Məhkəmə qərarları › İş №2(060)-3368/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3368/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3368/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün mənzilə dair maliyyə arayışının, mənzilin plan-cizgisinin və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 65.6 kv.m. olan 2 otaqdan ibarət 69 saylı mənzilə dair maliyyə arayışının, mənzilin plan-cizgisinin və mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ona təqdim edilməsi və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə bağlanılmış 27 fevral 2007-ci il tarixli müqaviləyə əsasən sifarişi əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.6 kv.m. olan 2 otaqdan ibarət 69 saylı mənzili, müqavilədə göstərilən 22495 manat məbləğində mənzilin dəyərini tam ödəməklə mülkiyyət hüququnu əldə etmişdir. Mənzili təmir etdikdən sonra mənzilə köçərək orada yaşayır. Yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi üzərinə götürdüyü öhdəlikləri 17 ildir ki, yerinə yetirmir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən mənzilə dair maliyyə arayışının, mənzilin plan-cizgisinin və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməməsi səbəbindən mənzilin mülkiyyətçisi olaraq qanuni yolla əldə etdiyi mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarını qeydə ala bilmir. Cavabdeh tərəfindən inşa edilmiş 69 saylı mənzilə dair yüxarıda göstərilən sənədlərin verilməsini dəfələrlə "xxxx" Mənzil-Tikinti Kooperativin rəhbərliyindən xahiş etsə də, sonuncu tələb etdiyi sənədərin verilməsindən imtina etmişdir. Növbəti dəfə cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə də "xxxx" Mənzil-Tikinti Kooperativin rəhbərliyi cavab vermədiyinə görə, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi yüxarıda sadalanan sənədləri verməməklə bilərəkdən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüquqlarını aşkar şəkildə pozur. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında 25 mart 2025-ci il tarixdən qeydiyyatdadır.

6. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli "xxxx" müqavilədən görünür ki, MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, 2-ci giriş, 3-cü mərtəbə, 69 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər.

7. "xxxx" MTK-nın sədri V.Ş.Mansırov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2 otaqlı mənzilin 65,6 kv.m yaşayış sahəsinin tam dəyər məbləğini ödəyib.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl-qum yaşayış massivi olan "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN **********) qanuni təmsilçisi (sədri) X2r və hal-hazırda fəaliyyəti aktivdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinin ümumi məzmununa əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X4 ilə cavabdeh "xxxx" MTK arasında 27 fevral 2007-ci il tarixli "xxxx" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, 69 saylı sahəsi 65,6 kv metr olan 2 otaqlı mənzili payçı X3 təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər.

15. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı X1 mənzillin dəyərini tam olaraq cavabdeh MTK-ya ödəmişdir.

16. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh MTK mənzil üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün lazımı sənədləri (maliyyə arayışı, mənzilin plan cizgisi və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı) sonuncuya vermir.

17. Yuxarıda qeyd olunan hüquq normalarının ümumi mahiyyətinə əsasən kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır.

18. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

19. Göründüyü kimi cavabdeh tərəf müqavilə şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürmüş öhdəlikləri icra etmir və əlavə olaraq tikinti bazarında öz üstün mövqeyindən çıxış etməklə, müqavilə şərtlərində qeyd olunmayan və digər bir mübahisənin predmetini yaranmış vəziyyətdən istifadə edərək yararlanmağa və həll etməyə çalışır.

20. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

22. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

23. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə mübahisələndirilən müqavilə üzrə cavabdeh razılaşdıqları şərtlər əsasında müqaviləni icra etməli idi.

24. İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə baxmayaraq, həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh tərəfindən zəruri olan sənədlərin ona veriməməsi mənzilə dair hüquqlarının həyata keçirilməsinə mane olur.

25. Beləliklə, yuxarıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının pay haqqını tam şəkildə ödəməsi, iddiaçının həmin mənzilə dair hüquqlarının rəsmiləşdirilməli olmasını nəzərə alaraq "xxxx" Mənzil Tikinti Kooperativinin mübahisəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın, mənzilin plancizgisinin və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsindən imtinası əsassız hesab olunmalı və iddia tələbi təmin olunmalıdır.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MTK-nın üzərinə İddiaçı xx.xx.2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən payçı olduğu Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızılqum” yaşayış massivi, bina 7A, 69 saylı 65,5 kv.m olan 2 otaqlı mənzilə dair maliyyə arayışının, mənzilin plancizgisinin və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyi qoyulsun. Cavabdeh "xxxx" MTK-dan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar