Məhkəmə qərarları › İş №2(060)-349/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-349/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-349/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının bacısıdır. İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda həmçinin onun qardaşı X6 ailəsi ilə birlikdə yaşayır. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi onların atası X2 məxsus olub. Həmin evin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhəri X9 torpaq sahəsinin ayrılması barədə 03 aprel 1959-cu il tarixli, 12 saylı protokoluna əsasən Cəbrayıl Cəbrayılova ayrılıb. Cəbrayıl Cəbrayılov 09 dekabr 1994-cü ildə vəfat edib. Qeyd olunan torpaq sahəsi üzərində hüquq onun sağlığında qeydiyyata alınmayıb. İddiaçının və cavabdehin anası Cəbrayılova Qızılgül Qurban qızının müraciəti əsasında həmin torpaq sahəsi Cəbrayıl Cəbrayılovun adına xx.xx.2018-ci ildə qeydiyyata alınıb. Sumqayıt şəhəri 6 saylı Dövlət notariat ofisinin dövlət notariusu X3 təsdiq etdiyi 2v/- 18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin 1/2 hissəsinə Qızılgül Cəbrayılovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilib. 25 dekabr 2018-ci ildə Qızılgül Cəbrayılova sözügedən ünvanda yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus 1/2 hissəsindən 0.04 ha torpaq sahəsini qızı olan Cavabdeh1 mülkiyyətinə verib. Bununla bağlı daşınmaz əmlakın bağışlanması müqaviləsi sözügedən tarixdə Sumqayıt şəhəri 6 saylı Dövlət notariat ofisinin dövlət notariusu Səmayə Əlimərdanova tərəfindən təsdiq edilib. Müqavilə reyestrdə 4Ə-76 № ilə qeyd edilib. Hazırda həmin notariat ofisi ləğv edilib və onun arxivi Cavabdeh2nə verilib. Həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin 1/2 hissəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış alıb. Daşınmaz əmlakın reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi isə ********** olub, daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınıb. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(060)-1718/2019 saylı qətnaməsi ilə iddiaçının qardaşı X4 cavabdehlər Sumqayıt şəhəri 6 saylı notariat kontoruna və Cəbrayılova Qızılgül Qurban qızına qarşı "şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 2v/-18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilib, Cəbrayılova Qızılgül Qurban qızının adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış ləğv edilib. Sözügedən qətnamə qanuni qüvvəsini alıb. Cəbrayılova Qızılgül Qurban qızı 22 mart 2023-cü ildə vəfat edib. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə Qızılgül Cəbrayılovaya verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilib, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsə də, onun bu sənədlər əsasında 0.04 ha torpaq sahəsini 25 dekabr 2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verməsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi və sonuncunun həmin müqavilə əsasında əldə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış qüvvədə qalıb. Aşağıdakılara əsasən Cavabdeh1 ilə Qızılgül Cəbrayılova arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi və xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış ləğv edilməlidir. Cavabdeh1 torpaq sahəsi üzərində hüquqlarının yaranmasına səbəb olmuş hüquqi əsaslar etibarsız hesab edilib və ləğv edilib. Belə ki, Sumqayıt Şəhər Məhkəmənin qanuni qüvvəsini almış 24 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri X9 torpaq sahəsinin ayrılması barədə 03 aprel 1959-cu il tarixli, 12 saylı protokoluna əsasən Cəbrayıl Cəbrayılova ayrılmış torpaq sahəsinin ər-arvadın (Qızılgül Cəbrayılovanın) ümumi gəlirləri hesabına əldə edilməsi öz təsdiqini tapmayıb. Başqa sözlə, həmin torpaq sahəsi əvəzsiz qaydada Cəbrayıl Cəbrayılova ayrılıb. Məhkəmə hesab edib ki, torpaq sahəsi ümumi gəlir hesabına əldə edilmədiyindən, ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz. Məhkəmə bu əsasla Sumqayıt şəhəri 6 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 2v/- 18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməni etibarsız hesab edib, Cəbrayılova Qızılgül Qurban qızının adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışı ləğv edib. Qızılgül Cəbrayılovaya verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə və çıxarış etibarsız hesab edilib, ləğv edildiyindən onun bu sənədlər əsasında imzaladığı 25 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh1 həmin müqavilə əsasında əldə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış da hüquqi qüvvəsini itirib. 3-cü cavabdehin 02 oktyabr 2023-cü il tarixli 3-21-3-31/2-3360/2023 saylı məktubunda qeyd edilir ki, "Cəbrayılova Qızılgül Qurban qızının hüquqlarının ləğv olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/19 saylı, xx.xx.2019- cu il tarixli icra vərəqəsinin surəti icra olunması üçün idarəyə daxil olub. ünvan 5 dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-76 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alındığından icra vərəqəsi icra olunmadan Sumqayıt şəhəri üzrə icra idarəsinə geri qaytarılmışdır". Bu cavabdan da göründüyü kimi, Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququ formal xarakter daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/19 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin Cavabdeh1 münasibətdə icra olunmamasının yeganə səbəbi Natiq Cəbrayılov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinin və ******* saylı çıxarışın ləğv edilməsi tələbinin qeyd edilməməsi və məhkəmənin 24 aprel 2019-cu i! tarixli qətnaməsinin "qət etdi" hissəsində buna dair tələbin yer almamasıdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsində Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olmuş hüquqi əsaslar etibarsız hesab edilib, ləğv edildiyindən, təbii olaraq onun nəticələri də ləğv edilməlidir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisinin dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu iclasla bağlı iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, habelə iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

7. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdeh2 tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

9. Məhkəmə işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2314/69 saylı arayışdan görünür ki, X5 xx.xx.1994-cü il tarixdə hemorraqik şok səbəbi ilə ölmüşdür.

14. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2316/69 saylı arayışdan görünür ki, Cəbrayılova Qızılgül Qurban qızı xx.xx.2023-cü il tarixdə sol mədəcik çatmamazlığı səbəbi ilə ölmüşdür.

15. İş materiallarında olan Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisinin dövlət notariusu X7 tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, ev 218-in ½ hissəsini Cəbrayılova Qızılgül Qurban qızı tərəfindən Cavabdeh1 hədiyyə verilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, ev 218 Cavabdeh1 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 198 saylı reyestr kitabının 43 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

17. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ünvan 5 Dövlət notariat kontorunda təsdiq edilmiş 2v/-18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cəbrayılova Qızılgül Qurban qızının adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3360/2023 nömrəli “daşınmaz əmlaka dair müvafiq məlumatın verilməsi barədə” vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən 800 kv.m torpaq sahəsi Sumqayıt şəhər XDS İK tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə 12 saylı, xx.xx.1959-ci il tarixli protokolundan çıxarış əsasında X1 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. ünvan 5 dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 2V-18 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin 1/2 hissəsi üzərində Cəbrayılova Qızılgül Qurban qızının hüquqları qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. ünvan 5 dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli bağışlama müqaviləsi əsasında, sözügedən torpaq sahəsinin 1/2 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cəbrayılova Qızılgül Qurban qızının hüquqlarının ləğv olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1718/19 saylı, xx.xx.2019- cu il tarixli icra vərəqəsinin surəti icra olunması üçün idarəyə daxil olmuşdur. ünvan 5 dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-76 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alındığından icra vərəqəsi icra olunmadan Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2018-ci il tarixdə Cəbrayılova Qızılgül Qurban qızı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-ci keçid, 23-cü məhəllə, ev 218-in ½ hissəsini övladı Cavabdeh1 bağışlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ünvan 5 Dövlət notariat kontorunda təsdiq edilmiş 2v/-18 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cəbrayılova Qızılgül Qurban qızının adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. Hazırda iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olmuş hüquqi əsaslar etibarsız hesab edilib, ləğv edildiyindən onun nəticələrinin də ləğv edilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

23. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

24. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

27. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

28. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 29.Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin təmin olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.

30. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində təsdiq edilmiş 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməli, Cavabdeh1 adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair (1/2 hissəsinə) xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış ləğv edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində təsdiq edilmiş 25 dekabr 2018-ci il tarixli, 4Ə-76 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin. Cavabdeh1 adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23 məhəllə, 7-ci keçid, 218 ünvanında yerləşən torpaq sahəsinə dair (1/2 hissəsinə) xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar