Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3593/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən, 64 saylı evin, 71-ci mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında gösərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən, 64 saylı evin, 71-ci mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qaynıdır, öz razılığı ilə mənzilinə qeydiyyata salmışdır. Hazırda qaynı mənzildən qeydiyyatdan çıxmağa razıdır. Ona görə də məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, İddiaçı razılığı ilə mənzilə qeydiyyata düşdüyünü, hazırda mənzildən qeydiyytdan çıxmağa razı olduğunu bildirmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərə aralarında mübahisə olmadığından hazırkı tələbə məhkəmədə baxılmalı olmadığını izah edərək məsələnin məhkəmədən kənar həlli üçün vaxt vermişdir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin məhkəmə iclasında tədqiqi zamanı Cavabdeh mübahisəli Sumqayıt şəhəri, 42-ci məhəllə, 64 saylı evin, 71 saylı mənzilində yaşamaması, istifadə hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddialara şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda məhkəmədə baxılması mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Həmin qərara əsasən yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 N-li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-263 və 264-cü maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3593/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3593/2021
07.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver