Məhkəmə qərarları › İş №2(060)-3575/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3575/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3575/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh ilə nikah dövründə olarkən inşa edərək istifadə etdiyi Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 154 ünvanında təxminən 7 sot torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia ərizəsində məcburi köçkün kimi məskunlaşdığı fərdi yaşayış evinin 151 kimi oxunmasını və İddiaçı Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən, təxmini 7 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş arvadıdır. Onunla nikaha daxil olaraq ailə qurmuşdur və xx.xx.1995-ci il təvəllüdlü X1, xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 adlı üç övladları vardır. Cavabdehlə nikah dövründə təxminən 15 il bundan öncə Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında təxminən 7 sot torpaq sahəsinin ərazisində yerləşən 4 otaqlı, mətbəx, hamam, tualet otağı daxil olmaqla bir mərtəbəli, kürsülü, təxminən 150-160 kv.metr olan olan fərdi yaşayış evi inşa etmişdir. Ailəsi və uşaqları ilə birlikdə 2021-ci ilə qədər həmin ünvanda yaşamışdır. Bir ata kimi hər üç övladının təhsil almasını təmin etmək üçün müəllim tutmuşdur. Uşaqlardan qızı Günay Bakı Dövlət Universitetinə, oğlum İqar ADA Universitetinə qəbul olmuşdur. ADA Universitetinə qəbul olunan övladı İlqar İngilis dilində zəif bildiyinə görə ADA Universitetindən Bakı Dövlət Universitetinə dəyişdirilmişdir və hər iki övladı Bakı Dövlət Universitetini bitirmişdir. Digər övladı Aygün isə müəllim tutmağına, müxtəlif kurslara getməsinə baxmayaraq oxumaq istəməmiş və ali təhsil almamışdır. Cavabdehlə ailə münasibətləi 2020-ci ildən etibarən pisləşmişdir. Son olaraq aralarında olan nikah Qubadlı rayon qeydiyyyat şöbəsində 08 dekabr 2021-ci il tarixli razılıq ərizəsinə əsasəb xx.xx.2022-ci il tarixində pozulmuşdur. Bu haqda xx.xx.2022-ci il tarixdə AZ-İ№ 389010 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh tikdiyi evin müqabilində iddiaçıya və iddiaçının bacısına bir otaqlı mənzil alıb verəcəklərini söz vermiş, lakin bu günə qədər verdikləri vədə əməl etməmiş, nə iddiaçını şəxsi vəsaiti hesabına inşa etdiyi yaşadığı evə buraxmamış, nə də iddiaçıya həmin evi satmağına imkan verməmişlər. Ona görə də iddiaçı yaşamağa yeri olmadığından gah işlətdiyi dükanda, gah da bacısıgildə yataqxanada qalmışdır. Səhhəti ilə bağlı işləyə və icarə haqqını ödəyə bilmədiyindən dükan sahibi dəfələrlə iddiaçıdan dükanı boşaltmağını, oradan çıxmağımı tələb etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının Cavabdeh ilə nikah dövründə inşa edərək istifadə etdiyi Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında təxminən 7 sot torpaq sahəsinin ərazisində yerləşən 4 otaqlı fərdi yaşayış evinə böyük ehtiyacı vardır. Yaşamağa başqa yeri yoxdur. Yeni mənzil almağı və inşa etməyi maddi imkanının xaricindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təqdim etdiyi yazılı izahatının izahat kimi qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Yazılı izahatda qeyd edilmişdir ki, Cavabdeh onun keçmiş arvadıdır. Onunla nikaha daxil olaraq ailə qurmuşdur və xx.xx.1995-ci il təvəllüdlü X1, xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 adlı üç övladları vardır. Cavabdehlə nikah dövründə təxminən 15 il bundan öncə Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında təxminən 7 sot torpaq sahəsinin ərazisində yerləşən 4 otaqlı, mətbəx, hamam, tualet otağı daxil olmaqla bir mərtəbəli, kürsülü, təxminən 150-160 kv.metr olan olan fərdi yaşayış evi inşa etmişdir. Ailəsi və uşaqları ilə birlikdə 2021-ci ilə qədər həmin ünvanda yaşamışdır. Cavabdehlə ailə münasibətləi 2020-ci ildən etibarən pisləşmişdir. Son olaraq aralarında olan nikah Qubadlı rayon qeydiyyyat şöbəsində 08 dekabr 2021-ci il tarixli razılıq ərizəsinə əsasəb xx.xx.2022-ci il tarixində pozulmuşdur. Cavabdeh tikdiyi evin müqabilində iddiaçıya və iddiaçının bacısına bir otaqlı mənzil alıb verəcəklərini söz vermiş, lakin bu günə qədər verdikləri vədə əməl etməmiş, nə iddiaçını şəxsi vəsaiti hesabına inşa etdiyi yaşadığı evə buraxmamış, nə də iddiaçıya həmin evi satmağına imkan verməmişlər. Ona görə də iddiaçı yaşamağa yeri olmadığından gah işlətdiyi dükanda, gah da bacısıgildə yataqxanada qalmışdır. Səhhəti ilə bağlı işləyə və icarə haqqını ödəyə bilmədiyindən dükan sahibi dəfələrlə iddiaçıdan dükanı boşaltmağını, oradan çıxmağımı tələb etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının Cavabdeh ilə nikah dövründə inşa edərək istifadə etdiyi Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında təxminən 7 sot torpaq sahəsinin ərazisində yerləşən 4 otaqlı fərdi yaşayış evinə böyük ehtiyacı vardır. Yaşamağa başqa yeri yoxdur. Yeni mənzil almağı və inşa etməyi maddi imkanının xaricindədir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən ev nikah dövründə tikilmişdir, amma iddiaçı tərəfindən həmin evin tikintisinə vəsait qoyulmamışdır. Torpaq sahəsi cavabdehin atasının olmuşdur ki, həmin torpaq sahəsi bir hissəsi satılmış və bu satışdan əldə olunan vəsaitlə sözügedən ev tikilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, tərəflər valideynləridir. Atasının, yəni iddiaçının maddi imkanı zəif olmuş, belə ki, ev tikmək iqtidarında olmamışdır. Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən torpaq sahəsi üzərindəki ev təxminən onun 8-9 yaşı olanda, 3-cü və ya 4-cü sinifdə oxuyarkən tikilmişdir. Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən torpaq sahəsi babasının, yəni anasının atasının olmuş, həmin torpaq sahəsi ətrafında da dayısı, xalası, babasının qohumları qalmışdır. Sözügedən ev 15 ilə ərsəyə gəlmişdir. İlk növbədə 1 otaq tikilmişdir və onlar uzun müddət 1 otaqda yaşamışlar. Evin hazırda mövcud olan 4 otağı birdən-birə deyil, hissə-hissə tikilmişdir. Evin təmirini də 2018-ci ildə özü eləmişdir, belə ki 19 yaşından işləyir. Ətraf torpaq sahələrinin satılmasından əldə olunan pulla, babası və dayısının köməkliyi ilə ev tikilmişdir. Atası götürdüyü kredit üzrə ödəniş etmədiyindən “Turanbank” məhkəməyə müraciət etmiş və kredit üzrə borc məhkəmə qətnaməsi ilə zaminlərdən – xalası və anasının əmisi oğlundan da tutulduğundan, məcbur qalıb atasının kredit borcunu ödəmişdir. Anası 5000 manatı atasına evdən uzaqlaşması, onlarınarahat etməməsi üçün vermişdir. Bankdan 10000 manat kredit götürülmüşdür ki, həmin 5000 manat da o puldan atasına onun bacısı və bacısı oğlunun yanında verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iş üzrə hər iki tərəfi tanıyır, qonşu olmuşlar. 2008-ci ildən Sumqayıt şəhəri, X12, məhəllə 49 ünvanında yaşayır. Tərəflərin qaldığı evlə özünün hazırda yaşadığı ev arasında 1-2 ev var. Qaldığı evin yerləşdiyi torpaq sahəsini Elnarənin atası Şamildən almışdır, amma torpaq sahəsini neçəyə aldığını xatırlamır. Sumqayıt şəhəri, X12, məhəllə 49 ünvanından torpaq sahəsini aldığı vaxt Cavanşirlə Elnarə həmin ərazidə yaşamışdır. Cavanşirlə Elnarəyə Sumqayıt şəhəri, X12, məhəllə 49 ünvanında yerləşən torpaq sahəsini Elnarənin atası Şamil vermişdir. Həmin torpaq sahəsi üzərindəki evin otaqlarının tikintisinə Elnarənin atası Şamil köməklik etmişdir. Evin tikintisinə pulu kimin xərclədiyini isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, İddiaçı onun dayısıdır. Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən fərdi yaşayış evini, ailə başçıları tikmişdir, evin tikintisinə dayısının qayınatası da köməklik etmişdir. Borcu olduğundan və işi ilə əlaqədar pul lazım olduğundan dayısına 5000 manat verilmişdir. Həmin 5000 manatı da dayısının arvadı Elnarə ona vermiş, o da öz növbəsində həmin vəsaiti dayısı Cavanşirə çatdırmışdır. Bundan başqa, dayısı arvadı Elnarə ilə evin satılması, evin satışından əldə olunan pulun aralarında bölünməsi və Elnarənin dayısı Cavanşirə verdiyi 5000 manatın dayısına çatası puldan çıxılaraq qalan pulun dayısına verilməsi barədə danışmışlar. Dayısına borcuna görə pul lazım olduğundan o, evin tez satılmasını istəmişdir. Elnarə də evin tez, lakin ucuz qiymətə satılmasını istəmədiyindən ona 5000 manat pul vermişdir. 5000 manat dayısına onun evdən birdəfəlik əl çəkməsi üçün verilməmişdir. Dayısı arvadı Elnarə evin yaxşı qiymətə satıldıqdan sonra əldə edilmiş vəsaitdən dayısına veriləcəyi barədə vəd versə də, həmin vədə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, Cavanşir qonşuluqda yaşayır. 2004-cü ildən Sumqayıt şəhəri, X12, məhəllə 49 ünvanına köçmüşdür, amma polis işlədiyindən və qeyd edilən ərazi 1-ci Polis Bölməsinin xidməti ərazisi olduğundan, xidməti ilə əlaqədar hər gün həmin ərazidə olmuşdur. Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən torpaq sahəsi Elnarənin atası Şamilin olmuş, həmin torpaq sahəsi üzərində yerləşən evin tikintisinə Elnarənin atası Şamil və qardaşı Eldar köməklik etmişdir. Elnarənin atasını və qardaşını tanıyır. Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən torpaq sahəsi üzərindəki ev əsasən Elnarənin atasının, qardaşının vəsaiti hesabına tikilmişdir. Cavanşir bazarın yaxınlığında ət satışı ilə məşğul olmuş, içki aludəçisi olmuşdur. Cavanşirin belə hərəkətləri işə bütün qonşuları bezdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, tərəflər valideynləridir. Babası, yəni anasının atası dayısına, xalasına və onlara torpaq sahəsi vermişdir. Sonra həmin torpaq sahələri satılmış və həmin torpaq sahələrinin satışından əldə olunan pulla otaq-otaq olmaqla babasının və dayısının köməkliyi ilə Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən fərdi yaşayış evi tikilmişdir, həmin evin suvağını da keçən il vurmuşlar. Lap əvvəl isə, hələ uşaq olarkən həmin sahədə dayısına məxsus dəmir vaqonda yaşamışlar. Atası 2 il bundan əvvələ kimi sözügedən dəmir vaqonda yaşamışdır. Atası anasını 20 yanvar metrostansiyası yaxınlığında döymüş və həmin işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmışdır. Anası onun və bacısının işinə görə problem olmasın deyə atasını bağışlamış və atası cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Bacısı atasının banka olan 1800 manat borcunu ödəmişdir. Atası evdən çıxdıqdan sonra borcları olduğunu, işləyə bilmədiyini bildirərək pul istəmiş, bibisi oğlunun vasitəsilə anası atasına 5000 manat verməyə razılaşmışlar. 5000 manat pul atasına verilərkən şərt qoyulmuşdur ki, kommunal xidmətlər anasının addına keçiriləcəkdir. Sözügedən ev sənədsizdir, hazırda da faktiki olaraq satışdadır, amma ev sənədsiz olduğuna görə heç kəs həmin evi almaq istəmir. Evin satışdan əldə olunan pul 5 nəfər arasında bölünəndən sonra həmin puldan atasına düşən hissə ona verilməli idi. Bibisi oğlu ilə aralarında belə bir söhbət olmuşdur ki, evin satışından əldə olunan pul bölünəndən sonra atasına düşən hissə ona veriləcəkdir. Amma atası məhkəməyə müraciət etdikdən sonra bibisi oğluna zəng edərək artıq həmin söhbətin qüvvədə olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Sumqayıt Telekommunikasiya Qovşağının verdiyi xx.xx.2023-cü il tarixli məlumat məktubundan görünür ki, (018) ******* saylı telefon xx.xx.2012-ci ildə 49-cu məhəllə, ev 51 ünvanına İddiaçı adına çəkilmişdir. xx.xx.2015-ci ilədək həmin ünvanda İddiaçı adında olaraq işləmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayıt Sukanal” İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumat məktubundan görünür ki, 49-cu məhəllə, ev 325 (kod **********000) ünvanı xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı adına qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixində 726674 saylı mexaniki su sayğacı quraşdırılmışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 nəfər ailə tərkibi ilə məcburi köçkün limitindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan Cavabdeh adına qeydiyyata alınmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 14-2-2-6/2-437/2023 saylı, xx.xx.2023-cü il tarixli məlumat məktubundan görünür ki, İddiaçı və Cavabdeh ünvanı ünvan 4eydiyyata alınmışdır. (abonent kodu: **********00000). Bazada olan məlumata əsasən təbii qaz istehlakçısı kimi ünvan xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına olmuşdur. xx.xx.2022-ci il tarixdən isə Cavabdeh adınadır və təbii qazın dəyərinin ödənilməsi həmin abonentlər tərəfindən aparılmışdır. - "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 50-01/265 saylı məlumat məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanındakı mənzil məlumat bazasında xx.xx.2006-cı il tarixində **********0066 kodla qeydiyyata alınmışdır, xx.xx.2022-ci il tarixində Cavabdeh adına “ASAN XİDMƏT” mərkəzi tərəfindən dəyişdirilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış zamanı məlum olmuşdur ki, diskdə 1 ədəd videogörüntü mövcuddur. Həmin videogörüntüdə İddiaçı əlində kəsici alət ailə üzvləri ilə mübahisə etdiyi görünür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; İddiaçı iddia etdiyi Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 köçürülməyi tələb etsə də, həmin mənzilə hər hansı bir hüququnun olması müəyyən edilmir. Belə ki, iddiaçı qeyd edilən mənzilin nikah dövründə özü tərəfindən tikildiyini bildirir. Lakin şahid ifadələri və işin məhkəməyə tərəfindən araşdırılan halları ilə Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151-in Cavabdeh atasının ona verdiyi torpaq sahəsinə, torpaq sahəsinin bir hissənin satılmasından əldə edilmiş vəsait hesabına tikildiyi məlum olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

qət etdi : İddiaçı Sumqayıt şəhəri, X12, məhəllə 49, ev 151 ünvanında yerləşən, təxmini 7 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar