Məhkəmə qərarları › İş №2(060)-3329/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3329/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3329/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağa oğluna qarşı “mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ağa oğluna qarşı “mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Ağa oğlunun ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzilindən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ünvanında yerləşən, 7\10 saylı evin, 28-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu MA Seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixdə verilmiş çıxarış təsdiq edir. Cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə 2010-cu ildən mülkiyyətçisi olduğu mənzildə yaşayır. O, cavabdehə mənzili müvəqqəti yaşamaq üçün vermişdir. Razılığa əsasən cavabdeh o, tələb etdiyi halda mənzili tərk edəcəyinə söz vermişdir. Hal-hazırda həmin mənzilə ehtiyacı vardır. Lakin cavabdeh mənzili heç bir əsas olmadan tərk etməkdən imtina edir. Bu da onun mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Ağa oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onun mübahisəli mənzildən başqa yaşamağa başqa yaşayış sahəsi yoxdur. Bundan başqa onun iki övladı var və övladları tələbədir. O, onlara ev verilməsi üçün aidiyyatı orqanlara müraciət etsə də, müsbət bir nəticə əldə etməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzili İddiaçı məxsusdur. İş materiallarında olan Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi 5 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 752 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh Ağa oğlu, X2, X3 və X4 qeydiyyatsız Sumqayıt şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzilində yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşamaları ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlər maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iddia tələbinin Cavabdeh Ağa oğlunun ailə üzvlərinin Sumqayıt şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzilindən çıxarılması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh Ağa oğlunun ailə üzvlərinin kimlərdən ibarət olmasını və onları iddia ərizəsində cavabdehlər qismində göstərməmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Nəcəfov X5 şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzilindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nəcəfov X5 şəhəri, 1 mkr., 7/10 saylı evin, 28 nömrəli mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar