Məhkəmə qərarları › İş №2(060)-357/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-357/2023

02.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-357/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin əşyaları ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi 1-ci məhəllədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayından Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi, 1-ci məhəllə ərazisində sahəsi 100 kvadratmetr olan torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin inşasına başlamışdır və 2022-ci ilin sentyabr ayında qeyd olunan evin inşasını başa çatdırmışdır. Sonradan maddi çətinlikləri yarandığından və pula ehtiyacı olduğundan qeyd olunan yaşayış evini satmaq məcburiyyətində qalmış və bu barədə evi 28.000(iyirmi səkkiz min) AZN manata satmaq istəyini bir neçə alqı-satqı vasitəçilərinə-maklerlərə bildirmişdir. Alqısatqı vasitəsiçi-makleri olan tanışı Elməddin adlı şəxs 2022-ci ilin sentyabr ayının təxminən 25-28 tarixlərində onunla görüşərək bildirmişdir ki, evə bir müştəri tapıb, qohumudur və evi müştəriyə öz evi kimi təqdim edib, 28.000 manata razılaşıb alıcı, sonra Elməddin ona 8.000 (səkkiz min)AZN manat beh qismində pul verərək, bildirmişdir ki, alıcının istəyinə görə evdə xırda tamamlama işləri görəcək və bu məqsədlə ondan evin açarlarını götürmüş, pulun qalan 20.000(iyirmi min)AZN hissəsini evdə xırda tamamlama işləri başa çatdıqdan sonra 2022-ci ilin oktyabr ayının 15-nə qədər alıcı verəcəkdir. O, Elməddinə inanmış və behi götürərək, evin açarlarını ona vermişdir. Elməddin daha sonra ona demişdir ki, razılıq ver evin kommunal ödənişlərini alıcının adına keçirsin. O, buna qəti etiraz etmiş, bildirmişdir ki, bunu ancaq evin dəyəri ona tam şəkildə ödənildikdən və alıcı evə köçdükdən sonra edə bilər. Bir müddət sonra o, evə gedərək Elməddinin və onun tanış ustalarının evdə xırda tamamlama işlərinin apardıqlarını görmüşdür. Artıq 2022-ci ilin oktyabr ayının 15-i Elməddin ona zəng etmiş və demişdir ki, səbrli ol, bir-iki günə alıcı ilə gəlib pulun qalan 20.000(İyirmi min) manat hissəsini tam şəkildə ödəyəcəklər və evi alıcıya təhvil verəcək. O, yenə Elməddinə inanmış və gözləməyə başlamış, lakin iki gün keçdikdən sonra Elməddindən bir xəbər olmadığına görə ona telefonla zəng etmiş, Elməddinə zəng çatmamışdır. O, Elməddinin ona məlum olan digər nömrələrinə də zəng etmiş, ancaq həmin nömrələrə də zəng çatmamışdır. O, narahat olub evinin yerləşdiyi ünvana getmişdir ki, bəlkə Elməddini orada görə bilər. Evinə gəldikdə görmüşdür ki, evinə bir ailə köçüb. O, cavabdehə özünü təqdim edib demişdir ki, bu evin sahibidir, “Sizin mənim evimdə nə işiniz var, evə mənim icazəm olmadan necə daxil olmusunuz?” Cavabdeh ona bildirmişdir ki, Elməddin adlı makler onları evə köçürdüb, bu evi Elməddindən almışdırlar. O, cavabdehə bildirmişdir ki, bu evin sahibi odur, Elməddin bu evi Sizə necə sata bilər axı? O, cavabdehdən Elməddinə nə qədər pul ödədiyini soruşmuşdur. O bildirmişdir ki, Elməddinə 28.000 AZN pul verib, bu məbləğin 2.000 (iki min) AZN hissəsini 2 ay bundan qabaq “Xəzər” bağları adlanan ərazidə Elməddinin təmir və təhvil verəcəyi ev üçün ona vermiş, lakin sonradan Elməddin cavabdehə bildirib ki, həmin evdə guya bir nəfər şəxs özünə qəsd edərək doğrayıb, bu səbəbdən cavabdeh həmin evi almaqdan imtina etdiyi üçün Elməddin ona bu evi göstərərək bildirib ki, ev Elməddinindir, xırda tamamlama işləri başa çatdıqdan sonra cavabdeh ailəsi ilə birlikdə evə köçüb yaşaya bilər. O, cavabdehə əşyalarını götürüb evi tərk etməyi və Elməddinlə münasibətlərini aydmınaşdırmağı bildirmiş, cavabdeh buna etiraz etmiş və evi tərk etməyəcəyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq, Elməddin adlı şəxsin ona qarşı dələduzluq edərək, aldatdığını və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Onun müraciəti əsasında hazırda Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində təhqiqat aparılır. Polis bölməsində ona məlum olmuşdur ki, Elməddin bir neçə şəxsə qarşı dələduzluq edərək külli miqdarda maddi ziyan vurmuşdur və hazırda onun barəsində bir neçə təhqiqat işləri aparılaraq axtarışa verilmişdir. Nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil1 xx.xx.2022-ci il tarixli, 1161/2022 nömrəli sorğusuna əsasən Sumqayıt ŞPİ- nin 3-cü PB-də toplanmış NK-1/2094 nömrəli material üzrə sənədlərin surətləri onlara təqdim edilmişdir. Həmin materiala əlavə edilmiş cavabdehin izahatında da O, açıq aydın bildirir ki, evi ona Elməddin adlı şəxs satıb öz evi adı ilə, onunla cavabdeh arasında heç bir sövdələşmə və alqı-satqı olmayıb, cavabdeh ailə üzvləri ilə birlikdə özbaşına onun iradəsinə zidd ona məxsus evə giriblər və hazırda da evindən çıxmaq istəmirlər və onu da evinə buraxmırlar. Cavabdehin ailə üzvləri ilə birlikdə onun fərdi yaşayış evimi zəbt etdiklərini Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivi 1-ci məhəllədə yaşayan qonşuları: X1, X3, X8, X4, X6 da təsdiq edə bilərlər. Hazırda o, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun evinə heç bir hüququ yoxdur. Cavabdehin onun iradəsinə zidd evini zəbt etməsi və onu ora buraxmaması onun sahiblik hüquqlarınıı məhdudlaşdırır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh və onun ailə üzvlərinə qarşı mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki iş vardır. Cavabdeh tərəf olaraq qaldırılmış iddia tələbini qəbul etmir, onu tamamilə əsassız hesab edir və bildirmək istəyir ki, iddiaçı hazırki iddia tələbini qaldırmaq hüququ olmayan şəxsdir. Belə ki, onun özünün olduğunu iddia etdiyi evə hər hansı bir hüququnun olduğunu təsdiqləyən sübutu olmadığı və Cavabdeh yaşadığı evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığı halda o hazırki iddianı qaldırmış və həmin iddia tələbinə bununla bağlı hər hansı bir sənəd əlavə olunmamışdır. Qeyd edilən ev Sumqayıt şəhər Yaşıl Dərə yaşayış massivi, 1-ci məhəllədə yerləşir, lakin bu ünvanda minlərlə fərdi yaşayış evi tikilmiş və burada inşa edilən tikililər «özbaşına» tikililər hesab olunur. Cavabdeh özünə məxsus olan bina evini sataraq həyət evi almaq qərarına gəlmiş və bu məqsədlə Elməddin adlı şəxslə tanış olmuşdur. Elməddin ona əvvəlcə Sumqayıt şəhər Xəzər bağlar sahəsində ev təklif etmiş və həmin evi 20000 manata almaq barədə razılaşmış, lakin evin mübahisəli olduğunu görüb hazırki evi 28000 manata almaq barədə razılığa gələrək bu evi almışdır. Həmin evdə təmir işləri aparılmadığı üçün cavabdeh öz şəxsi vəsaiti hesabına evə təmir üçün materiallar almış, ustalar işlətmiş və onların zəhmət haqqını ödəmişdir. Ev yaşayış üçün yararlı vəziyyətə gətiriləndən sonra o ailə üzvləri ilə bu evə köçmüş və yaşadığı müddətdə də əlavə qalan işləri gördürmüşdür. Bu müddət ərzində iddiaçı bir dəfə də olsun onları narahat etməmişdir, bu evə görə Elməddinə pulun verilməsi ilə bağlı sübutlar vardır, eyni zamanda həmin evin hansı vəziyyətdə alındığını, sonradan həmin evdə təmir işlərinin aparıldığını və oraya kombi istilik sisteminin çəkildiyini təsdiqləyən şahidlər də vardır və həmin şahidlər məhkəmə prosesinə dəvət olunacaqlar. İddiaçı iddia tələbində qeyd edir ki, həmin evi o satmaq istəmiş və bu barədə Elməddinə demiş, Elməddin də evi sataraq ona 8000 manat beh pul vermiş, lakin qalan pulu verməmişdir. Bu fakt özü onu təsdiqləyir ki, iddiaçı «özünün» olduğunu bildirdiyi bu evi Elməddinə satmaq üçün vermiş və Elməddin də onun iradə ifadəsini həyata keçirməklə evi satmış, hətta ona 8000 manat beh də vermişdir. Cavabdeh həmin evi aldıqdan sonra orada bir müddət təmir işi aparmışdır, əgər həqiqətən də iddiaçı qalan pulu Elməddindən almamışdırsa, onda nə üçün evdə təmir gedən vaxt bir dəfə də olsun gəlib onu narahat etməmiş və Elməddinin ona pulu tam olaraq ödəmədiyini bildirməmişdir? Hətta artıq cavabdeh evə köçəndən sonra da iddiaçı bu ünvana gəlmiş, onun orada yaşadığını görmüş və «xeyirli olsun» demişdir, yəni iddiaçı cavabdehin evə köçərək orada yaşamasından məlumatlı olmuşdur, lakin evi qalan pulunun ödənilməməsi barədə cavabdehə deməmişdir. Bundan başqa artıq evdə təmir işləri gedən vaxt evin pulu Elməddinə tam olaraq ödənilmişdir. Bu evin sahibi kimi hamı Elməddini tanımışdır, hətta evdə təmir işləri gedən vaxt usta tapmaq, təmir üçün lazımi materialları almaq prosesində də Elməddin cavabdehin yanında olmuş, iddiaçı bir dəfə də olsun bu işlərə müdaxilə etməmişdir. Bu evi Elməddin öz evi kimi təqdim etmiş, lakin qonşuluqda olan evi iddiaçı ilə şərikli tikdirdiyini və bu səbəbdən də həmin evi baha satdıqlarını cavabdehə bildirmişdir. İddiaçı ilə Elməddinin arasında bu evə görə pulun ona ödənilib-ödənilməməsi ilə bağlı mübahisə varsa, iddiaçı Elməddinə qarşı pul tələbi iddiası qaldırmalıdır, lakin onun özünün ifadəsinə əsasən desək, «behini» aldığı evə köçürülən bir ailəni həmin evdən çıxarmaq barədə iddiasının hər hansı bir hüquqi əsası yoxdur. Əvvəla bu evin üzərində onun hər hansı bir hüququ qeydə alınmamışdır, 2-cisi onun iradə ifadəsinə uyğun olaraq bu tikili satılmış və dəyəri də onun etibar etdiyi şəxsə ödənilmişdir, belə olmasaydı, həmin evi Elməddin onlara göstərməzdi, evin dəyəri ilə bağlı razılaşma Elməddinlə aparılmazdı və behi Elməddin qəbul etməzdi, evi onlara Elməddin təhvil verməzdi, bu proseslərin hər hansı birində iddiaçı da iştirak edərdi. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı iddia ərizəsində qeyd edir ki,Elməddin sentyabr ayının 25-28-də onunla görüşərək evə alıcı tapdığını, həmin evi 28000 manata razılaşdığını və evi müştəriyə öz evi kimi təqdim etdiyini bildirmiş və 8000 manat aldığı behi də ona vermişdir. Onun öz ifadəsi ilə yanaşdıqda belə bir sual yaranır ki, əgər bu barədə məlumatlı idisə, onda nə üçün cavabdehlə görüşərək bu evin əsil sahibi olduğunu bildirməmiş, nə üçün Elməddinin cavabdehlə razılaşdığı qiymətə qane olmuş və 8000 manat məbləğində behi götürmüşdür?Yaxud da cavabdehlə görüşərək Elməddinə nə qədər pul verildiyini onunla dəqiqləşdirməmişdir? Bütün bunlar ona dəlalət edir ki, hazırki evin iddiaçıya hər hansı bir aidiyyəti olmamışdır, o Elməddinin həbs olunmasından sonra görünür, aralarında olan pul probleminin rahat həlli üçün evi alaraq həmin evə köçmüş bir ailənin evdən çıxarılmasını daha rahat bir üsul seçmişdir. Halbuki onun bu evə hər hansı bir hiiququ olmadığı üçün bu iddianı da qaldırmağa subyektiv hüququ yoxdur. Elməddinə bundan qabaq cavabdehə təklif olunan evə görə 2000 manat deyil, 20000 manat pul verilmiş, bunun da çəkilişi aparılmış və həmin çəkiliş sübut kimi məhkəməyə təqdim olunacaqdır. İddiaçı iddia tələbində bu evə sahiblik hüququnun olduğunu və bu hüquqdan çıxış edərək cavabdehin bu evdən çıxarılmasını iddia edir, əvvəla iddiaçının bu evə sahiblik hüququ mövcud deyildir, hətta əgər o bu evi tikmişdirsə belə, cavabdeh onun müvəkkil etdiyi şəxsə evin tam dəyərini ödəmiş və həmin evdə tamamlama- təmir işlərini öz şəxsi vəsaiti hesabına aparmaqla bu evə köçmüş və hazırda qeyd edilən ev onun sahibliyindədir. Bütün bunlar iddiaçının etiraf etdiyi kimi onun iradə ifadəsi əsasında həyata keçmişdir.( evin açarını satmaq üçün Elməddinə vermiş, Elməddindən 8000 manat behi qəbul etmiş, hətta Elməddinin özünü evin sahibi kimi cavabdehə təqdim etməsi ilə razılaşmışdır), cavabdeh vicdanlı əldə edən olmaqla bir alıcı kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. AR MM-nin 182-ci maddəsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.Göründüyü kimi hətta qeyd edilən ev iddiaçı tərəfindən tikilmişdirsə belə,cavabdeh həmin tikilinin dəyərini tam olaraq ödəmiş və həmin evə ailə üzvləri ilə köçərək orada yaşayır.İddiaçı beh aldığı və açarmı təhvil verdiyi evin cavabdeh tərəfindən guya «zəbt» edilməsi kimi ifadəsinin heç bir məntiqi əsası yoxdur. İddiaçı məhkəmədə hazırki iddianı qaldırdığı bir vaxtda cavabdehi ailə üzvləri ilə bu evdən çıxarmaq üçün hər bir qanunsuz yola əl atır, evə gələn ümumi qaz xəttini (həmin ərazidə onun da şərik olduğu digər evə ümumi xətt çəkilmiş və həmin xətt onun adınadır) kəsdirmiş, özbaşına həyətə çəkilən işıq xəttini qıraraq cavabdehin vəsaiti ilə alınan 20 metrlik işıq kabelini özbaşına aparmışdır və s. Bununla bağlı cavabdeh AR DİN-nin 102 qaynar xəttinə də şikayət etmişdir. Cavabdeh bu evi zəbt etməmiş, evin tam dəyərini ödəməklə bu evə daxil olmuş və evdə sonradan əlavə təmir işləri aparmaqla 7000 manata yaxın vəsait sərf etmişdir. İddiaçının qaldırmış olduğu bu iddia tələbi tamamilə əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Elməddini alqı-satqı vasitəçisi kimi tanıyır. Elməddin alıcıların, yənin onun evinə köçənlərin öz qohumları olduğunu demişdir. Elməddin evin satılmasına görə ilkin olaraq ona 8000 manat məbləğində pulu beh kimi vermiş, qalan 20000 manatı da ödəyəcəyini bildirmişdir. Qalan məbləğ oktyabr ayının 15-nə kimi ödənilməli idi. Ona ilkin olaraq 8000 manat beh verildiyinə görə Elməddinin qalan məbləği də ödəyəcinə inanmışdır. Daha sonra Elməddin ona kommunal xidmətləri cavabdehin adına rəsmiləşdirməyi təklif etmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Bu gün də kommunal xidmətlər onun adınadır. Daha sonra o, pulun qalan hissəsinin ödənilmədiyini üçün narahat olaraq Elməddinlə əlaqə saxlamağa çalışmışdır, lakin ona ayın 15-dən sonra zəng çatmamışdır. Sonuncu dəfə onunla oktyabr ayının 14 və ya 15-də əlaqə saxlamışdır. Sonra onun telefonu sönülü olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bildirir ki, Elməddin 15-20 gün axtarışda olmuş və hava limanında tutulmuşdur. Əlavə olaraq bildirir ki, onun evi tam təmirsiz olmamış, ev artıq oboy vurulmağına hazır vəziyyətdə olmuş, belə ki, divarlar ağardılmış, cavabdeh köçdükdən sonra oboy vurmuşdur. Bildirir ki, o evin iki kanalizasiya sisteminə 500 manat pul xərcləmişdir. Elməddin ona cavabdeh tərəfindən evdə təmir işləri apardığını demişdir. O, evində cavabdehin mübahisəli evdə təmir işləri apardığını görmüşdür. Onda olan məlumata görə Elməddin evi 5 nəfərə satıb, biri də cavabdeh olmuşdur. Cavabdehin Elməddinə 30000 manat pul verməyinin ona heç bir aidiyyatı yoxdur. Hazırda o, 20000 manat pulunun ödənilməsini tələb edir. Əlavə olaraq video çəkilişlə bağlı qeyd edir ki, çəkiliş zamanı pulun niyə verildiyi qeyd olunmur. Onu da qeyd edir ki, o, Elməddindən şikayətçi olmuş, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, müvəkkili dələduz birinə tuş gəlmişdir. Həmin şəxs - Elməddin Sadıqov təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunub, belə ki, o, 30-a yaxın adama zərər vurmuşdur. İddiaçı istintaqda zərərçəkmiş şəxs kimi tanınmışdır. Bildirir ki, mübahisəli yaşayış sahəsi sənədsizdir. İddiaçının həmin evə sənədi yoxdur, lakin cavabdehin də həmin mənzilə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının həmin evə sahiblik hüququ vardır. Cavabdeh evi aldığını bildirsə də, rəsmi qaydada hər hansı alqı-satqı baş tutmamışdır. Eyni zamanda məhkəmənin şahidlərin dindirilməməsi ilə bağlı qərarı ilə də razılaşmır. Hesab edir ki, şahidlər iş üçün əhəmiyyətli olan halları təsdiq edə bilərdi. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı cavabdeh tərəfindən mənzilə çəkilən xərclərinin əvəzini də ödəməyə razıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahata verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, mübahisəli evi almaq üçün 35000 manat məbləğində pul vermişdir. Hətta pul verilən zaman çəkiliş də olmuşdur. Bundan başqa evin təmiri üçün külli miqdarda xərc çəkmişdir. Bildirir ki, sentyabr 20-dən 25-ə kimi evi təmir etdirmiş və 25 sentyabrda evə köçmüşdür. Onu da qeyd edir ki, iddiaçı dəfələrlə onun həmin evdə təmir işlərini apardığını görüb, lakin məsələ ilə əlaqədar ona heç nə deməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinə dair izahata verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə araşdırması zaman məlum oldu ki, mübahisəli sənədin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş üzrə iddiaçı Elməddin Sadıqov barəsində başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan halda iddiaçı Elməddin Sadıqova qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, akta imza edənlər İddiaçı Sumqayıt şəhəri ”Yaşıl Dərə” yaşayış massivi, 1-ci məhəllədə, sahəsi 100 kv.m olan torpaq sahəsində, ümumi sahəsi 60 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etdiyini təsdiq etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1198 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 1-də yaşayır. İşdə olan bildirişdən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 1 ünvanına kommunal xidmətlərin göstərilməsi üçün xx.xx.2022-ci ildə Azərişıq ASC-yə müraciət etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlamışdır. İşdə olan xx.xx.2022-cil tarixli qərardan görünür ki, həmin qərar ilə İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-də toplanmış HK-1/998 nömrəli ilkin yoxlama materialının ********* nömrəli cinayət işinə əlavə edilib araşdırmasının davam etdirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar ilə İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının cavabdehin mübahisəli mənzildən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli yaşayış sahəsini üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəməyə yaşayış sahəsinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə İddiaçı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmaqla, X2 ona qarşı 20000 manat ziyan vurmaqla dələduzluq etməsi faktı məhkəmə hökmü əsasında təsdiqini tapdığı halda, ona qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaqla (eyni zamanda cinayət işinin icraatı çərçivəsində mülki iddia verməklə) məhkəməyə müraciət edə bilər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı sahiblikdən məhrumedilmənin aradan qaldırılması və yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar