Məhkəmə qərarları › İş №2(060)-3513/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3513/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3513/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2001-ci ildə nikaha girməklə ailə həyatı qurmuşdur. Gəlin gələndən sonra bir müddət qayınanasına məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, mənzil 31-də yaşamışlar. Sonradan Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikərək xx.xx.2007-ci ildən yaşamağa başlamışlar. Bunu 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli, 12 saylı arayışı təsdiq edir. Sonradan tərəflərin münasibətləri pozulduğundan cavabdeh iddiaçını həmin evdə yaşamağa qoymur. İddiaçı əlacsız qalıb Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 5, mənzil 9-da məskunlaşmışdır. Sumqayıt şəhəri, İnşaatçılar məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı ev birgə vəsait hesabına tikilmişdir və həmin ünvanda 2007-ci ildən yaşayır. Göstərilənlərə əsasən iddiaçının Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı evə köçürülməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt Şəhər Nikah evi tərəfindən 17 aprel 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 429047 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Şükürova Səminə Əli qızı 17 aprel 2001-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 280 nömrə ilə qeyd edilmişdir.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1390/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Sadıqova (Şükürova) Səminə Əli qızı arasında Sumqayıt şəhər Nikah Evində xx.xx.2001ci il tarixdə, 280 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin 12 saylı, 24 yanvar 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışından görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və oğlu X1 ilə birlikdə xx.xx.2007ci il tarixindən “Beton zavodu” üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 192A ünvanında yaşayırlar.

10. İş materiallarında olan Azərbaycan Respublikası Qubadlı rayonu İcra Hakimiyyəti başçısının Mahruzlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 saylı, 29 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 1993-cü ildən Qubadlı rayonu, Mahruzlu kəndindən məcburi köçkün gəlmiş, hal-hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 5, mənzil 9-da müvəqqəti məskunlaşmışdır.

11. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/MT030/2023-00657 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli mənzilə gəlin köçmüş və cavabdeh ilə birlikdə orada yaşamışlar. Həmin nikahdan bir övladı olmuş, sonradan tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Hazırda iddiaçı sözügedən mənzilə köçürülməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Sumqayıt şəhəri, İnşaatçı məhəlləsi, “Beton zavod” ərazisi ünvanında olan 192A saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu, habelə mübahisəli evdə iddiaçının yaşamış olduğu mübahisəsiz haldır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə yaşayış evlərində yaşayan şəxslərin tikili ilə bağlı hüquqi münasibətini tənzimləmir.

15. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

16. Ona görə də, belə yaşayış evləri ilə əlaqədar yaranmış hüquq münasibətlərinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.

17. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

18. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli evə gəlin köçməklə Cavabdeh ailə üzvü olmuş, onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Odur ki, iddiaçıya həmin evdə cavabdehlə eyni şərtlərlə və eyni şəraitdə yaşamaq imkanı yaradılmaqla, o, həmin mənzilə köçürülməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

21. Həmin Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Eyni Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

23. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 3 ünvanına köçürülməlidir.

25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

32. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

33. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ünvan 3 ünvanına köçürülsün. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manatı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar