Məhkəmə qərarları › İş №2(060)-3581/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3581/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3581/2020 14.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X3 üçüncü şəxs qismində işə cəlb etməklə “mənzilə istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X3 üçüncü şəxs qismində işə cəlb etməklə “mənzilə istifadə hüququna xitam verməklə pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, 25 saylı otağa olan istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017ci il tarixli 377 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14 MKTİBnin balansına verilmişdir. 14 saylı yataqxananın 25-ci otağında 2015-ci ildən X4 yaşayır. Cavabdehlər Cavabdeh1 Sarvad oğlu və onun həyat yoldaşı Cavabdeh2 həmin otaqda qeydiyyatdadırlar. Cavabdehlər həmin mənzildə qeydiyyatda qalsalar da, yaşayış yerləri məlum deyildir. Faktiki olaraq Cavabdeh1 və onun həyat yoldaşı 25 saylı otağa olan yaşayış hüquqlarını 2015-ci ildən itirmişlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin xx xxxxxx 2007-ci il tarixli, 18 №-li əmrindən görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 14 №-li yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin (22 saylı MİS) balansına verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Sahəsi İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14 ünvanında xx.xx.2008-ci il tarixdən qeydiyyatdadırlar, lakin yaşamırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşamasıüçün nəzərdə tutulur. 101.1-ci maddəyə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 100.3-cü maddəyə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 82.3-cü maddəyə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasıüçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ bağlandığı vaxtdan həmin şəxslərin köçdükləri gündən itirilmiş sayılmalıdır. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, 25 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olmamaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakiməti orqanı tərəfindən həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, 25 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar