Məhkəmə qərarları › İş №2(060)-3280/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3280/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3280/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 1968-ci ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Cıvıxlı kəndində anadan olmuş X3, soyadının Vəliyev, adının Vəli kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Vəli, soyadının Vəliyev, atasının adının Qara, ana qarafasında anasının adının Ağca, soyadının Vəliyeva, atasının adının isə İsmayıl kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinə dəqiqləşmə verərək, 23 noyabr 1968-ci ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Cıvıxlı kəndində anadan olmuş X3 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun qardaşıdır. 23 noyabr 1968-ci il təvəllüdlü X5 Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Cıvıxlı kəndində anadan olmuşdur. Mərhum qardaşı 28 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Fizuli rayonunun ırazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bunu mərhumun adına verilmiş ölüm haqqında şəhadətnamə təsdiq edir. 1988-ci ildə onlar öz doğma yurdyuvalarından qovularkən mərhum qardaşına məxsus olan doğum haqqında şəhadətnamə yaşadıqları kənddə qalmışdır. Həmin sənədin dublikatını almaq mümkün deyildir. Bu səbəbdən də Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Sumqayıt şəhər qeydiyyat şöbəsi özünün 04.03.2021-ci il tarixli, 05/Q- 537/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 04.03.2021-ci il tarixli, 05/Q-537/15 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 11 iyul 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 024998 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyun 1992-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində mina partlayışında döş qəfəsinin yaralanması nəticəsində Fizuli rayonunda ölmüşdür. - Sumqayıt Şəhər Polis İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, 23.11.1968-ci il təvəllüdlü X5 şəxsiyyət vəsiqəsi almadığı üçün, şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 noyabr 1968-ci il təvəllüdlü X5 Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Cıvıxlı kəndində anadan olmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 05.01.2008-ci ildə X6 ölmüşdür. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 21.04.1989-cu ildə X4 ölmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi qardaşının doğum haqqında şəhadətnaməsi itirildiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X3 doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 23.11.1968-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndi, atasının adı qrafasında X6, anasının adı qrafasında X4 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 23.11.1968-ci il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunun, Cıvıxlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X1, adı və atasının adı “X5”, doğum tarixi “23.11.1968-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndi”, atasının adı qrafasında “X6”, ana qrafasında “X4” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar