Məhkəmə qərarları › İş №2(060)-3505/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3505/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3505/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədyarlı Yeganə Məmmədyar qızına və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədyarlı Yeganə Məmmədyar qızının, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2377-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2377 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, Tofiq Süleymanov adlı şəxsə 50000 manat məbləğində pul vermişdir ki, həmin torpaq sahəsində üç otaqlı ev tikib ona təhvil versin. Tofiq, öz öhdəliyini icra etmiş, evi tikdirib hazır etmişdir. Lakin onun xəbəri və razılığı olmadan iş üzrə cavabdehləri həmin mənzilə köçürmüşdür, O, dəfələrlə cavabdehlərə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə mənə məxsus olan mənzildən çıxmalarını tələb etmişdir. Lakin cavabdehlər buna məhəl qoymamışlar. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ona məxsus olan mənzildə heç bir hüququ olmayan cavabdehlər ona məxsus mənzildən çıxarılmalıdırlar. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2377 saylı evin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 09.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi Corat bağları üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 331 №-li, 31.07.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Məmmədyarlı Yeganə Məmmədyar qızı Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2377-də ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. Cavabdeh2 və Cavabdeh3 onun ailə üzvüdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2377 saylı ev İddiaçı məxsusdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iş üzrə cavabdehlər mübahisəli evdə heç bir əsas olmadan yaşadıqlarından iddia əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdehlər Məmmədyarlı Yeganə Məmmədyar qızı, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2377-dən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Məmmədyarlı Yeganə Məmmədyar qızı, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2377-dən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar