Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3420/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 19 avqust 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışması faktının müəyyən edilib təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində ixtisas təhsili almış (xx.xx.1981- xx.xx.1982-ci illər) və daha sonra hərbi xidmətdə olmuşdur. (1982-1984 illər) Əmək fəaliyyətinə 1985-ci ildən 1999-cu ilədək “Azərkimya” İB-nın “Üzvi sintez” zavodunda Nazirlər Kabinetinin müəyyən etdiyi 1 nömrəli siyahı üzrə zərərli işdə işləmişdir. (bunu “Etilen- Polietilen” zavodunun verdiyi arayışlardan görmək olur). “Azərkimya” İB-nın “Üzvi sintez” zavodu dağılandan sonra oranın arxiv sənədlərini almaq mükün deyildi və bu səbəbdən onun əmək kitabçası həmin zavodun arxivində qalmışdır. X11 Şirkətinə çoxsaylı müraciətlərindən sonra 2010-cu ildə əldə etmişdir. Bildirir ki, 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışmışdır. (müvafiq şirkət Bakı şəhərində tikinti işləri aparırdı). Daha sonra İİ qrup əlillik dərəcəsi almışdır (2014-cü ildən 03 iyul 2021-ci ilədək). 2019-cu ildən hal-hazıradək X12 çalışır. Bütün bu qeyd etdikləri Əmək kitabçası və E-sosial saytından əldə etdiyi elektron arayışdan görmək mümkündür. Ancaq onun güzəştli şərtlərlə 2006-cı ilə qədər olan illər əmək kitabçasında 17 il 7 aydan çoxdur. Yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illərin əmək kitabçasına yazılmamasının səbəbi “Azərkimya” İB-nın “Üzvi sintez” zavodunun arxivindən əmək kitabçasını ala bilməməsi olmuşdur. Xüsusilə nəzərə almaq lazımdır ki, "xxxx" MMC ləğv edildiyindən həmin müəssisədən müvafiq arayışın alınması mümkün deyildir. Həmçinin 2006-cı ilə kimi işəgötürənlər tərəfindən sosial müdafiə fonduna elektron ödəniş edə bilmirdilər və bu səbəbdən də elektron arayışda onun "xxxx" MMC-də işləməyi barəsində 2002-2006-cı illər üçün məlumat yoxdur. Onu da bildirir ki, "xxxx" MMC ləğv edilməyinə baxmayaraq, orada onunla işləmiş iş yoldaşlarını məhkəməyə şahid kimi dəvət edə bilər. Bütün bu dedikləri onu deməyə əsas verir ki, "xxxx" MMC-də işlədiyi 2002-2009-cu illər əmək stajına daxil edilərsə, 2006-cı ilə kimi hüququnun yaranması üçün lazım olan 20 illik iş stajı tamamlanmış olacaqdır. Eyni zamanda E-sosial saytından əldə etdiyi elektron arayışda göstərilən illərdə işi mahiyyəti üzrə həll etməyinə əsas vermir. Göründüyü kimi "xxxx" MMC-də işlədiyi 2002-2009-cu illərin təsdiq edilməsi onun konstitision hüququnu Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilən hər kəsin sosial təminat hüququ, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir müddəalarını təmin etmiş olacaqdır. Ona görə də hüquqi əhəmiyyətli faktı təsdiq etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, icraatda Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi ilə bağlı mülki iş var. Ərizəçi ərizədə 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına qədər "xxxx" MMC-də fəhlə kimi işlədiyini qeyd etmişdir. Lakin bu faktı təsdiq edən əmək kitabçasında ərizəçinin yuxarıda qeyd edilən müəssisədə işlədiyi illər qeyd olunmamış, eyni zamanda arxiv sənədləri aşkar edilməmişdir. Bütün bunları əsas gətirərək ərizəçi məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 2(060)-3420/2022 saylı iş üzrə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri basqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən sahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Əlavə olaraq qeyd etmək istərdilər ki, ərizəçinin xx.xx.2006-cı ilədək ümumi iş stajı 20 ildən az (17 il 07 ay 27 gün) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2(060)-3420/2022 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ilk dəfə 52 yaşı tamam olduqda pensiya ilə bağlı müraciət etmişdir. Çünki onunla birlikdə işləmiş işçilər 52 yaşında güzəştli şərtlərlə pensiyaya çıxmışdırlar. Fonddan ona 57 yaşı tamam olduqda müraciət etməli olduğunu bildirmişlər. 57 yaşı tamam olduqda təkrar müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Əvvəllər işlədiyi zavod bağlandığına görə əmək kitabçasını götürə bilməmişdir. Bu səbəbdən "xxxx" MMC-də işə başlayarkən əmək kitabçası özündə olmamışdır. Özü də məsələyə bir az səhlənkar yanaşmışdır. Məsələ ilə əlaqədar DSMF-nin Sumqayıt şöbəsinə müraciət etdikdə ona iş stajının 2006-cı ilə qədər olan müddətinin göstərilmədiyini bildirmiş və bununla bağlı arayış istəmiş, lakin işlədiyi İdarə arayış verməkdən imtina etmişdir. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 etiraza uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, şahid ifadələrində qeyri-dəqiqlik var, şahidlər ərizəçinin işə başladığı tarixlə bağlı dəqiq məlumat verə bilmirlər. Bundan başqa şahidlərdən birinin əmək kitabçasında da 2000-ci ildən işlədiyi qeyd edilməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, güzəştli şərtlərlə pensiya almaq üçün xüsusi qaydalar və iş stajı ilə bağı müəyyən şərtlər var. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun iş yoldaşı olmuş, İdarədə bir yerdə işləmişdirlər. O, 2000-ci ildən həmin İdarədə işləmişdir. Ondan 1-2 il sonra isə ərizəçi fəhlə kimi işə başlamışdır. Onlar 6-7 il birlikdə işləmişdirlər. Əmək kitabçasında onun 2004-cü ildə işə başlaması göstərilmişdir. Bu səbəbdən o da pensiyaya çıxa bilməmişdir. Halbuki o, həmin idarədə 2000-ci ildən işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, o, ərizəçi ilə bir yerdə işləmişdir. O, 2000-ci ildə işə başlamış, usta işləmişdir. Ərizəçi isə təxminən 2001-2002-ci illərdə işə başlamış, 2010-2012-ci ilə qədər işləmişdir. Ərizəçinin rəsmi adı Canış olsa da, onlar onu Cəmil kimi çağırmışlar. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçinin müdiri onun sinif yoldaşı olmuşdur. 2001-ci ildə onu da iş üçün dəvət etmişdirlər. O da "xxxx" MMC-də işləmişdir, ərizəçi də onunla bərabər orada işləmişdir. Lakin o, qeydiyyatdan keçmədən işləmiş, rəsmi işçi olmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 fevral 2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2-53-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (17 il 7 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 56640,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17112,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Ərizəçi məxsus İT-İ ******* saylı əmək kitabçasından görünür ki, əmək kitabçasında Ərizəçi xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı qeyd yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (13.1-ci bənd). Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir (13.2-ci bənd). Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4-cü bənd). Məhkəmə şahid ifadələrini işdə olan digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, Ərizəçi 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, şahid X2 ifadəsində "xxxx" MMC-də özünün 2000-ci ildən, ərizəçinin isə təxminən 2001-2002-ci illərdən işə başladığını bildirmişdir. M.Hüseynovun bu ifadəsi ona məxsus İT-İ ******* saylı əmək kitabçasındakı qeydlərlə təsdiqlənmişdir. X1 isə ifadəsində "xxxx" MMC-də 2000-ci ildən işə başladığını, ərizəçinin isə ondan 1-2 il sonra işə başladığını bildirmişdir. Lakin M.Baxışovun bu ifadəsi ona məxsus İT-İ ******* saylı əmək kitabçası ilə təsdiqlənməmişdir. Belə ki, X4 əmək kitabçasından görünür ki, o, xx.xx.2004-cü ildə "xxxx" MMC-də qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 2012-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. X3 ifadəsində 2001-ci ildən "xxxx" MMC-də işlədiyini və Ərizəçi da onunla birlikdə orada işlədiyini bildirsə də, A.Şirəliyevin əmək kitabçası məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi məhkəmə iclasında dindirilən şahidlərdən ikisinin (onlara məxsus əmək kitabçalarında bu barədə qeydlər edilməklə) ifadəsi ilə Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı öz təsdiqini tapmışdır. Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətə gəldikdə isə məhkəmə hesab edir ki, həmin müddət 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək müəyyən edilməlidir. Belə ki, əmək kitabçalarında sözügedən müəssisədə işləmələri barədə qeyd olan şahidlərin (X2 və X4) "xxxx" MMC-də əmək fəaliyyəti yalnız həmin dövrlərdə üst-üstə düşür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3420/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3420/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver