Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3459/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X8 və X5 cəlb etməklə “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb etməklə “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı xx xxxxxx 1983-cü il anadan olmuş və Sumqayıt şəhəri, 6-cı mkr, ev 27, mənzil 40-da kirayədə yaşayır. Lakin atası X10 xx.xx.2022- ci il tarixdə yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişmişdir, (ölüm haqqında şəhadətnamə №377, xx.xx.2022). Ərizəçi atasının ölümündən sonra miras qalmış ünvan 1 ünvanına vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı Sumqyıt şəhəri 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin ərizəçinin həmin müraciətini təmin etməyən notarius mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı 786 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə qərarı olduqdan sonra bu məsələyə baxılacağını bildirmişdir. Mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Göstərilənlərə əsasən miras kütləsinə daxil olan və mərhum atası X2 miras qalmış ünvan 1-ın ərizəçi tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra ərizəçi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ərizəçi sözünün iddiaçı, maraqlı tərəf sözünün cavabdeh, ərizə sözünün iddia ərizəsi sözü ilə dəyişdirilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X9 iddia tələbinin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər.
8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki iş materiallarında olan, 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 aprel 2024-cü il tarixdə verilmiş 3-16-5/8-Ə-69-1568/2024 saylı arayışdan görünür ki, X11 ilə X6 nikahlarını xx.xx.1981-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əkbərova soyadı verilmişdir.
12. İş materiallarında olan Sumqayıt ZAQS tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş X- ЖГ № 335600 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Fizuli oğlu xx xxxxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X11, anası isə X1r.
13. İş materiallarında olan Sumqayıt şəhər ZAQS tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X-ЖГ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 aprel 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X11, anası isə X1r.
14. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 308969 saylı ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə kəskin böyrək çatmazlığı səbəbindən ölmüşdür.
15. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 416046 saylı ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə baş bronxların bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür.
16. İş materiallarında olan X3 ünvan 2 ünvanladığı **********538 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, 17 avqust 2022-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan atası X10 ölmüşdür. Mirasın tərkibi ünvan 1 ünvanında yerləşən mənzili qəbul edir. Mirasın tərkibinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
17. İş materiallarında olan İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********888 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 3 ünvanında yaşamış və xx.xx.2022-ci ildə vəfat etmiş atası X4 irs qalmış mirası əmlakı qəbul edir. Miras əmlak ünvan 1-dan ibarətdir. Bildirir ki, ondan başqa vərəsələri vardır: X12 və X9. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
18. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən 16 aprel 2024-cü il tarixdə verilmiş 786 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1-a dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı oğlu-İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə il müraciət daxil olmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40cı maddəsinin 1-ci bəndini tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının atası X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin atasından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
21. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
22. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
23. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
24. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
25. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
27. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
28. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
29. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
30. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
31. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
32. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X10 öldükdən sonra övladı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.
33. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.
34. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasının açıldığı məqamda miras əmlak onun istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının atasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.
35. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum X4 miras qalmış əmlak- ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlak- ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva