Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3577/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kərimova Aynurə Zahid qızının iştirakı ilə, İddiaçı cavabdeh Kərimova Aynurə Zahid qızına qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 1 ünvanda yerləşən mənizlə istifadə hüququnun tanınaraq, həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. Həmin mənzil 2002-ci ildə əldə edilərkən iddiaçı cavabdehlə artıq faktiki nikah münasibətlərində olmuşdurlar. Onların 2001-ci il təvəllüdlü övladı dünyaya gəlmişdir. Həmin vaxta qədər onlar kirayədə yaşamışdırlar. Birgə yaşamaları və uşaqlarının dünyaya gəldiyi üçün iddiaçı mənzil almaq qərarına gəlmiş və 7000 ABŞ dollar dəyəri olan bu mənzili tapmışdırlar. Mənzilin alqısatqısı həyata keçirilərkən iddiaçı işi ilə əlaqədar olaraq notariat kontoruna gələ bilməmişdir və bu zaman arvadı olan cavabdehi göndərmiş və müqavilə onun adına bağlandığı üçün mənzil onun adına rəsmiləşdirilmişdir. Lakin həmin mənzilin dəyərini iddiaçı ödəmişdir. Nə həmin zaman, nə də birgə yaşadıqları bütün illər ərzində cavabdeh işləməmiş, hər hansı bir maddi vəsaitəyə malik olmamışdır. Ona görə də bu mənzil də onların birgə mülkiyyəti sayılmalı və payları müəyyən edilməlidir. İddiaçı qeyd edir ki, bu müddət ərzində onlar daim həmin mənzildə yaşamış və o bu illər ərzində mənzilin sahəsini və dəyərini artıran təmir işləri aparmışdır. Belə ki, mənzilin sənədlə sahəsi 43,84 kv.metr olduğu halda iddiaçı həmin mənzildə 18 kv.metrlik mətbəx, 30 kv.metr qonaq otağı, qonaq otağının altında 30 kv.metr zirzəmi artırmışdır. Bu artırmalara 20.000 manat vəsait xərcləmişdir. Mənzildə 2 dəfə rekonstruksiya işləri aparmışdır. 1-ci dəfə 6000 manat, 2-ci dəfə avrotəmirə 5000 manat vəsait xərcləmişdir. Bütün bu illər ərzində mülkiyyətçi olan həyat yoldaşı ilə bir ailədə birgə təsərrüfat idarə etməklə və övladını böyütməklə ailə üzvü mənzildə yaşamaqla mənzildən istifadə hüququ qazanmışdır. Cavabdeh Kərimova Aynurə Zahid qızı etirazla müraciət edərək, 2(060)-3577/2024 saylı mülki iş üzrə İddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 17A/16 saylı evin, 16 saylı mənzilinə istifadə hüququna tanınaraq mənzilə köçürüləsi barədə qətnamə qət olunmasını xahiş etmişdir. Cavabdeh hazırda İddiaçı iddia tələbini qəbul etmir və hesab edir ki, iddia qanunsuz və əsassızdır. Ona görə də hazırki etiraz ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Etiraza əlavə olunmuş çıxarışdanda görünür ki, Abşeron rayonu, Novxanı kəndinə yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,08 ha olan torpaq sahəsinin 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Kərimova (Hüseynova) Aynurə Zahid qızına məxsusdur. Həmçinin etiraza əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinə təqdim etmək üçün cavabdehə verilmiş xx.xx.2024-cü il tarixli 200 nömrəli Novxanı bələdiyyəsinin arayışında qeyd olunur ki, həqiqətən ********** qeydiyyat nömrəsi ilə İddiaçı və ********** qeydiyyat nömrəsi ilə Kərimov (Hüseynova) Aynurə Zahid qızının mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi S.Aslan küçəsində yerləşir. Göründüyü kimi hazırki sənədlər iddiaçının iddia ərizəsində qeyd etdiyi faktları təqzib edir. Ona görə də Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçı Hüseynova Elman Yusif oğlunun hazırki iddia tələbinin təmin olunmaması barədə qətnamə qət olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iki ev qurub tikdiyini, bütün xərcləri özünün çəkdiyini bildirdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Kərimova Aynurə Zahid qızı iddia tələbini qəbul etməyərək, evin şəxsi evi olduğunu, kiminsə gəlib orada yaşamasına razı olmadığını bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 15 may 2002-ci il tarixdə alqı-satqı əsasında Kərimova Aynurə Zahid qızına keçmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kərimova Aynurə Zahid qızı ünvan 1 üzrə qeydiyyatdadır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1548/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-519/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı şikayəti təmin olunmamışdır. Qətnamədə görünür ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2-da yerləşən mənzilin və iddia ərizəsində göstərilən əmlakların Cavabdeh ilə aralarında bölünərək paylarının 1/2 hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-519/2023 saylı qətnaməsi iləiddia qismən təmin edilərək daşınar əmlaklarda tərəflərin payı müəyyən edilmiş, ünvan 2-da yerləşən mənzilin Cavabdeh ilə İddiaçı arasında bölünərək paylarının 1/2 hissədə müəyyən edilməsi hissəsində iddia tələbi rədd edilmişdir. - xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Kərimova Aynurə Zahid qızı arasındakı nikaha Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. - ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha yaşayış məntəqəsi torpaq sahəsinin ½ hissədə mülkiyyətçisi İddiaçıdur. - cavabdehin təqdim etdiyi fotoşəkildə 2 yaşayış mərtəbəsindən və 1 mansard mərtəbəsindən ibarət villa tipli fərdi yaşayaış evinin görüntüsü var, cavabdeh bildirir ki, qeyd edilən fərdi ev Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha yaşayış məntəqəsi torpaq sahəsində iddiaçı ilə birlikdə inşa etdikləri evdir. - DİN-dən təqdim edilmiş ******* saylı Arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 2-da qeydiyyatdadır. - elektron məhkəmə vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ilə Kərimova Aynurə Zahid qızı arasındakı nikah pozulduqdan sonra, İddiaçı digər şəxslə nikaha daxil olmuşdur və hazırda nikahdadır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzilə 2002-ci ildə köçmüş, 2006-cı il tarixdən qeydiyyata düşmüş, 2021-ci ilədək orada yaşamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərardan görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, - şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə araşdırma zamanı müəyyən edilir ki, iddiaçı cavabdehlə xx.xx.2004-cü il tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Mübahisəli mənzil xx.xx.2002-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən cavabdeh Kərimova Aynurə Zahid qızının mülkiyyətinə keçmişdir. İddiaçı 2002-ci idən həmin məzilə köçüb yaşasada, 2006-cı ildə qeydiyyata düşmüşdür Tərəflərin nikahı pozulduqda sonra iddiaçı mübahisəli mənzildə payının müəyyən edilməsinə dair məhkəməyə müraciət etsədə, onun iddia tələbi təmin edilməmişdir. İdiaçı ilə cavabdehin paylı mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha yaşayış məntəqəsi torpaq sahəsi və üzərində fərdi yaşayış evi vardır. İddiaçı 2021-ci il tarixdən özü mübahisəli mənzildən köçüb getmişdir. Hazırda iddiaçı digər şəxslə nikahdadır. İddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənizlə istifadə hüququnun tanınaraq həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı ünvan 1 ünvanda yerləşən mənizlə istifadə hüququnun tanınaraq həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3577/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3577/2024
17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver