Məhkəmə qərarları › İş №2(060)-336/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-336/2023

28.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-336/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dairiddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon məcburi köçkünləri Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 ona məxsus Sumqayıt şəhəri, məhəllə 47, ev 12, 70 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır. Buna görə də 1994-cü ildən ev növbəsində olmuşdur. Həyatının 25 ilindən çoxunu hərbi qulluğa həsr etmiş, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdən başlamışdır. xx.xx.2000-ci il tarixdə xx.xx.1998-ci il tarixli “Hərbi Xidmət keçmə” haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156 maddəsinin “A” bəndi ilə (xidmət müddəti başa çatdığına görə) Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı ilə əlaqədar ordudan təxris edilmişdir. 1992-ci il tarixdən indiyədək ailəsi ilə Sumqayıt şəhəri, 9-cu məhəllə, İ.Sadıqov küçəsi, ev 2-nin zirzəmisi, 1 A-da qeydiyyatsız yaşayırlar. 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 02 fevral 1998-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri 47-ci məhəllə, ev 12, mənzil 70 ona verilmişdir. 16075 saylı Hərbi Hissənin komandiri Ə.İlmazovun verdiyi 20 saylı arayışdan da görünür ki, Sumqayıt şəhəri 47-ci məhəllə, ev 12, 70 saylı mənzil xx.xx.1998-ci il tarixli, 03 nömrəli protokol ilə ona verilmişdir. Yəni yuxarıda qeyd olunan mənzil qanunla ona məxsus olmasına baxmayaraq, Qubadlı rayon məcburi köçkünləri Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 həmin mənzili qanunsuz zəbt etmiş və uzun illər orada yaşayırlar. Öz adına ev ola-ola uzun illərdir ki, zirzəmidə yaşayır. Həmin şəxslərin ona məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılmaları ilə bağlı uzun illər dövlət orqanları ilə yazışmalar aparmışdır. Lakin heç bir nəticə olmamışdır. Yalnız Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi xx.xx.2021-ci il tarixdə ona 01/5654 nömrəli məktubla bildiriblər ki, adları qeyd olunan şəxslər müvəqqəti yaşayış yerləri ilə təmin olunmamışlar, azad olunmuş torpaqlarda yaşayış yerləri tikildikdən sonra onlar həmin ərazilərə yerləşdiriləcəklər. Hazırda o, onkoloji xəstədir, qıtlağın xərçəngi diaqnozu ilə əməliyyat olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki 30 il müddətində iddiaçı qeyd olunan xüsusatlarla bağlı heç vaxt tələb irəli sürməmişdir. AR Mülki Məcəllənin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR MM-nin 373.2ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. AR MM-nin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iş üzrə İddiaçı ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil iddiaçıya ayrılıb. Cavabdehlər artıq 30 ildir ki, həmin mənzildə məskunlaşıblar. İddiaçı 30 il ərzində problemi həll etməyə çalışmış, lakin heç bir nəticəsi olmamışdır. Bundan əlavə bildirir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan hesab edir ki, hazırki iddiaya iddia müddəti tətbiq oluna bilməz. Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbinin hüquqi əsası yoxdur. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa qeyd olunan mənzilə dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Mülki işin materiallarında olan hansısa protokoldan çıxarışın kserosürəti iddiaçıya hazırki iddianı qaldırmağa subyektiv hüquq yaratmır. Mənzil DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyatdan keçməmişdir. Sumqayıt Dövlət Arxivində bununla bağlı heç bir məlumat yoxdur, istinad olunan sənədin əsli yoxdur, kserosurətdə olan möhür isə oxunmur. Evin ayrılması ilə bağlı protokolun əsli məhkəməyə təqdim olunmamışdır. Milli Arxiv İdarəsinə verilmiş sorğunun cavabında həmin protokolun təhvil verilmədiyi qeyd olunmuşdu. Sənədlərin saxlama müddəti 5 il ola bilməz. Hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbinin təmin edilməsi üçün maddi və prosessual əsaslar yoxdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin və nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh5 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mübahisəli mənzil iddiaçıya 1998-ci ildə mənzil təqdim olunub. Onlar isə 1993-cü ildən orada yaşayırlar. O, iddiaçını ilk dəfədir ki, məhkəmə prosesində görür. Əgər iddiaçıya 1998-ci ildə ev verilibsə, niyə iddiaçı bu günə kimi onların evdən çıxmaqlarını tələb etməyib. İddiaçı bu illər ərzində məsələ ilə bağlı Polis İdarəsinə və ya məhkəməyə müraciət etməyib. Bildirir ki, onlar məcburi köçkün olqduqdan bu günə kimi həmin ünvanda yaşayırlar. Onu da qeyd edir ki, mənzilin kommunal xidmətləri ilə bağlı bütün məsələlər atasının adına rəsmiləşdirilmişdir. Bildirir ki, onların yaşamaq üçün başqa mənzilləri yoxdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, Vəkil2 həmin İdarəyə sorğu vermiş, həmin sorğuya 24 yanvar 2023-cü il tarixində cavab verilmişdir. Sənədlərin saxlanma müddəti bitdiyinə görə İdarə tərəfindən məhv edilmişdir. Belə ki, Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən sözügedən sənədlər 5 il müddətinə saxlanılır. Sənədlər məhv edildikdən sonra məlumat saxlanılmır, həmçinin İdarənin arxivinə də verilmir. Bildirir ki, o, özü də həmin hərbi hissədə qulluq etmişdir. Həmin vaxt bir neçə hərbi qulluqçuya ev verilmişdi. Xatırlayır ki, İddiaçı da həmin şəxslər arasında idi, lakin onun hansı mənzillə təmin olunması barədə dəqiq məlumatı yoxdur. Hətta hərbi qulluqçular arasında Amalya Əliyeva adlı şəxs də var idi. İddiaçı mənzillə təmin olunduğuna əmindir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzillə bağlı sənədlər İcra Hakimiyyətində də qala bilər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 02 fevral 1998-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 70 İddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli aktdan görünür ki, İddiaçı və onun ailə üzvləri Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi, ev 2, mənzil 1A-nın zirzəmisində yaşayır. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunları 16075 saylı Hərbi Hissənin 20 nömrəli tarixi dəqiq qeyd edilməyən arayışından görünür ki, İddiaçı xx.xx.1998-ci ildə 18 saylı məktubuna əsasən mənzil şöbəsi tərəfindən Sumqayıt şəhəri 47-ci məhəllə, ev 12, mənzil 70 (ümumi sahəsi 58.06 kv m olan iki otaqlı mənzil) verilib. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 01/5654 nömrəli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil İstismar Sahəsinin 3278 nömrəli, xx.xx.2019-cu il tarixli haqqında arayışından görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində məskunlaşıblar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin 866 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 9-cu məhəllə, İ.Sadıqov küçəsi, ev 2, mənzil 1A-nın zirzəmisində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-253/2023 nömrəli məktubundan görünür ki, Qubadlı rayonu, Ballıqaya kəndində məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh4 ailə həyatı qurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 12 saylı evin 70 nömrəli mənzilin verilməsi barədə müvafiq sənədlər saxlanılma müddəti bitdiyinə görə məhv edildiyindən, həmin sənədlərin göndərilməsinin mümkün olmadığı və qeyd edilən sənədlərin əldə edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilməsi bildirilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokoluna əsasən ümumi sahəsi 58.06 kv.m-dən ibarət (yaşayış sahəsi 31.35 kv.m) 2 otaqlı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 70 1994-cü ildə İddiaçı 6 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzil 16075 saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə iclasının 03 saylı, 02 fevral 1998-ci il tarixli protokoluna əsasən İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X4rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzil Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə cavabdehin iddiaçının mənzilə hər hansı hüquqmüəyyənedici sənədinin olmaması, təqdim edilən protokoldan çıxarışın kserosurət olması ilə bağlı etirazının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən sənədlərin saxlanılma müddəti bitdiyinə görə mənzilin ayrılması barədə sənədlərin məhkəməyə təqdim edilə bilməməsi iddiaçının ziyanına həll edilə bilməz. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədin qanunsuz və ya saxta olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçıya mənzil ayrılması 16075 saylı Hərbi Hissənin müvafiq arayışı və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan hazırki iddiaya iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılmalı və həmin mənzil onlar tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzildən çıxarılsın və həmin mənzil cavabdehlər tərəfindən boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar