Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3441/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil və tərcüməçi X2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb etməklə «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb etməklə «şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 09 iyun 1959-cu il tarixdə Rusiya Federasiyasının Yaroslavl şəhərində anadan olmuşdur. Onun anası azərbaycanlı (Gədəbəyli) olduğu üçün Azərbaycan Respublikası ilə davamlı gediş-gəlişləri olmuşdur. O, 1974-cü ildən etibarən Azərbaycanda daimi yaşadığını aşağıdakı sənədlərlə təsdiqləmişdir: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X7 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 15 mart 2024cü il tarixli, 623 nömrəli arayışından görünür ki, o, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 35 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1977-ci ildə “aparatçı laborant” ixtisası üzrə həmin məktəbi bitirmişdir. Ölüm haqqında Q-ЖГ №349481 seriyalı şəhadətnamədən görünür ki, anası X5 19 dekabr 1975-ci ildə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt qəbiristanlığında dəfn olunmuşdur. Nikah haqqında İ–ЖГ №466464 seriyalı şəhadətnamədən məlum olur ki, o, Ərizəçi, X3 ilə 29 dekabr 1977-ci il tarixdə Sumqayıt Qeydiyyat İdarəsində nikaha daxil olmuşdur. Bu nikahdan bir övladları olmuşdur. XİV-ЖГ №291269 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən, onun oğlu – X6 24 mart 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ərizəçi bildirir ki, istər həyat yoldaşı, istərsə də oğlu Azərbaycan Respublikasının vətəndaşıdır və hər birinin şəxsiyyət vəsiqəsi vardır. İddiaçının adına açılmış əmək kitabçasından çıxarışdan görünür ki, o, xx.xx.1977-ci il tarixdən Əzizbəyov adına Sumqayıt zavodunda əmək fəaliyyətinə başlamış, xx.xx.1986-cı ilədək Sumqayıtda müxtəlif zavodlarda müxtəlif vəzifələrdə işləyərək əmək fəaliyyətini davam etdirmişdir. Sonrakı tarixlərdə də işləsə də, sonradan ona məxsus sənədləri itirdiyinə görə rəsmi işə qəbul edilməmiş və günəmuzd işləmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin 18 aprel 2024-cü il tarixli arayışına əsasən, Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyata buraxıldıqdan sonra xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığında qeydiyyata alınmış, xx.xx.1979-cu il tarixdə ona NZ seriyalı ******* nömrəli hərbi bilet təqdim olunmuşdur. Ehtiyyatda olmağı son yaş həddinə çatdığı üçün 2009-cu il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 166 nömrəli, 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında xx.xx.1981-ci il tarixdə qeydiyyatda olmuş, xx.xx.1996-cı ildə isə qeydiyyatdan çıxmışdır. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 2 saylı mənzil kommunal sahəsinə yenidən sorğu verilərək 166 nömrəli, 19 fevral 2024-cü il tarixli arayışın verilməsinə əsas olmuş sənədlər tələb olunmuşdur. Təqdim olunmuş qeydiyyat kartoçkalarında olan məlumatlardan aydın olur ki, Ərizəçi adına aşağıdakı pasportlara əsasən qeydiyyat aparılmışdır.: 1975-ci ildə verilmiş XXİX-АС seriyalı, 725976 nömrəli 5 illik müddətli müvəqqəti pasport; 06 iyul 1982-ci il tarixdə Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər 2-ci bölməsi tərəfindən verilmiş XVİİ–ЖГ seriyalı, 557840 nömrəli pasport; 14 may 1985-ci il tarixdə eyni bölmə tərəfindən verilmiş XİX–ЖГ seriyalı, 631925 nömrəli pasport; Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş XXVİ–ЖГ seriyalı, 722971 nömrəli pasport. Göründüyü kimi, Ərizəçi ünvan 2 ünvanında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək qeydiyyatda olmuşdur. Qeydiyyatdan çıxmasının səbəbi mənzilin satılması ilə bağlı olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyinə və Sumqayıt şəhər polis idarəsinə sorğu verilsə də, hər hansı əlavə məlumat təqdim olunmamışdır. Lakin təqdim olunmuş sənədlərə əsasən, Ərizəçi adına ümumilikdə aşağıdakı 4 ədəd pasport rəsmiləşdirilmişdir: XXİX-АС seriyalı, 725976 nömrəli; XVİİ–ЖГ seriyalı, 557840 nömrəli; XİX–ЖГ seriyalı, 631925 nömrəli; XXVİ–ЖГ seriyalı, 722971 nömrəli. Ərizəçi X8 ilə nikahı Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 19 fevral 2000-ci il tarixli İİ–ЖГ, №340565 nömrəli şəhadətnaməsi ilə xitam olunmuşdur. Dövlət Sərhəd Xidmətinin 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatları 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi 1985- 2001-ci il illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Sərhəd Xidmətinin də arayışından görünür ki, o, xx.xx.2022-ci ildən hazırki dövrə kimi daimi Azərbaycan Respublikasında yaşayır və 1996-cı ilədək qeydiyyatda olmuşdur. Lakin təəssüflər olsun ki, 1996-cı ildən bütün hüquq müəyyənedici sənədlərinin olduğu gödəkcəsini oğurlamışdılar. Bu səbəbdən də hansına ünvana qeydiyyata düşə bilməmişdir. X10 Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin 02 fevral 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə müraciət təmin olunmamışdır. İşin hallarından görünür ki, o, 1974-cü ildən Azərbaycana daimi gəlmiş, Sumqayıt şəhərində təhsil almış, evlənmiş, burdan hərbi xidmətə yollanmış və hərbi qeyduyyatda olmuş, Sumqayıtda boşanmış, adına 4 dənə pasport açılmış, xx.xx.1971-ci ildən vətəndaşlığında olmuşdur. 1996-cı ilə kimi qeydiyyatda olmuş, 1996-cı ildə qeydiyyatdan çıxsa da, ölkəni tərk eləməmiş və qeydiyyatsız yaşayır. İsstinad olunan qaydanın 4.-cü bəndinə görə Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olunmamağı və bu halın vətəndaşsızlığına səbəb olması işin mübahisəsiz halıdır. Təsdiq olunmalı məsələ heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasının ərazisini tərk etməməyidir. O isə onsuzda sənədlərini itirmişdir. İstəsə idi, ölkəni tərk edə bilmirdi. Əgər ölkə ərazisini tərk etməməyi, başqa sözlə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşamaq faktı təsdiq olunsa, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınacaqdır. Bu faktın təsdiq olunması, ona vətəndaşlıq ala bilmək üçün lazımdır. O isə bunu başqa qaydada ala bilmir. Rusiya Federasiyasının Azərbaycan Respublikasında yerləşən səfirliyinin konsul idarəsi tərəfindən verilmiş Rusiya Federasiyası vətəndaşlığının olmadığını göstərən halların yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli, ********* nömrəli nəticədən çıxarışdan görünür ki, ƏrizəçiN Rusiya Federasiyasının vətəndaşı deyildir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi tərcüməçi X2 iştirakı ilə, onun vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi 06 may 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, şəxsin ərizəsinin təmin olunmasına onun tərəfindən etiraz olunmadığı nəzərə alınmaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə ərizəçinin (tərcüməçi vasitəsi ilə) və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan Rusiya Federasiyası vətəndaşlığının olmadığını göstərən halların yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli, ********* nömrəli nəticədən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü, Yaroslavl şəhərində anadan olmuşdur. (soyadını, adını və ata adını dəyişməmişdir.) Ərizəçinin şəxsiyyəti Sumqayıt şəhər 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 577 saylı şəkilli arayışla müəyyən edilmişdir. Azərbaycan Respublikasında ünvan 3 ünvanında yaşayır. X12 Nazirliyinin Yaroslavl vilayəti üzrə xx.xx.2024-cü il tarixli, 49/11937 saylı cavabına əsasən xx.xx.1992-ci il tarixinə Rusiyada yaşayış yeri üzrə qeydiyyat haqqında məlumat yoxdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada Rusiya vətəndaşlığının alınması üçün müraciət etməmişdir. X13 Nazirliyinin vətəndaşlıq üzrə elektron məlumat bazasında yoxlamanın nəticələrinə əsasən və Rusiya Federasiyası Prezidentinin fərmanlarına uyğun olaraq, ƏrizəçiN Rusiya vətəndaşlığını almış şəxslərin siyahısında yoxdur. Yuxarıda göstərilən faktlar və təqdim olunan sənədlərin tədqiqi əsasında belə qənaətə gəlinmişdir ki, ƏrizəçiN Rusiya Federasiyasının vətəndaşı deyildir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
9. İş materiallarında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli qərarından görünür ki, 09 iyun 1959-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 18 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, ehtiyata buraxılaraq xx.xx.1981-ci il tarixdə Sumqayıt Şəhər hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. xx.xx.1979-cu il tarixdə NZ seriyalı, ******* nömrəli hərbi biletlə təmin olunmuşdur. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün 2009-cu il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X11 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, 623 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Sumqayıt 35 nömrəli orta Texniki Peşə Məktəbinə daxil olaraq, xx.xx.1977-ci ildə 35 nömrəli orta texniki peşə məktəbində “aparatçı laborant” ixtisasını əyani bitirmişdir. Həmin dövrdə 35 nömrəli orta texniki Peşə Məktəbinin direktoru Qasanov M.D olmuşdur.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X4 barədə DİN-in İAMAS sistemində heç bir məlumat aşkar edilməmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyaası Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 01 aprel 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, sorğu edilən xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
14. İş materiallarında olan Yaroslavl şəhəri Krasnoperekopsk rayonu VVAQ Bürosu tərəfindən 24 iyun 1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə RSFSR, Yaroslavl şəhəri, Krasnoperekopsk rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1959-cu ilin iyun ayının 24-cü günündə 1319 nömrəsi ilə akt qeydi aparılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi 1974-cü ildən Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşı deyildir. Hazırda ərizəçi həmin faktın təsdiq edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Eyni Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir.
21. Göründüyü kimi Ərizəçi Azərbaycan Respublikasında daimi yaşayır, eyni zamanda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir.
22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1974-cü ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1974-cü ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Behbudova