Məhkəmə qərarları › İş №2(060)-3327/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3327/2022

08.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3327/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Qarşılıqlı iddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh1 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 08 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia tələbini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi Əliyev Həsənbala Ağa oğluna məxsusdur. Əliyev Həsənbala Ağa oğlu onun - İddiaçı1 atasıdır. O, xx.xx.2011-ci ildə vəfat etmışdir. İş üzrə cavabdehlər onun (İddiaçı1) qardaşı və qardaşı qızıdır. Onlar mübahisəli mənzildə qeydiyyatdadırlar və həmin mənzildə də yaşayırlar. Qeyd edirlər ki, onların mübahisəli mənzildə pasport qeydiyyatı və istifadə hüquqları var. Belə ki, onlar uzun müddət həmin mənzildə yaşamışdırlar. Lakin hazırda cavabdehlər onun həmin mənzildə yaşamaqlarına imkan vermirlər. Ona görə də onlar (İddiaçı1 və İddiaçı2) məcbur olub hazırda qızına məxsus evdə, İddiaçı3 isə kirayədə yaşamışdırlar. Onların daimi yaşayış yerləri yoxdur. Cavabdehlər isə onların istifadə hüquqları olan mənzildə yaşamaqlarına mane olurlar. Ona görə onlar hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra Cavabdeh1 ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2, İddiaçı3 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Sumqayıt şəhər Məhkəməsində ona qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia qaldırmışdılar. Həmin iş üzrə qarşılıqlı iddia vermək qərarına gəlmişdir. Qeyd edir ki, cavabdehlər qardaşı və onun ailəsidir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi mərhum valideynlərinin evidir. Mərhum anası X13 xx.xx.2010-cu il və mərhum atası Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Cavabehlər 25 ildən çoxdur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evini birdəfəlik daimi olaraq tərk edərək yaşamaq üçün başqa yerə köçüb gediblər. Qeyd edir ki, xx.xx.1992-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən cavabdeh İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi yaşayış evi tikmək üçün sahəsi 600 m2 olan torpaq sahəsi ayrılmışdır. Lakin, faktiki olaraq qardaşı həmin ərazidə 15 sot torpaq sahəsi zəbt etmişdir. 1993-cü ildən başlayaraq mərhum atası və onların hamısının dəstəyi ilə qardaşına ev tikməyə başlamışdırlar. Həmin evi tikənə qədər mərhum atası onun üçün həyətdə ayrıca ev tikmişdir. Cavabdeh təzə evi tikərkən həyətlərində olan fərdi yaşayış evini də tam sökərək, inşaat materiallarını yeni evlərində istifadə etmişdir. Təqribən 1999-2000-ci illərdə onların evindən tamamən köçüb getmişdilər. Yuxarıda qeyd etdiyi kimi cavabdeh 25 ildən çoxdur ki, özünün evində yaşayır. Hal-hazırda isə onunla ev davası edir. İddiaçı1 məxsus evin sənədlərinə əsasən ev onun qızı X5 adına sənədləşdirilib və sənədlərdə torpaq sahəsi 323 m2 və ünvan 2 ünvanında yerləşən 13 saylı fərdi yaşayış evi göstərilmişdir. Cavabdehlərin pasport qeydiyyatları formal xarakter daşıyır. Onlar evə dair heç bir hüquq vəzifə yerinə yetirmirlər.Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddiaçılar İddiaçı2 İddiaçı1 həyat yoldaşı, Səbinə də onların qızıdır. Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdeh isə qardaşı qızıdır. İlk növbədə qeyd edir ki, mübahisəli mənzil - Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi tərəflərin atası Əliyev Həsənbala Ağa oğluna məxsus olmuş, Həsənbala Əliyev xx.xx.2011-ci ildə vəfat etmişdir. Fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Evə dair ancaq 1998-ci il tarixli 163 nömrəli texniki pasport tərtib olunmuşdur. İlkin iddiaçılar ata evi kimi həmin mənzildə bir müddət yaşamış, lakin sonra aralarında ailədaxili problemlər yaşandığına görə iddiaçı məcbur olub həmin evi tərk etmiş və yaşamaq üçün kirayə ev tutmuşdur. Tərəflər arasında razılıq olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar və halhazırda həmin mənzildə də yaşayırlar. Qeyd edir ki, ilkin iddiaçının da mübahisəli mənzildə pasport qeydiyyatı və istifadə hüququ var. Lakin hazırda qarşı tərəf ilkin iddiaçıya həmin mənzildə yaşamağa imkan vermir. Hazırda ilkin İddiaçı3 kirayədə yaşayır. Nizami və yoldaşı isə qızının evində yaşayır. Məhkəməyə təqdim olunmuş arayışlardan görünür ki, sözügedən mənzildə qeydiyyatda olanlar çox olsa da, onlar faktiki olaraq yaşayan şəxsləri cavabdeh olaraq qeyd etmişdirlər. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirmək istəyir ki, hazırki vəziyyətdə mənzilin sahibi Nazim olmadığına görə qarşılıqlı iddia tələbi üçün subyektiv hüququ yoxdur. Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Onu da qeyd edir ki, DƏDRX-in xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı1 və X3 başqa sorğuda qeyd olunan digər vətəndaşların adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmiş, yəni mübahisəli mənzil DƏDRX-də kiminsə adına qeydiyyatdan keçməmişdir. Əlavə olaraq onu da bildirir ki, mübahisəli evin yanında Nizamiyə məxsus başqa bir ev də olmuşdur. İddiaçı 3-4 il bundan əvvəl sökülən evdən çıxmışdırlar. Bundan istifadə edən cavabdehlər həmin evi sökərək tövlə etmişdirlər. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirmək istəyir ki, Cavabdeh1 belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzilə dair ancaq texniki pasport var. Hazırda həmin mənzil qarşılıqlı iddiaçının mülkiyyətində deyil. Mənzilə dair DƏDRX-dən çıxarış alınmamışdır. Hal hazırda Cavabdeh1 hüquqlarından sui istifadə etməklə İddiaçı1 və onun ailəsini qeydiyyatdan çıxarmağa çalışır. Əgər qarşılıqlı iddia təmin olunarsa və İddiaçı1 qeydiyyatdan çıxarılarsa o, miras əmlakdan da məhrum olacaqdır. Halbuki İddiaçı1 də vərəsədir. İddiaçı1 miras əmlakı bu günə kimi qəbul etməsə də, onun notariusda miras payı saxlanılır. Qeyd edir ki, İddiaçı1 mübahisəli mənzilə olan istifadə hüququna xitam veriləcəyi təqdirdə, notarius tərəfindən miras əmlakın qəbulu ilə bağlı 6 ay müddətə aid qaydalar tətbiq olunacaqdır. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh1 izahat verərək bildirdi ki, qarşı tərəfin qeyd etdikləri yalandır. Hazırda mübahisəli evdə o, ailəsi ilə birlikdə yaşayır. İddiaçı1 1999-2000-ci illərdə həmin evdən çıxmışdır. Qeyd edir ki, 1992-ci ildə İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi yaşayış evi tikmək üçün sahəsi 600 m2 olan torpaq sahəsi ayrılmışdır. Qardaşı Nizami üçün həmin torpaq sahəsində hamısı birlikdə ev tikmişdir. Nizami ailəsi ilə birlikdə həmin evə köçmüşdür. 22 ildi Nizami ona məxsus mənzildə yaşamır. Atası rəhmətə gedəndə yas onun evində olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkili Vəkil1 izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir. Belə ki, ilkin iddia tələbinin heç bir hüquqi əsası və mənası yoxdur. İlk növbədə onu qeyd edir ki, cavabdehlərin dairəsi doğru deyil. Mübahisəli mənzildə qeydiyyatda olanlar çoxdur, tərəflərin digər qardaşları da var. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli Sərəncamına əsasən Kotec qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı1 adına 600 kv/m torpaq sahəsi ayrılmışdır. Hamının köməkliyi ilə 0,15 ha sahədə İddiaçı1 üçün ev tikilir. İddiaçı1 sözügedən torpaq sahəsinin 0,12 ha sahəsini satıb pul əldə edib özünə yeni ev tikməyə başlayır. Qeyd edir ki, İddiaçı1 həyətdə özünə məxsus, yaşadığı fərdi yaşayış evi sökərək materiallarını aparıb təzə evinin tikilməsi zamanı istifadə edir. İddiaçı1 ailəsi ilə birlikdə 1998-ci ildə tam şəkildə həmin evə köçür. Məhkəmənin bir daha nəzərinə çatdırır ki, ilkin iddiaçılar 25 ildir ki, sözügedən mənzildə və bu həyətdə yaşamırlar, həmin evdə heç bir əmlakları yoxdur, evə dair hüquq və vəzifələr yerinə yetirmirlər. 25 ildən sonra belə iddianın qaldırılması qanunsuz və əsassızdır. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, ata Həsənbala Əliyevin hələ sağlığında İddiaçı1lə münasibəti yaxşı olmayıb. Hazırda H.Əliyevin yeganə vərəsəsi də Nazimdir. Belə ki, miras əmlakı faktiki olaraq Cavabdeh1 qəbul edib. İlkin iddiaçıları formal qeydiyyatdan başqa bu evə bağlayan heç nə yoxdur. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, iddia tələblərində israrlıdır. Çünki həqiqətən də qarşılıqlı iddiaçıların hüquqları pozulur. Cavabdeh1 yeganə vərəsə olaraq miras əmlaka-mübahisəli mənzilə sahiblik edir və artıq 11 ildir ki, fasiləsiz olaraq ailəsi ilə həmin mənzildə yaşayır. Nizami və onun ailə üzvləri həmin mənzildə qeydiyyatda olduqları müddət ərzində gələcəkdə də mənzildə yaşayanların hüquqlarına mane ola bilərlər. Keçən məhkəmə iclasında ilkin iddiaçı maraqlı arqument gətirərək o evə köçmək barədə iddia tələbini “qan çəkməyi” ilə əlaqələndirmişdir. Tərəf heç öz vəkilinə düzgün məlumat vermir. Bir daha qeyd edir ki, Nizami mübahisəli mənzildən çıxarılmayıb, öz təsərrüfatını ayıraraq özünə yaşamaq üçün başqa ev tikmişdir. Hazırda ailəsi ilə həmin tikilidə yaşayır. İlkin iddiaçının mübahisəli mənzilə formal qeydiyyatı gələcəkdə başqa nəticələrə səbəb ola bilər. İlkin iddiaçının bu hərəkətləri AR MM-nin 560-nin nin maddəsinin təsir dairəsinə düşür, yəni ilkin iddiaçı hüquqlarından sui istifadə edir. Nümayəndə qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. 01 iyul 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ilkin İddiaçı1 izahat verərək bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Evin böyük oğludur. 1990-cı ildə İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılarkən o, da 1992-ci ildə övladları üçün torpaq sahəsi almış və aldıqdan 10 il sonra ev tikməyə başlamış, evi tikdikdən sonra qızına vermişdir. Gələcəkdə belə hadisələrin baş verməməsi üçün həmin evi qızının adına keçirmişdir. 1996-cı ildə evin əsasını qoymuş, 2002-ci ildə ailəsi ilə birlikdə üstü açıq da olsa ora köçmüşdür. Qeyd edir ki, o, daimi olaraq mübahisəli mənzildən çıxmamışdır. Belə ki, anası ilə yola getmədikləri üçün anası onları evdən qovmuşdur. Hazırda mübahisəli mənzildə yaşamaq istəyir, çünki həmin evə onu “qan çəkir”. İş üzrə ilkin iddiaçılar İddiaçı2, İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS781140662AZ cə SS781140676AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamələr və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, ilkin İddiaçı2 məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, digər ilkin İddiaçı3 isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə ilkin iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, həmin ilkin iddiaçı Nizami, həm də qarşılıqlı iddiaçı Nazim onun qardaşlarıdır. O vaxt atası həyətində Nizami üçün mənzil tikmişdi. Sonradan Nizami üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Nizami orada ev tikib uzun illərdir ki, orada yaşamışdır. Hal-hazırda Nizaminin mübahisəli mənzilə heç bir ehtiyacı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, hər ikisi qardaşıdır. Atası hamısına pay vermişdir, hamının evi var. Nizaminin ərizəsində yazılanlar yalandır. Qeyd edir ki, münasibətləri əvvəllər yaxşı olsa da, Nizami iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra onunla münasibətləri pisləşmişdir. Çünki bütün əziyyəti onun kiçik qardaşı Nazim çəkmişdir. Mübahisəli evə dair bütün kommunal xərcləri də Nazim ödəmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 129 nömrəli, xx.xx.2022 tarixli və 243 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və digərləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və digərləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan 446638 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X2 23 yanvar 1982-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 50 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan AZ İİ-255069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1298 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı evə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən vətəndaş Əliyev Həsənbala Ağa oğlunun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Sözügedən ev üzərində Əliyev Həsənbala Ağa oğlunun mülkiyyət hüququnun tanınması ilə bağlı dövlət reyestrində qeydiyyat aparılmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evində qeydiyyatda olan İddiaçı1, İddiaçı2, X21 oğlu, İddiaçı3, X12, X9, X10, X7, X11, X14 2000-ci il tarixdən həmin ünvanda yaşamırlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli ətraflı arayışdan görünür ki, İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsi, 2-ci paralel küçəsi, 16-cı məhəllə, 13 saylı fərdi evdə qeydiyyatsız yaşayır. 1992-ci ildə ona həmin ünvanda fərdi yaşayış evi tikmək üçün Sumqayıt şəhər XDS İK tərəfindən torpaq sahəsi ayrılmışdır. Təqribən 2000-ci illərdə orada fərdi ev inşa edilmiş və həmin vaxtdan etibarən İddiaçı1 ailə üzvləri ilə birlikdə orada yaşayır. Hal hazırda həmin ev X5 adına sənədləşdirilib. Evə dair sənədlərdə torpaq sahəsinin 323 m2 olduğu göstərilmişdir. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 255 nömrəli, xx.xx.1992-ci tarixli əmrindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi ev tikmək üçün sahəsi 600 m2 olan torpaq sahəsi ayrılması əmr edilmişdir. İşdə olan AZ İ-411514 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cı il tarixdə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 527 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü, məlumatlandırma icraasına müvafiq olaraq vətəndaşın icra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz layihə əsasında İddiaçı1 adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli, 4Ə-2373 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi X5 adına qeydiyyata alınaraq xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin bildirilir ki, sorğuda qeyd olunan digər vətəndaşların adına 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədi. İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi, ev 13 xüsusi mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər ZDS İK-nin xx.xx.1954-cü il tarixli, 13 saylı iclas protokolundan edilmiş arxiv çıxarışından görünür ki, Əliyev Həsənbala Ağa oğluna fərdi ev tikmək üçün 101 saylı torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, qarşılıqlı iddia tələbi (cavabdehlərin istifadə hüququna xitam verilməsi) əsaslı olduğu təqdirdə, ilkin iddia tələbinin (mənzilə köçürülmə) təmin edilməsini aradan qaldıracaqdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1954-cü il tarixdə mərhum Əliyev Həsənbala Ağa oğluna ayrılmış və sözügedən fərdi yaşayış evinə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən onun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Əliyev Həsənbala Ağa oğlu xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən Cavabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri (ilkin iddiaçıların mənzili tərk etmələri) 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt qeydiyyatda olan şəxslərin mənzildə uzun müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə yuxarıda qeyd edilən normaları analoji qaydada hazırki işə tətbiq edərək və iş materiallarında olan sübutları, şahid ifadələrini qiymətləndirərək belə qənaətə gəlir ki, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 artıq 20 ildən çox müddətdir ki, mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdirlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 20 ildən artıq müddətdə sözügedən mənzildə yaşamaması ilk növbədə İddiaçı1 özünün bu barədə məhkəmə iclasında verdiyi izahatı ilə, o cümlədən işdə olan digər sübutlarla (qonşular tərəfindən tərtib olunmuş akt, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli ətraflı arayış, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 255 nömrəli, xx.xx.1992-ci tarixli əmri və s.) tam təsdiq olunur. Bundan başqa İddiaçı1 başqa yerdə daimi yaşayış yeri olmuşdur. Belə ki, onun adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmiş, ilkin iddiaçı bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinı qızı X6 bağışlamış və yalnız bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, 2000-ci ildən 20 ildən çox keçməsinə baxmayaraq onlar mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə, ilkin iddiaçıların müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, ilkin iddiaçılar yalnız 2022-ci ildə (adlarına olan daşınmaz əmlakı başqa şəxsin adına keçirdikdən sonra) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi İddiaçı1, İddiaçı2, İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə köçürülməsi barədə ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırdığından ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilkin iddiaçının vəkilinin qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sözügedən ev qanunsuz tikili deyildir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilmiş və evin Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən texniki pasportu tərtib edilmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, mərhum Əliyev Həsənbala Ağa oğlunun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarında heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140). Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddiaçı atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı münasibətləri tənzimləyən müddəalarına görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (1146). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (1255). Qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili atasının vəfatından sonra, yəni xx.xx.2011-ci ildən etibarən miras əmlak kimi faktiki olaraq qəbul etdiyindən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına elə həmin tarixdən qarşılıqlı iddiaçı Cavabdeh1 gözlənilən hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində hal-hazıradək qeydə alınmaması 20 ildən çox orada yaşayan, miras əmlak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilmiş 100 manat dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh1 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar