Məhkəmə qərarları › İş №2(060)-3571/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3571/2024

10.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3571/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdeh qarşı «özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpağın boşaldılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində (şəhər yarmarkasının arxası) yerləşən bələdiyyə mülkiyyətinə aid 600 kvadrat metr torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş hər birinin sahəsi 75 kvadrat metr olan 4 ədəd özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin işçiləri tərərindən ərazidə aparılan mütəmadi yoxlamalar zamanı Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində (şəhər yarmarkasının arxası) sənaye təyinatlı torpaq sahəsində Cavabdeh bələdiyyə mülkiyyətinə aid edilmiş 600 kvadrat metr torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənəd olmadan zəbt etməsi və orada hər birinin sahəsi 75 kvadrat metr olan 4 ədəd fərdi yayaış evinin qanunsuz olaraq tikintisini apardığı faktı aşkar edilmişdir.Bu qanunsuz hərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarına və qanuni maraqlarına açıq şəkildə qəsd etmişdir. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi,həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan,şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla,ərazinin təyinatına uyğun olmadan tikinti işlərim aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikili torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyində, bu tikili özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bəliyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir.Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir ki,bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur. Tərəflərindən cavabdehə yol verdiyi qanunsuz əməllərə son qoyulması, zəbt edilmiş torpağın boşaldılaraq qanunsuz inşa edilmiş hasarın sökülməsi təklif edilsə də, cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam etdrməkdədir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, qeyd edilmiş ərazidə 4 ədəd ev tikmişdir. Həmin torpaq sahəsi əkin sahəsi olmuşdur. Ailə üzvlərinin sayı artdığına və yaşadıqları ünvan kiçik olduğuna görə öz evlərini satıb orada ev tikmişdir. Torpaq sahəsi ilə bağlı sənədi yoxdur. O, iddiaçı quruma həmin torpaq sahəsinə dair sənəd alması üçün şifahi müraciət etmişdir. Bu səbəbdən hazırda tikilinin sökülməsini istəmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan təqdimatın surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin əməkdaşları tərəfindən növbəti nəzarət zamanı, 50-ci məhəllə ərazisində (yarmarkasının arxasında) vətəndaş Cavabdeh tərəfindən 600 kv.m torpaq sahəsinin zəbt edilərək, hər birinin təxmini sahəsi 75 kv.m olan fərdi ev tikməsi aşkarlanmışdır. Torpaq sahəsi qanunamüvafiq qaydada ayrılmadığından vətəndaş Cavabdeh torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Adı çəkilən şəxs qanunun tələblərini icra etməkdən imtina etdiyi səbəbindən, yerində akt tərtib edilmişdir. İddiaçının iddia ərizəsindən və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmaqla, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsinin onun qanuni sahibliyində və ya istifadəsində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, müvafiq müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qanunsuz olaraq iddiaçının sahibliyində olan torpağı qanunsuz zəbt etmiş, orada qanunsuz olaraq evlır inşa etmişdir. İş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə görə bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində (şəhər yarmarkasının arxası) yerləşən bələdiyyə mülkiyyətinə aid 600 kvadrat metr torpaq sahəsinin boşaldılsın. Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində (şəhər yarmarkasının arxası) yerləşən bələdiyyə mülkiyyətinə aid 600 kvadrat metr torpaq sahəsində qanunsuz inşa edilmiş hər birinin sahəsi 75 kvadrat metr olan 4 ədəd özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülsün və torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar