Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3553/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı tərəf qismində cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı tərəf qismində cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 xx xxxx 1990-cı ildə keçmiş RSFSR-nin Kuybışev vilayətinin Bolşeçernepov rayonunun Koşkin qəsəbəsində doğum faktının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin bərpa edilməklə ata qrafasında atası X2 və ana qrafasında isə anası Ərizəçi kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan müəyyən edilir ki, ərizəçinin oğlu X3 xx xxxx 1990-cı ildə RSFSR-nin Kuybışev vilayətinin Bolşeçernepov rayonunun Koşkin qəsəbəsində doğulmuş, həmin vaxt doğum qeydə alınmış və doğum haqqında şəhadətnaməsi verilmişdir. Doğum şəhadətnaməsi naməlum şəraitdə itirilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi müəyyən edilməsi xahiş olunan hüquqi faktı dövlət orqanı tərəfindən qeydə alınmışdır. Hesab edirəm ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Sumqayıt qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamə verməkdən imtina etməsi ərizənin icraata qəbul edilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, yoxlanılan ərizə üzrə itmiş yazının qeydiyyat şöbəsi (Rusiya Federasiyasının) tərəfindən bərpası mümkün olmaqla doğum faktının müəyyən edilməsinə zərurət yoxdur və qanunun göstərişinə görə də bu qanunla yolverilməzdir. Azərbaycan Respublikasinin Konstitusiyasinın 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 148-ci maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 151-ci maddəyə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası və Rusiya Federasiyasının qoşulduğu, xx xxxxxx 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 2002-ci il oktyabrın 7-də qəbul edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 13-cü maddəsinə əsasən Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. Məhkəmə izah edir ki, ərizəçi səlahiyyətli qurumlara müraciət etməklə həmin Kovensiyanın şərtlərinə müvafiq olaraq doğum akt qeydi barədə şəhadətnamənin əldə edilməsi ilə bağlı məsələnin həllinə nail ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməli, doğum akt qeydi barədə sənədin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı tərəf qismində cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilsin, qərardad ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə doğum akt qeydi barədə sənədin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3553/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3553/2021
07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver