərdarlıq etmişdir ki, əmək müqaviləsinin müddəti bitmişdir və əmək müqaviləsinin müddətini uzatma istəyi yoxdur. 15 sentyabrda qarşı tərəfə xitam bildirişi göndərilmişdir, həmin bildirişdə əmək kitabçası, işə giriş vəsiqəsi və digər sənədləri təhvil almalı olduğu qeyd olunmuşdur. İnsan Resursları mütəxəssisləri tərəfindən həmin tarixdə 1 nömrəli Akt tərtib edilmişdir. Sözügedən aktda qeyd olunmuşdur ki, Zöhrab bəy bildirişlə tanış olmaqdan və onu imzalamaqdan imtina etmişdir. Sonra 2 nömrəli akt tərtib olunmuş və orda qeyd olunmuşdur ki, Zöhrab bəy əmək kitabçasını götürməkdən imtina etmişdir, lakin iş və giriş vəsiqəsini onlara təqdim etmişdir. Bunlara baxmayaraq onlar yenə əmri imzalamalı və sənədləri götürməli olduğu barədə cavabdehə bildiriş göndərmişlər. 23 sentyabr tarixində 3 nömrəli akt tərtib olunmuşdur. Bu səbəblə ki, işdən azad olunma ilə bağlı sənədin əslinə Zöhrab bəy imza atmışdır və qəbul etməsi ilə bağlı qeyd yazmışdır. Sentyabrın 15-dən 23nə kimi hansısa səbəbdən sənədləri götürməmiş və ayın 23-ü özü gəlib götürərək imzalamışdır. Əmək müqaviləsində açıq şəkildə qeyd olunmuşdur ki, müqavilə 1 il müddətinə bağlanmışdır. O özü hazırda SOCAR STP-də baş hüquq məsləhətçisi vəzifəsində çalışır, onunla 1 illik müqavilə bağlanmışdır və o, tanış olaraq imzalamışdır. Zöhrab bəy də tanış olaraq imzalamışdır. Daha sonra işdən azad olunma ilə bağlı əmrə gəldikdə isə həmin əmr qanunvericiliyin tələbləri əsas götürülməklə hazırlanmışdır. Ona görə də nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Cavabdeh MMC tərəfindən qəbul edilmiş 15.09.2021-ci il tarixli 573/k saylı əmrdən görünür ki, İddiaçı, Cəmiyyətin X8 Avadanlıqların xidməti və təmiri üzrə supervazyeri 09.09.2021-ci il tarixli əmək müqaviləsinə 15.09.2021-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi əsası ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməklə tutduğu vəzifədən azad olunmuşdur. Əmr İddiaçı tərəfindən 23.09.2021-ci il tarixdə qəbul edilmişdir. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09.09.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə 09.09.2020-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. Müqavilənin 11.1-ci bəndinə əsasən əmək müqaviləsi ƏM-nin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən nüsxəsində “müqavilənin 1 nüsxəsini aldım” hissəsi İddiaçı tərəfindən imza edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında İddiaçı 09.09.2020-ci il tarixli əmək müqaviləsi ilə həmin tarixdən Cəmiyyətin X8 Avadanlıqların xidməti və təmiri üzrə supervazyeri vəzifəsinə qəbul edildiyi, 15.09.2020-ci il tarixdə müqavilənin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə qeyd edilmişdir. İşdə olan Cavabdeh MMC-nin məhkəməyə ünvanlanmış 02.11.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 9 sentyabr 2020-ci il tarixində SOCAR-STP MMC və İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi imzalanmışdır. 15 sentyabr 2021-ci il tarixində SOCAR-STP MMC tərəfindən İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması səbəbilə əmək müqaviləsinə xitam bildirişi göndərilmişdir. Lakin İddiaçı yazılı bildirişlə tanış olmaqdan və onu imzalamaqdan imtina etmişdir. Beləliklə Cəmiyyətin İnsan Resursları departamenti tərəfındən 1 nömrəli Akt tərtib olunmuş və İddiaçı bildirişi imzalamaqdan imtina etdiyi aktda əks etdirilmişdir. 15 sentyabr 2021-ci il tarixində Cəmiyyət tərəfindən İddiaçıa onun əmək kitabçasını İnsan Resursları departamentinə gələrək götürməsi və ya ona bu sənədin poçt vasitəsilə göndərilməsi haqqında bildiriş göndərilmiş, lakin İddiaçı əmək kitabçasını götürməkdən imtina etmişdir. İddiaçı əmək kitabçasını təhvil almaması barədə İnsan Resursları departamenti tərəfindən 2 nömrəli Akt tərtib olunmuşdur. 23 sentyabr 2021-ci il tarixində İddiaçı Cəmiyyətin ofısinə gəlmiş, 15 sentyabr 2021 -ci il tarixli, 573/k nömrəli "İşdən azad olunmaq haqqında’ əmrin əslinə “Qəbul etdim 23.09.2021” qeyd edərək imzalamış və əmək kitabçasmı təhvil almışdır. Bu barədə müvafiq olaraq 3 nömrəli Akt tərtib edilmişdir. Yuxarıda qeyd edilən bildirişlərin, aktların, və digər əlaqəli sənədlərin fıziki nüsxələri bu məktuba əlavə edilmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 15.09.2021-ci il tarixli bildirişdən görünür ki, onunla bağlanılmış 09.09.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 09.09.2021-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlər tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 15.09.2021-ci il tarixdən etibarən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcək və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacaqdır. İşdə olan 15.09.2021-ci il tarixli 01 saylı aktdan görünür ki, Cavabdeh MMC-nin İnsan resurları üzrə meneceri X4 və İnsan resursları üzrə kiçik mütəxəssis X1 xidməti və təmiri üzrə supervayzeri vəzifəsində çalışan İddiaçı ona 15 sentyabr 2021-ci ii tarixində təqdim edilmiş yazılı bildiriş ilə tanış olmaqdan imtina etməsi barədə bu aktı tərtib etmişlər. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 15.09.2021-ci il tarixli bildirişdən görünür ki, onunla bağlanılmış 09.09.2020-ci ii tarixli əmək müqaviləsinin müddəti 09.09.2021-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviiəsi üzrə münasibətlər tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi barədə ona şifahi və yazılı xəbərdarlıq təqdim olunmuşdur, 15.09.2021-ci il tarixdən etibarən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmin tarixdə əmək kitabçasının hazır olduğu barədə ona məlumat verilmiş, lakin o götürməkdən imtina etmişdir. Əmək kitabçasını götürmək üçün SOCAR-STP MMCyə yaxınlaşması və ya qanunverciliyə müvafiq olaraq poçt vasitəsilə ona göndərilməsinə münasibət bildirməsi xahiş olunur. İşdə olan 15.09.2021-ci il tarixli 02 saylı aktdan görünür ki, Cavabdeh MMC-nin İnsan resurları üzrə meneceri X4 və İnsan resursları üzrə kiçik mütəxəssis X1 xidməti və təmiri üzrə supervayzeri vəzifəsində çalışan İddiaçı 15.09.2021-ci il tarixində əmək kitabçasını götürməsi və xitam əmri ilə tanış olması üçün ona məlumat verilməsinə baxmayaraq, 15.09.2021-ci il saat 14:30-da yaxınlaşaraq iş və giriş vəsiqəsini təhvil verərək, əmək kitabçasını götürməkdən imtina etməsi barədə bu aktı tərtib etmişlər. İşdə olan 23.09.2021-ci il tarixli 03 saylı aktdan görünür ki, Cavabdeh MMC-nin İnsan resurları üzrə meneceri X4 və İnsan resursları üzrə kiçik mütəxəssis X1 xidməti və təmiri üzrə supervayzeri vəzifəsində çalışmış və əmək müqaviləsinə 15.09.2021-ci il tarixində xitam verilmiş İddiaçı 23.09.2021-ci il tarixində günorta radələrində ofisə gələrək, 15.09.2021-ci il tarixində götürməkdən imtina etdiyi əmək kitabçasını təhvil alması, əmrin surətini istəməsi, 15.09.2021-ci il tarixində əmək müqaviləsinə xitam vermək barədə bildiriş ilə tanış olmaqdan, həmçinin əmək kitabçasını təhvil götürməkdən və müvafiq əmrlə tanış olmaqdan imtina etməsinə baxmayaraq, əmrin surətini götürərkən əmrin əslinə “Qəbul etdim 23.09.2021” qeydini yazıb imza atması barədə bu aktı tərtib etmişlər. İş materiallarına əlavə olunmuş məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin 22.11.2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə İddiaçı adına Cavabdeh MMC tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı məhkəməyə təqdim edilmiş, eyni zamanda Cavabdeh MMC tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə bildirişlərin daxil edilməsinə əsas verən sənədlərin X6 Xidmətində mövcud olmadığı bildirilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 09.09.2020-ci il tarixdə Cavabdeh MMC-nin X8 Avadanlıqların xidməti və təmiri üzrə supervazyeri vəzifəsinə qəbul edilmişdir. Bildiriş sistemə 09.09.2020-ci il tarixdə daxil edilmiş və imzalanmışdır. Əmək müqaviləsinin növü müddətlidir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqailəsinə 15.09.2021-ci il tarixdə ƏM-nin 68.2, b) əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bildiriş sistemə 15.09.2021-ci il tarixdə daxil edilmiş və imzalanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.12.2021-ci il tarixli **********473400 saylı və 06.01.2022-ci il tarixli **********911000 saylı məktubu ilə məhkəməyə ünvanlanmış uçot baza məlumatlarından görünür ki, İddiaçı 09.09.2020-ci il tarixli müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə işə qəbul edilmiş, müqavilənin müddəti 09.09.2021-ci il tarixdə bitmiş, 15.09.2021-ci il tarixdə sistemə əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş yerləşdirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də müddətli əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, b) bəndi). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh MMC arasında 09.09.2020-ci il tarixdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 09.09.2021-ci il tarixdə bitmiş, 15.09.2021-ci il tarixdə müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir və bu barədə eyni tarixli əmr qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45.1). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (maddə 45.3). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (maddə 45.4). Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi hazırki halda əmək müqaviləsinin müddəti 09.09.2021-ci il tarixdə bitmiş, həmin vaxtdan bir həftə ərzində, yəni 15.09.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş prosedurlara riayət olunmuşdur. İddiaçı məhkəmə iclasında onunla bağlanmış əmək müqaviləsinin müddətli olmadığını, onun belə bir müqavilə imzalamadığını, onunla əmək münasibətlərinə xitam verildikdən sonra sözügedən əmək müqaviləsini imzaladığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının onunla müddətli əmək müqaviləsinin bağlanmaması, müqaviləni onunla əmək münasibətlərinə xitam verildikdən sonra imzalaması barədə dəlilləri işdə olan sübutlarla, yəni iş materiallarında olan 09.09.2020-ci il tarixdə iddiaçı tərəfindən imzalanmış əmək müqaviləsinin (o cümlədən əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya təqdim olunması barədə iddiaçının imzası) surəti, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə müqavilənin bağlandığı gün - 09.09.2020-ci il tarixdə daxil edilməsi və orada müqavilənin növünün müddətli olması barədə qeyd edilməsi ilə də təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-326/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-326/2022
17.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver