Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-344/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi – qızı Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçının Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 57 A saylı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Respublikada baş vermiş məlum hadisələr zamanı onlar, 1993-cü ildə ailəlikcə Cəbrayıl rayonundan məcburi köçkün kimi gəlib Sumqayıt şəhərində 76-cı məhəllədə sənədsiz tikilmiş fərdi yaşayış evində məskunlaşmışlar. Ailə üzvləri- əri X13, qızları İbişova Nəzakət, Ziyafət və Mətanət Əsgər qızı və oğlu Cavabdeh ibarət olmuşdur. Bir müddət bu ünvanda yaşadıqdan sonra həmin evin yanında qızı Nəzakətə fərdi yaşayış evi tikmişlər və Nəzakət onlardan ayrılaraq həmin evə köçmüşdür. Daha sonra Mətanət ailə qurmuş və 2009-cu ildə Ziyafət həmin ərazidə öz vəsaiti hesabına təxminən 0,05 ha ölçüdə torpaq sahəsi almış və bacısı Mətanətə həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına bir mərtəbəli, bir otaqlı, hamam-tualet və mətbəxdən ibarət ev tikdirib vermişdir. xx.xx.2011-ci il tarixdə əri ölmüşdür. 2015-ci ildə cavabdeh, yəni, oğlu Taleh məskunlaşdıqları evi satmış və iddiaçı ilə birlikdə Biləsuvar rayonunda məcburi köçkünlərə verilmiş evlərdən birinə köçüb yaşamışlar. 2018-ci ildə cavabdeh həmin evi də satıb Sumqayıta qayıtmış və 41A məhəllədə yerləşən Yataqxanada yaşamışdır. 2018-ci ildə Taleh, qızı Mətanəti zorla qovub evindən çıxarmış və özü iddiaçı ilə birlikdə həmin evə köçmüşdür. Bir müddət bu evdə yaşadıqdan sonra Taleh, qızı Ziyafətə müraciət edib bildirmişdir ki, ev dardır, ona pul lazımdır ki, əlavə bir neçə otaq da tikdirsin. Ziyafətdə pul olmadığına görə Nəzakətdən xahiş etmişlər və o, Talehə 9000 manat vermiş, Taleh də həmin evi sökdürüb yerində 3 otaqlı fərdi yaşayış evi tikdirmişdir. Evi qaynı Mehralı İbişov tikmişdir. 2022-ci ildə Taleh ailə qurmuş və ailə qurandan sonra iddiaçıya qarşı amansız olaraq tez-tez döyüb bədən xəsarəti yetirmiş və Sumqayıt Ruhi- X5 yerləşdirmişdir. Lakin, 2-3 gündən sonra qardaşı X3 işə qarışmış və iddiaçı sağlam olduğuna görə xəstəxanadan evə buraxmışlar. Xəstəxanadan çıxandan sonra Taleh iddiaçını evə qoymamış və qardaşı iddiaçını öz evinə aparmışdır. Qardaşının köməkliyi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir, məhkəmə araşdırması zamanı Taleh cinayət məsuliyyətinə cəlb edilməsin deyə onunla barışmış və evə qayıtmışdır. Lakin, 3-4 gündən sonra Taleh yenə də onu döymüş və bədən xəsarəti yetirmişdir. Faktla bağlı araşdırma aparılmış, Talehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 458/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Taleh təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bütün bunlara baxmayaraq Taleh yenə də iddiaçını evə buraxmamış və yalnız Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları işə qarışandan sonra evə daxil ola bilmişdir. Beləliklə, cavabdeh iddiaçını əsarət altında saxlamaqla döyüb-incidir, hədə-qorxu gəlir və öldürəcəyi ilə hədələyir. Ona görə də ərizə ilə Azərbaycan Respublikasının Ailə, Qadın və X14 Dövlət Komitəsinə müraciət etmişəm və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun xx.xx.2023-cü il tarixli qərarına əsasən mənə qısamüddətli mühafizə orderi verilməsinə dair qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin, buna baxmayaraq nə Sumqayıt şəhər Polis İdarəsi, nə də Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu günə kimi mənim problemimi həll edə bilməmişlər. Belə ki, cavabdeh yenə də onu qovub evdən çıxarmış və evə buraxmır. Hazırda, müvəqqəti olaraq Sumqayıt şəhəri, 34-cü məhəllə, ev-7/23, mənzil-42 ünvanında yaşayan böyük qızı X6 evində yaşayır. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ailədə dörd uşaq olmuşlar, ölən atası dördünə də ev almışdır. Atası mübahisə predmeti olan ərazidə torpaq sahəsi alıb 1 otaqlı ev tikmişdir. Bacısı Mətanətin toyu olandan sonra kirayədə yaşadı ki, kirayı haqqını da 6 ay ərzində atası vermişdir. Mübahisə predmeti olan ev dağılmış, evin tikintisi ilə bağlı Sumqayıt Şəhər Memarlığına müraciət etmiş, amma evin tikintisinə icazə verilməmişdir. Özü 2018-ci ildə evi söküb yenidən tikmiş, evi tikmək üçün bacısı Ziyafətdən pul almamışdır. Türkiyədə olan bacısı ona bildirmişdir ki, evdən çıxsın, özü gəlib hər şeyi həll eləyəcəkdir. Cavabında evdən çıxıb kirayədə yaşamaq fikri olmadığını bildirmişdir. O da bunun səbəbini soruşduqda belə cavab vermişdir ki, evə çəkdiyi xərci qaytarıb versinlər. Bundan sonra bacısı da ona gələndə evə çəkilən xərc pulu gətirib verəcəyini bildirmişdir. Türkiyədəki bacısı gələndən sonra söz-söhbət olaraq, 5-ci Polis Bölməsinə şikayət olunmuşdur. İddiaçı ilə yaşamasının qeyri-mümkün olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, İddiaçı anası, Cavabdeh isə qardaşıdır. Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən torpaq sahəsini Türkiyədəki bacısı Ziyafət almış və sözügedən torpaq sahəsində 1 otaqlı evi tikib bacısı Mətanətə əri bir az kasıb olduğundan və kirayədə də yaşamaması üçün vermişdir. Qardaşı Taleh anası ilə birlikdə başqa ünvanda ata mülklərində yaşamış, sonra ata mülklərini satıb anaları birlikdə Biləsuvar rayonunda məcburi köçkünlərə verilmiş evlərdən birinə köçüb 1 ilə yaxın müddətdə yaşamışdır. Bundan sonra qardaşı ilə anası həmin evdən çıxmış, bacısı Mətanəti mübahisə predmeti olan evdən çıxarıb həmin evə köçüb yaşamağa başlamışlar. Mübahisə predmeti olan ev 1 otaqlı, dar olduğundan həmin evi böyütmək qərarına gəlmişlər. Qardaşı Talehə 10000 pul vermişdir ki, sözügedən evi böyüdüb yaşasınlar. Bir neçə il öncə Taleh evlənmək qərarına gəlmiş, bu məsələyə bir bacı kimi qarışmamışdır. Qardaşı evləndikdən 1 ay sonra qardaşı və onun arvadı anası ilə dalaşmağa başlamışlar. Anasını sakitləşməsi üçün evinə aparmış, sonra yenə həmin evə gətirmişdir. Bundan sonra anasını evdən çıxartmışlar və anasını dayısı başqa evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Cavabdeh onun əmisi oğludur. X4, digər qızı Nəzakət üçün ev tikmiş, əmisinin öz evi isə əmisinin oğlu Talehə qalmışdır. Sonra Taleh həmin evi satmışdır. X1 üçün tikdiyi ev 1 otaqlı olmuş, həmin evdə də əmisinin digər qızı Mətanət qalmışdır. Bir müddət sonra Taleh Mətanətlə dalaşmış, Mətanət həmin evdən çıxmış və Taleh öz anası ilə birlikdə həmin evə gəlib yaşamışdır. Həmin ev də Türkiyədə qalan Ziyafətin evi olmuşdur. Sonra Taleh 1 otaqlı evi 3 otaq eləyib ev tikmiş, həmin evin tikilməsinə də bacısı Nəzakət Talehə pul verib kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, İddiaçı gəlinləridir, Cavabdeh isə qardaşının oğludur. Mübahisə predmeti olan ev əvvəl daxma olmuş, həmin evin ustalığını özü etmiş, əl haqqını isə ona Taleh vermişdir. Sumqayıt şəhəri, 76-cı məhəllədə əvvəl köhnə 1 otaq ev olmuşdur, Taleh anası ilə birlikdə həmin otaqda qalmış, onlardan əvvəl isə həmin otaqda Talehin bacısı qalmışdır. Həmin otağı da, yəqin ki, qardaşı almışdır. Sonra həmin 1 otaq sökülmüş, yenidən ev tikilmiş, həmin evin fundamentindən “krişa”sına, malyarına kimi bütün işləri özü etmişdir. Taleh ona“əl haqqı” kimi 5700, ya 5600 pul vermiş, materialları Talehin özü almışdır. Taleh bir dəfə banka gedib pul çıxarıb gətirib vermiş, qalan pulu da Taleh özü işləyib əmək haqqını yığaraq vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materialları: - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin verdiyi 2388 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının verdiyi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-/1-İ-150-135/2023 saylı məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda tərəfindən qaldıırlmış məsələ araşdırılmış və Qrupun xx.xx.2023-cü il tarixli qərarına əsasən ona qısamüddətli mühafizə orderi verilməsinı dair qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli 07 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarın surətindən görünür ki, Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, X2 30 gün olmaqla (xx.xx.2023-cü il-xx.xx.2023-cü il) qısamüddətli mühafizə orderinin verilməsi qərara alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 1(0600-458/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - "xxxx" MMC-nin verdiyi kredit bürosundan çıxarışdan görünür ki, İddiaçı 14990 manat kredit götürmüşdür. Məhkəmə qeyd edilən işin faktiki halları ilə bağlı Mülki Məcəllənin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüqunu təsdiq edən müvafiq sənədlər olmadan özbaşına tikintinin aparılması, özbaşına tikilmiş yaşayış sahəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarının yaranması əsasları ilə bağlı normaların tələblərini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki məcəlləsi: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin hallarından görünür ki, sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmamış, lazimi icazələr almadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Buna baxmayaraq, Balaxanım Sədətqulu qızının qeyd edilən əmlaka sərəncam vermək hüququ olmasa da, həmin əmlaka faktiki olaraq sahiblik edərək ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Yəni o, qeyd edilən fərdi yaşayış evinə mülkiyyətçi hüquqları ilə yanaşaraq birgə idarəetməni həyata keçirmişdir. Cavabdeh iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən istifadə etməsinə maneçilik yaradaraq orada yaşamağa icazə verməmişdir. Məhkəmə aşağıda qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, cavabdehin qeyd edilən əməlləri qanunsuz olmuşdur. Belə ki, Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahilliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 159-cu maddəsinə əsasən əşyaya sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün məhkəməyə iddia verə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 57A saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 57A saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-344/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-344/2024
20.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver