Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3556/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı və vəkili X16, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Zahd oğlunun cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə intizam tənbehinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o 2016-ci ildə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru tərəfindən işdən azad olunmuşdur. Bununla əlaqədar o məhkəməyə şikayət vermiş və yenidən öz vəzifəsinə bərpa olunmuşdur. Lakin şikayətilə əlaqədar mülki işə məhkəmədə baxılan zaman artıq həmin məktəbə yeni direktor təyin olunmuşdur. Onun işə bərpa olunmağına dair iddia tələbinə dair mülki işlə əlaqədar keçirilən məhkəmə iclaslarında məktəbin yeni direktoru iştrak etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə artıq başqa şəxs təyin edilmişdir. O, işə bərpa olduğuna görə məktəbin yen direktoru İlahə Həsənlinin ona qarşı qərəzli mövqeyi yaranmışdır. Həmin vaxtdan etibarən məktəbin direktoru İ.Həsənli məktəbin Uşaq Birliyinin rəhbəri Dilşad Babayeva ilə birləşərək ona mənfi münasibət göstərirlər, məqsədyönlü şəkildə onu mübahisələrə cəlb edirlər. Bu hərəkətləri etməkdə onların tək məqsədi odur ki,onu cəzalandıraraq məktəbdən qovsunlar. Belə ki, 2018-ci ildə məktəbdə işləyən bir nəfər xadiməni öyrədərək ona qarşı guya onu döyməyi barədə ərizə verməyə məcbur etmişdirlər. Həmin mübahisə ilə bağlı inzibati iş üzrə keçirilən məhkəmə prosesində Dilşad Babayeva yalançı şahidlik edərək, onun xadiməni guya döyməyimi gördüyünü bildirmişdir. Buna görə də həmin iş üzrə onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan o narazı qalaraq, apellyasiya şikayəti vermişdir. Oun şikayəti təmin edilmiş və həmin inzibati işə xitam verilmişdir. Bundan əlavə, 10.02.2021-ci il tarixdə o X.Zeynalova ilə heç bir mübahisə etməmiş, səs-küy olmayıb, sadacə aralarında adi bir sohbət olub və həmin söhbət saat 07:25 radələrində, yəni dərs saatları başlamamış olmuşdur. 11.02.2021-ci il tarixdə isə A.Rəhimova məktəbdə ümumi nəzarəti həyat keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarına yaxınlaşaraq, dünən məktəbdə mübahisə baş verdiyini, niyə heç bir tədbir görülmədiyini bildirmişdir. O, da bu söhbəti eşidən kimi, onlara yaxınlaşmış və onlara bunu Nazirliyinin əməkdaşlarına deməyə ehtiyac olmadığını bildirmişdir. Bunu eşidən A.Rəhimova yüksək səslə onu təhqir etməyə başlamış, həmçinin şəhid ailəsi olduğunu bildirərək, başına oyun açacağını demişdir. O A.Rəhimovanın üstünə gəldiyini görmüşdür. Gələcəkdə özünü müdafiə edə bilməyi, sübutlarının olması üçün telefonun kamerasını yandırmışdır. Bunu görən idman müəllimi Azad müəllim onun həmin halları telefonuna çəkə bilməməyi üçün kənara çəkmişdir. Həmin günü o, Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin qəbuluna gedərək məktəbdə direktorun planları nəticəsində yaranmış qeyri-sağlam iş şəraitindən şikayət etmiş və bu hərəkətlər barədə tədbir görülməsini xahiş etmişdir. Bir halı da məhkəmənin nəzərinə çatdırır ki, onların məktəbdə mikrofon aparatı var və həmin aparat ilə məktəbin dərsinin başlanması elan olunur. Bu aparatdan istifadə edən məktəbin Uşaq Birliyinin rəhbəri Dilşad Babayevadır, lakin hər gün həmin aparatı məktəbin mühafizəçisi aparıb gətirir. Buna baxmayaraq, 12.02.2021-ci tarixdə saat 07:10 radələrində, D.Babayeva onun üstünə gələrək möhkəm səslə qışqıraraq, onun əşyalarına toxumamağını, adını bələ çəkməməyini bildirmişdir. Halbuki həmin vaxta aparat və ya mikrafon onda deyildi. Sonra D.Babayeva ona qarşı qeyri etik sözlər işlətməyə başlamış, hətta üstünə hücum çəkərək ona xəsarət yetirmişdir. Qeyd edilən halları şəxsi telefonu vasitə ilə video qeydə almış və həmin diski iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Bu barədə o DİN-nin102 xidmətinə müraciət etmiş, məktəbə polis əməkdaşı gəlmiş, izahatı alınmış, həmçinin bədənində yaranan xəsarətlərlə bağlı rəy alınması üçün ekspertizaya göndərilmişdir. Bundan sonra D.Babayeva bir daha da üstünə hücum çəkmiş və o yenə də DİN-nin102 xidmətinə müraciət etmiş, məktəbə ikinci dəfə də polis əməkdaşı gəlmişdir. Bu material üzrə inzibatı protokol tərtib edilmiş, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin 15.03.2021-ci il tarixli qərarına əsasən, D.Babayeva barəsində 300 manat cərimə inzibati tənbeh tədbiri tətbiq təyin edilmişdir. Bu hadisə ilə əlaqədar məktəbin direktor tərəfindən ona töhmət verilmişdir. Halbuki, həmin hadisədə onun heç bir günhı olmayıb. Ona görə də hesab edir ki, ona töhmətin elan edilməsi ilə bağlı verilmiş əmr əsassızdır və həmin əmr ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının məktəb rəhbərliyinin onun əmək intizamın pozmasına görə töhmət verilməsi barədə əmrin qanunsuz hesab edilməsinə dair iddia tələbi əsassızdır. Belə ki, iddiaçı məktəbdə daimi qanunsuz olaraq çəkilişlər aparır.11.02.2021-ci il tarixli bir qrup məktəb kollektivinin tərtib etdiyi aktdan da göründüyü kimi, iddiaçı məktəbin təşkilatı işlər üzrə direktor müavini Sevda Zeynalovanın vəzifəsini yerinə yetirməsinə maneçilik törətməklə məktəbin normal iş rejimini pozmuşdur, məktəbin musiqi müəllimi A.Rəhimovanın razılığı olmadan qanunsuz olaraq video çəkiliş aparmışdır və bununla kifayətlənməyərək, hətta A.Rəhimovanın iradəsi əlehinə sinif otağına olaraq şəxsi telefonundan onun çəkilisini aparmışdır. İddiaçıda təsdiqləmişdir ki, məktəbdə çəkilişi edib və əldə edilmiş qanunsuz görüntüləri iş materiallarına əlavə etmişdir. Bundan sonra 15.02.2021-ci il tarixdə keçirilən iclasda məktəbin bir qrup müəllimi, həmçinin məktəbin direktoru İ.Həsənli İddiaçı qanunsuz olaraq məktəbdə şəxsi telefonu ilə əməkdaşların video çəkilişləri aparmasının cinayət olduğunu bildirmişdilər və bu hərəkətlərinə son qoymağını tələb etmişdirlər. Buna cavab olaraq İddiaçı məktəbin müəllimi D.Babayevanı işdən çıxarılmasını məktəbin direktoru qarşısında tələb kimi irəli sürmüşdür. D.Babayevanın işdən çıxarılmayacağı təqdirdə ailə üzvlərini də, bu işə qoşacağı ilə məktəb direktorunu hədələmişdir. 18.02.2021-ci il tarixdə məktəbin 87 nəfərdən ibarət kollektivi Sumqayıt şəhər Təhsil Şöbəsinin müdrinə ərizə ilə müraciət edərək İddiaçı qanunsuz olaraq məktəbdə şəxsi telefonu ilə əməkdaşların video çəkilişini aparmasına son qoymaq üçün qanuna müvafiq tədbirin görülməsini xahiş etmişdirlər. iddiaçının məktəbin müsiqi müəllimi şəhid ailəsi üzvü olan A.Rəhimovanın ünvanına səsləndərdiyi ittihamlar məktəb kollektivi tərəfindən mənfi qarşılanır. İddiaçı məktəbin müəllimi Dilşad Babayevanı qanunsuz olaraq şəxsi telefonu ilə video-çəkiliş aparması nəticəsində yaranmış hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən D.Babayevaya da töhmət elan edilmişdir. İddiaçının şəxsi telefonu ilə məktəbi işçilərini videoya çəkməsi işçilər tərəfindən mənfi qarşılanır və bunun nəticəsində iddiaçının hərətkəri inztizam qaydalarını pozur. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X17 izahat verərək bildirdi ki, Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə 2005-ci ildən direktor müavini işləyir. İddiaçı həmin məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyir. 2016-ci ildə mən məktəbin direktor əvəzi işlədiyi vaxtda İddiaçı işdən azad etmişdir. Ondan sonra o, məhkəməyə şikayət verərək işə bərpa olunmuş və həmin vaxtda artıq məktəbin direktoru İlahə Həsənli təyin olunmuşdur. Baş verilmiş hadisə günü işdə olmamış, pandemiya ilə əlaqədar dərslər həm onlayn həm əyani keçirilir ona gorə əyani olaraq işdə çərşənbə və cumə günlərində olur. Dilşad Babayeva ilə baş vermiş hadisəni canlı olaraq görməmiş, Teymur 12.02.2020 ci il tarixdə baş vermiş hadisəni telefona çəkdiyi videosunu ona göstərmişdir. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirdi ki, iddiaçının iş yoldaşıdır. O, 06.06.2016-ciil tarixdən 11 nömrəli tam orta məktəbdə işləyir. Məktəbə işə düzələndə İddiaçı işdən azad olunmuşdur və onun yeri boş olduğu üçün Təhsil şöbəsindən vakant yerə gəlmişdir. İddiaçı işə bərpa olunandan sonra o, kargüzar vəzifəsinə keçmişdir. Halhazırda məktəbdə məktəbin uşaq birliyi rəhbəri vəzifəsində işləyir. İddiaçı işə bərpa olduqdan sonra onunla daimi olaraq söz söhbətlər, dava dalaşlar etmişdir. İddiaçı hər yerdə deyir ki, guya o, onu işdən çxartmaga çalışır, ona işləməyə imkan vermir, onun yerinə göz qoymuşdur. İddiaçı daimi olaraq məktəbdə onu telefona çəkir, sosial şəbəkələrdə həmin videoları paylaşır. O, dərəcəyə çatıb ki, onu magazalarda tanımaqa başlayıblar deyilər ki “Dilşad sizsiz mən sizi facebookda görmüşəm”. Sumqayıt şəhərində Göyərçin tərəfdə parkda İddiaçı obyekti var, və oranın işçiləri ona deyilər ki, sizinlə olan videoları İddiaçı onlara göstərir. Bu nə dərəcədə düzgündür?, bununla əlaqədar da onların arasında söz söhbət olur. Məhkəmə iclasında şahid X12 izahat verərək bildirdi ki, iddiaçının iş yoldaşıdır. 2007-ci ildən Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə kimya müəllimi və eyni zamanda ibtidai sinif üzrə direktor müavini vəzifəsində işləyir. İddiaçı ilə əvvələr münasibəti pis olmamışdır, lakin axır vaxtları pisləşib, onun da səbəbi onun işlərinə müdaxilə etməsi, onu daimi olaraq telefona çəkməsidir. Məhkəmə iclasında şahid X22 qızı izahat verərək bildirdi ki, iddiaçı iş yoldaşıdır. Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə 2001-ci il tarixdən işləyir. O, şəhid ailəsinin stasunu almışdır. İddiaçı ilə münasibətiyi pis olmamışdır, lakin son zamanlar pisləşib. İddiaçı onu daimi olaraq telefona çəkir. Onun şəhid ailəsi stasuna toxunur onu şübhə altına salır. Onların arasında 11.02.2020-ci il tarixdə mübahisə baş vermişdir. Onların məktəbində Təhsil Nazirliyinin tərəfindən onlara və məktəbə nəzərət edilməsi üçün işçi ayrılıb “Dost” deyirlər, o onun yanına yaxınlaşaraq söz soruşmaq istəyəndə, İddiaçı yüksək səslə üstünə gələrək söhbətlərinə müdaxilə etmiş və səs küy yaratmışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: - Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinin direktor əvəzi Şəhla Bağırova tərəfindən Sumqayıt Şəhər təhsil Şöbəsinə ünvanlanmış 01 avqust 2016-cı il tarixli məktubdan görünür ki, ki, İddiaçı 01.02.2016-cı il tarixdə 12 saylı əmrlə məktəbə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövr ərzində üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirməmiş , əmək və icra intizamını dəfələrlə pozmuş, tabeliyində olan işçilərə kobud, təhqiramiz hərəkətlər və ifadələr işlətmişdir. Məktəb həmkarlar təşkilatında bu məsələlərə dəfələrlə baxılmışdır. Bununla bağlı aktlar və həmkarlar təşkilatının protokolları təıtib olunmuşdur. İddiaçı gənc olmasını, karyerasının ilk işi olduğunu nəzərə alıb ona humanistlik edərək dəfələrlə şifahi xəbərdarlıq etmişəm və ən əsası təhsil ocağı olduğunu ona bildirmişəm. Hərəkət və davranışında dönüş etməyi tövsiyə etmişəm. Lakin bütün bunlardan o heç bir nəticə çıxarmamış , kollektivə qarşı daha qərəzli mövqedə olmuşdur. İddiaçı əmək funkusyasım pozmuş, təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydalarını pozmaqda davam etməklə iş yoldaşlarının səhhətinə xəsarət yetirmişdir. Qeyri adekvat davranışı ilə məktəbdə həm müəllimlər, həm tabeliyində olan işçilər, valideynlər və şagirdlər arasında gərginlik yaratmış, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. -X13, X3, X8, X5, X4 və X28 qızı tərəfindən tərtib edilmiş 11.02.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən 10.02.2021-ci il tarixdə 07:45 radələrində məktəbin (11 nömrəli tam orta məktəbin) İ-ci mərtəbəsinin foyesində fənn olimpiadalarına hazırlıq keçirilən vaxt təsərrüfat işləri üzrə direktor müavini İddiaçı qışqırıq səsləri eşidildi. Məktəbin direktoru İ.Ş.Həsənli İddiaçı nalayiq ifadələr işlətdiyini eşidib boş otaqlardan birinə apararaq burada oturmağı, dərslərin gedişinə mane olmamasını tapşırdı və “Sizin bu hərəkətlərinizin səbəbini sonra aydınlaşdırarıq, indi vaxtı deyil, məktəbdə şagirdlər, olimpiadaya hazırlıq işlərinə nəzarət edən təhsil nümayəndələri var,” - dedi. Hadisə araşdırılan zaman məlum olmuşdur ki, hadisəyə səbəb dərsin hansı sinifdə keçirildiyini soruşan şagird İddiaçı müraciət edəndə birbaşa dərslərin təşkilinə cavabdeh olan direktor müavini X.Zeynalova şagirdi sinif otağına yönəldir. Bu zaman İddiaçı X.Zeynalovanm işinə qanunsuz müdaxilə edərək onun vəzifə borcunu yerinə yetirməsinə maneçilik törədir. -X19, X2, X12, X24 qızı tərəfindən tərtib edilmiş 15.02.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən 15.02.2021-ci il tarixdə məktəbin müəllimlər otağında direktor İ.Ş. Həsənli məktəbdə konflikt yaradan və ona ərizə ilə müraciət edən İddiaçı (təsərrüfat işləri üzrə direktor müavini), D.Babayevaya (UBTR), X.Zeynalovaya (direktor müavini) və məktəbin müəllimi A.Rəhimovaya müraciət edərək, münaqişəyə son qoymağı, barışıb normal ünsiyyət qurmağı tövsiyə etdi. O, İddiaçı nəzərinə çatdırdı ki, telefonundan istifadə edərək icazəsiz, gizlin kimi isə çəkərək, sonra da çəkdiyini paylaşmaq həm mənəvi, həm də hüquqi cəhətdən cinayətdir. Buna heç kimin haqqı yoxdur. Bu əməllərindən əl çək. Məktəbdir, özünü səbirli apar, hər xırda hadisəyə görə söz-söhbət yaratma, kollektivdə qarşıdurma yaratma, münaqişəyə girdiyi şəxslərlə barışmağı təklif etdi. Lakin T. Abbasov yenə də yüksək səslə, demək olar ki, qışqıraraq barışığa razı olmadığını bildirdi və “Dilşad bu məktəbdən gedəcək, sonra da digərləri. Mən buna nail olmaq üçün əlimdən gələni edəcəyəm. Əgər Siz ( direktor) mənə qarşı çıxsanız , sizdən də şikayət edəcəm” - dedi. O, sözünü hədə-qorxu ilə davam etdirib, direktoru ailə üzvlərini də bu işə qatacağı ilə hədələdi. Məktəb direktoru İ.Həsənli münaqişəyə səbə olanlara səbəb olanlara - İddiaçı və Babayeva Dilşada töhmət verəcəyini elan etdi, Rəhimova Afaq və Zeynalova Xanıma işə şifahi xəbərdarlıq edəcəyini bildirdi. -Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim kollektivinin 18.02.2021-ci il tarixli ərizəsindən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı son vaxtlarda öz vəzifə səlahiyyətlərini aşan hərəkətlərə yol verir. Belə ki, İddiaçı ona heç bir aidiyyatı olmadığı halda tədris prosesinə müdaxilə edərək heç bir əsaslı səbəb olmadan müəllimlərlə yersiz mübahisələr edir. Bu isə müəllimlərin haqlı narazılığına səbəb olur. Bundan əlavə İddiaçı özünə məxsus mobil telefonla müəllimlərin tədris prosesi zamanı və tədris prosesindən kənar videolarını çəkir. Onun çəkiliş aparmasına etiraz edən müəllimlərlə isə mübahisə edir. Teymur Abasovun tədris prosesinə müdaxilə etmək kimi heç bir səlahiyyəti yoxdur. İddiaçı qeyri-qanuni olaraq apardığı video çəkilişləri hətta sosial şəbəkələrdə yerləşdirmişdir. İddiaçı bu hərəkərləti ilə müəllimlərin şəxsi həyatına müdaxilə etməklə yanaşı, çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yerləşdirməklə həm müəllimlərin, həm də məktəbin nüfuzuna xələl gətirir. Dəfələrlə İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması ilə bağlı xəbərdarlıqlar edilsə də, o, yenidən öz hərəkətlərini davam etdirir. Artıq günlərdir ki, məktəbin normal iş ahəngi pozulmuşdur. Hər gün biz müəllimlər məktəbdə İddiaçı tərəfindən qanunsuz olaraq izlənirik. Hesab edirik ki, İddiaçı bu təhsil işçisinin adma yaraşmayan hərəkətləri tərəfinizdən araşdırılmalı və həm müəllimlərin, həm də məktəbin nüfuzuna xələl gətirən hərəkətlər yol verdiyi üçün işdən azad edilməlidir. Sizə müraciət etməklə yuxanda sadalanan qanunsuz hərəkətlərə yol vediyi üçün məktəbin təsərrüfatişləri üzrə direktor müavini İddiaçı barəsində qanuna müvafiq tədbir görülməyini xahiş edilmişdir. - Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktorunun 26 fevral 2021-ci il tarixli, 46 nömrəli əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən məktəbin Uşaq birliyi rəhbəri X6 töhmət elan edilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktorunun 12 mart 2021-ci il tarixli əmrdən çıxarışından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. - Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru tərəfindən 14 saylı vəkil bürosunun vəkili Azad Hüseynova ünvanlanmış 19 aprel 2021-ci il tarixli 17 nömrəli məktubdan görünür ki, məktəb 2015-ci ildə əsaslı təmir olunduqdan sonra dövlət tərəfindən kamera sistemi ilə təchiz edilmişdir. Hal-hazırda məktəbin bütün mərtəbələri, sinif otaqları kamera vasitəsi ilə izlənilir. -ünvan 2 ünvanlanmış 06 may 2021-ci il tarixli 00-01-196/18 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə son bir ildə Təhsil Nazirliyi və ya -Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən heç bir intizam tənbehi verilməmişdir. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb kollektivinin 87 nəfər üzvünün imzası ilə Təhsil Şöbəsinə daxil olmuş ərizə qeydiyyat alınmışdır və qeydiyyat nömrəsi Kol-14, 18.02.2021-ci ildir. - Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru tərəfindən 14 saylı vəkil bürosunun vəkili Azad Hüseynova ünvanlanmış 17 may 2021-ci il tarixli 20 nömrəli məktubdan görünür ki,19 iyun 2009-cu il tarixli, № 833-İİİQ nömrəli Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında əsasnaməsinə əsasən Pedaqoji Şurada yalnız Pedaqoji işçilər iştirak edə bilər. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı texniki işçi olduğu üçün o, Pedaqoji Şurada iştirak edə bilməz. -Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin Rəyasət heyəti tərəindən 14 saylı vəkil bürosunun vəkili Azad Hüseynova ünvanlanmış məktubdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin Həmkarlar Təşkilatının üzvlüyündən 02.03.2021-ci il tarixli, 77 nömrəli protokoluna əsasən öz xahişi ilə çıxarılmışdır. -məktəbin müşayidə kameralarından köçürülümüş video disklərə keçirilmiş baxışdan görünür ki, İddiaçı əlində telefon ilə video çəkərək A.Rəhimovanın üstünə gəlir, A.Rəhimova isə arxaya çəkilir. İddiaçı məktəbin əməkdaşlarını şəxsi telefonu vasitəsi ilə çəkilişlərini aparır. -İddiaçı iddia ərizəsinə əlavə etdiyi diskə baxış keçirilərkən, onun şəxsi telefonu ilə D.Babayevanın çəkilişini aparması, sonuncunun isə T.Babayevə qarşı qeyri etik söz işlətməsi və üstünə gələrək telefonu əlindən almaq istəməsi müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktorunun 12 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilmişdir. Buna səbəb İddiaçı 10-12 və 15 fevral 2021-ci il tarixlərdə məktəbin pedoqoji heyəti ilə konfilikt yaradaraq müəssisə daxili nizam-intizam qaydalarını pozmuşdur. Əmək Məcəlləsinin 10cu maddəsinin “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələblərinə əməl etməmişdir. Belə ki, 10.02.2021-ci il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə , 11.02.2021-ci il tarixində musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə edib, 12.02.2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevam şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarında mübahisə yaşanmışdır. Bu mübahisələr nəticəsində məktəbin iş rejimi pozulmuşdur. Həmçinin 19 iyun 2009-cu il tarixli, № 833-İİİQ nömrəli Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında əsasnaməsinə əsasən Pedaqoji Şurada yalnız Pedaqoji işçilər iştirak edə bilər. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı texniki işçi olduğu üçün iddiaçı Pedaqoji Şurada iştirak edə bilməz. Ona görədə, iddiaçıya töhmət elan edilməsi ilə əlaqıdar Pedaqoji Şuranın iclasının keçirilməsinə və iddiaçının həmin iclasda iştirak etməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək ;əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarına tam riayət edilmişdir, ona görə də, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq ona töhmət elan edilməsi sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli maṫ orta məktəbin direktoru İlahə Həsənliyə qarşı həmin məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdrmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli maṫ orta məktəbin direktoru İlahə Həsənliyə qarşı həmin məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3556/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3556/2021
18.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver