Məhkəmə qərarları › İş №2(060)-343/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-343/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-343/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.1992-ci il təvəllüdlü X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1313 nömrəsi ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuşlar. Lakin, onlar rəsmi olaraq nikaha daxil olsalar da, aralarında faktiki olaraq heç bir ailə münasibəti olmamış, nikahdan övladı doğulmamış və həmin tarixdən faktiki olaraq ayrı yaşamışlar və hazırda da ayrı yaşayırlar. Cavabdeh ailəsi el adəti ilə onu ailəsindən istəmək üçün elçi gəlmişlər. Lakin, sonradan Cavabdeh bildirdiyinə görə Elçinin anası onu bəyənməmişdir. Beləliklə, Cavabdeh özünün ona məlum olmayan həqiqi niyyəti barəsində susub onu aldadaraq onunla nikaha daxil olmuşdur. Buna görə də hesab edir ki, nikah etibarsız hesab edilməlidir. Nikahın etibarsız hesab edilməsi tələbi ilə mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesində onun etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Nümayəndə və Cavabdeh bu Saziş imzalandıqdan sonra 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmiş və tərəflərin bir-birilərinə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişlər. Beləliklə, tərəflər arasında nikahın etibarsız hesab edilməsi barədə barışıq sazişi bağlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir. Valideynlərinin onların nikaha daxil olmasına razılıqları olmadığından, ailəsini məcbur etmək üçün başqa şəxsləri elçiliyə göndərmiş və nikaha girmişdir. Həmin vaxt valideynləri etiraz etdiklərindən toy baş tutmamışdır. Onlar nikaha daxil olandan sonra, birgə yaşamamışlar. Həm onun, həm də iddiaçının nikaha girmək fikirləri olmuş və ailə qurmaq məqsədi ilə nikaha daxil olmüşlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 1-ci, 2-ci və 4-cü bəndlərindən görünür ki, tərəflər aralarında yaranmış aila mübahisəsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7- 1-cimaddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq mediasiya yolu ilə həll edə bilərlər. Mediasiya prosesində birinci tərəf İddiaçı etibarnamə üzrə nümayandəsi qismində iştirak edən Nümayəndə bu Saziş imzalandıqdan sonra İddiaçı Cavabdeh Raşid oğlu ilə aralarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirdi və bu mübahisə ilə bağlı Cavabdeh Raşid oğluna qarşı hər hansı tələbinin olmadığını təsdiq etdi. Mediasiya prosesində ikinci tərəf Cavabdeh bu Saziş imzalandıqdan sonra İddiaçı ilə aralarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirdi və bu mübahisə ilə bağlı İddiaçı qarşı hər hansı tələbinin olmadığını təsdiq etdi. - 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh qeydiyyat şöbəsinə gəlmədiyinə görə nikahın qeydiyyat şöbəsində pozulması mümkün olmamışdır. - 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1313 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Qədirova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-ci il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan uşaqları yoxdur. Hazırda iddiaçı, cavabdehin onunla faktiki ailə münasibətlərinə daxil olmadığı üçün nikahın etibarsızlığını xahiş edir. Məhkəmə şərh olunan işin hallarına ifadə olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik göründüyü kimi nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək, belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflər arasında ailə qurmaq niyyəti ilə öncə nişan mərasimi olmuş, daha sonra isə nikah bağlamışlar. Tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Cavabdehin iddianı etrafına gəlincə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın etiraf edilməsini qanunazidd hesab edir və qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ailə qurmağa niyyətinin olmadığını bildirərək nikahın etibarsızlığını tələb etsə də, cavabdehin ailə qurmaq niyyətinin olmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmamışdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində mediasiyanın tətbiq dairəsi göstərilmiş və ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiyanın tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Bu Qanunun 26-cı maddəsində ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələrin bu Qanuna uyğun mediasiya vasitəsilə həll oluna biləcəyi göstərilmişdir: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi qanunvericilik tərəfindən nikahın etibarsızlığı ilə bağlı mübahisəyə mediasiyanın tətbiqi bilavasitə göstərilməmiş, habelə ailə münasibətlərindən irəli gələn mübahisələrin konkret dairəsi müəyyən edilməmişdir. Həmçinin, mediasiyanın məqsədi kimi münaqişə səviyyəsinin azaldılması və tərəfləri razı salacaq şəkildə mübahisənin həllinin təmin olunması göstərilmişdir. Sözügedən Qanunun 29-cu maddəsindən aydın olur ki, mediasiya sessiyasında tərəflər iştriak edirlərsə, onlar və mediator tərəfindən prosesdən imtina olunmazsa, sonda ya barışıq sazişi bağlanmalı, yaxud da mediasiya prosesinə xitam verilərək müvafiq protokol tərtib edilməlidir. Başqa sözlə, baş tutmuş mediasiya prosesi barışıq sazişinin bağlanması və ya barışıq əldə olunmadıqda prosesə xitam verilməsi ilə nəticələnir. Buradan aydın olur ki, Qanuna əsasən mediasiyanın qayəsi prosesin tərəfləri arasında barışıq sazişinin bağlanmasıdır. Belə ki, mediasiyanın məqsədi olan mübahisənin həllinin təmin edilməsi barışıq sazişinin bağlanmasında ehtiva olunur. Həmçinin, mühüm məqam kimi o da vurğulanmalıdır ki, qanunvericilik mediasiyanı mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydası olaraq müəyyən etmişdir. Məhkəmə, hüquq nəzəriyyəsinə və Mülki Məcəllənin müvafiq normalarına əsasən qeyd edir ki, qanuni saziş tərəflərin iradəsinə bağlıdır. Yəni, hər bir saziş tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində bir çox məsələlərlə bağlı hüquqi rejimi nizamlayan tərəflər arasında sazişin bağlanması nəzərdə tutulsa da, nikahın etibarsızlığı ilə əlaqədar bu hal istisnadır. Yəni, Qanunvericilik nikahın etibarsızlığı ilə bağlı saziş bağlanmasını nəzərdə tutmamış, bu məsələni tərəflərin razılığına buraxmamış, onların iradəsindən asılı etməmişdir. Belə ki, nikahın etibarsızlığının hüquqi rejiminin müəyyən edilməsi tərəflərin iradəsindən irəli gəlmir. Əksinə, Ailə Məcəlləsində nikahın etibarsızlığının konkret əsasları və bu növ iddiaları qaldıra biləcək şəxslərin subyektiv dairəsi müəyyən olunmuşdur. Həmin əsaslar tərəflərin razılığından irəli gəlmir və mövcud olduğu halda etibarsızlığa səbəb olur. Həmçinin, nikah sazişlə və ya bu sazişin təsdiqilə deyil, məhkəmə qaydasında etibarsız sayılır. Buradan belə nəticə hasil olur ki, nikahın etibarsızlığı mübahisəsinin həlli barışıq sazişi ilə mümkün deyildir. Belə bir barışıq sazişi nikahın etibarsızlığının istər mütləq, istərsə də seçim imkanı verən əsaslarını müəyyən edə, qarşılıqlı güzəştlər nəzərdə tuta, sonra nəticədə icra sənədi ola bilməz. Deməli, həmin saziş hər hansı hüquqi nəticə yaratmayacaqdır. Qanunvericilik bu baxımdan nikahın etibarsızlığına dair mübahisənin icbari məhkəmədən kənar həlli prosedurunu, saziş bağlanılması yolu ilə nizamlanmasını nəzərdə tutmamış, məhkəməyə qədər tənzimləmənin predmeti hesab etməmiş, onun həllini məhkəmənin müstəsna aidiyyətinə vermişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, nikahın etibarsızlığı Qanunda əks olunmuş tərəflərin mütləq qaydada mediasiya sessiyasında iştirakını nəzərdə tutan ailə münasibətlərindən irəli gələn mübahisələr dairəsinə daxil deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ələndərova (Qədirova) Səadət Ələndər qızıilə Cavabdeh xx.xx.2021-ci il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1313 saylı akt qeydi tərtib edilmiş və arvada Qədirova soyadı verilmişdir. Hər iki tərəfin niyyəti məhz ailə qurmaq olmuşdur. Belə ki, bu faktı həm məhkəmə iclasında verilmiş tərəflərin verdiyi izahatları təsdiq edir. Bununla yanaşı, iddiaçı nikahın etibarsız hesab edilməsi tələbinin əsası kimi valideynlərinin istəyi ilə ailə qurması, özünün istəyinin olmaması, cavabdehi sonradan tanıması kimi hallarına istinad etmişdir. Göründüyü kimi, iddiaçı özünün əsl niyyətinin ailə qurmaq olmadığını, valideynlərinin təkidi ilə ailə qurduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, habelə iddiaçının özünün razılığı olmadan, valideynlərinin təkidi ilə nikahın bağlanması, iddiaçının ailə qurmaq niyyətinin olmamaması kimi hallar öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyi nikahın etibarsız hesab edilməsinin əsasları və şərtlərini dəqiq şəkildə müəyyən edir ki, hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin hallar aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar