Məhkəmə qərarları › İş №2(060)-3278/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3278/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3278/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 10/13 saylı binadakı yaşayış sahəsi 60,9 kv.m, üç otaqlı 40-cı mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdeh həmin ünvanda yaşamır və faktiki olaraq onun mülkiyyətində olan ünvan 113, mənzil 40-da qeydiyyatda qalmışdır. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etsə də, buna məhəl qoymamışdır. Bu səbəbdən Cavabdeh mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh yaşayış yerini dəyişmiş və mübahisəli mənzildə yaşamır. Cavabdeh daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmişdir. Ona görə də cavabdehin bu yaşayış sahəsində istifadə hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 10/13 saylı binadakı 40-cı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 7 saylı MKS tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 10/13 saylı evin 40 saylı mənzilin 5/6 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, 10/13 saylı evin 40 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİİB-nin 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, 10/13 saylı evin 40 saylı mənzilində hüququ olmayanlar kimi qeydiyyatdadır, yaşamır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, 10/13 saylı evin 40 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, 10/13 saylı evin 40 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar