Məhkəmə qərarları › İş №2(060)-3587/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3587/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3587/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə vəfat etmiş atası X1 və xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabdeh orqana müraciət edilməsi müəyyən edilməyərək, mübahisə üzrə tələbə cavab verməli olan şəxsin dairəsini düzgün müəyyən etməmişdir. Bundan əlavə ərizəçinin yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən arayış iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunmur. Bundan əlavə ərizəçi yaşayış yeri üzrə aidiyyət qaydalarına əməl etməklə məhkəməyə müraciət etməlidir. Bundan əlavə məhkəməyə müraciət etməzdən əvvəl müraciət etdiyi Tərtər Rayon Notariat orqanı qərarı qəbul edərkən müddəti ötürdüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Müddətin bərpası xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə hesab edir ki, iddia cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda, işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, Ərizəçi yuxarıda qeyd olunan tələblərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar